"Çünki onun yürütdüyü siyasət regionun iqtisadi inkişafına mənfi təsir edir"
SSRİ-nin çöküşündən sonra yaranan və hələ də həllini tapa bilməyən əsas problemlərdən biri də Xəzər dənizinin hüquqi statusu ilə bağlıdır. Bir daha xatırladaq ki, bu məsələdən daha çox əziyyət çəkən Azərbaycan tərəfidir.
Çünki bu hal dənizdə sərhədlərin tam müəyyən edilməsinə maneə yaratmaqla yanaşı, həm də müəyyən yataqların işlənməsinin qarşısını alır. Məsələn, Rusiya və İran üzündən "Transxəzər"in çəkilişi hələ də həyata keçmir. Halbuki, Moskvanın bu istiqamətdə həyata keçirdiyi siyasət indi Rusiyanın özündə də sərt tənqid hədəfinə çevrilir. Burada getdikcə daha açıq fikirlər səslənir ki, Rusiya Xəzəri hərbiləşdirmək əvəzinə, dənizdə digər sahilyanı ölkələrlə iqtisadi əməkdaşlığı inkişaf etdirsə, daha çox mənfəət əldə etmiş olar.
Rusiyanın "gazeta.ru" saytı yazır ki, Rusiyanı idarə edənlərin Xəzər dənizinə marağı uzun müddət hər şeydən əvvəl Şimali Qafqazda sabitliyi təmin etmək istəyi ilə bağlı olub. Amma qeyd edilir ki, Xəzər donanmasının Çeçenistan və Dağıstanda döyüş hərəkətlərində iştirak dərəcəsi ilə Suriyada döyüş əməliyyatlarına cəlb edilməsini müqayisə etmək çox çətindir: "Rusiya Xəzər dənizinin akvatoriyasından Suriyadakı döyüşçülərin mövqelərinə raketlərlə sarsıdıcı zərbələr vurub. Hazırda Rusiyanın Xəzər donanması 60-dan çox hərbi gəmi və kater, həmçinin təxminən 20 min şəxsi heyətdən ibarətdir. Rusiya bu baxımdan Xəzəryanı ölkələrin bütün qalan hərbi donanmalarını üstələyir. Keçmiş vaxtlarda Xəzər dənizi Rusiyanın hərbi və iqtisadi ekspansiyasının əsas istiqamətlərindən biri idi. Məhz burada Rusiyanın hərbi donanması yaranırdı və məhz Xəzər dənizinin sərvətləri Rusiyanı planetin aparıcı energetika dövləti etdi".
Rusiyanın özündə Moskvanın Xəzərdə həyata keçirdiyi siyasətin tənqid olunmasını və başqa alternativin təklif edilməsini necə xarakterizə etmək olar?
AMİP katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, məlum olduğu kimi, Xəzərin statusu barədə razılaşma indiyə kimi əldə edilməyib: "Bununla bağlı yekun razılaşmanın 2016-cı ildə Astanada keçirilməsi planlaşdırılan 5-ci sammitdə imzalanması gözlənirdi, ancaq sonradan tədbir 2017-ci ilə keçirildi. Hazırda Bakı, Aktau, Türkmənbaşı və Bəndər-Ənzəli limanlarının yük dövriyyəsi bir neçə milyon tonla hesablanır. Nəticədə Xəzərdə yüklərin daşınmasının əsas marşrutları Azərbaycan-Qazaxıstan-Türkmənistan-İran dördbucağının perimetri üzrə uzanır. Rusiyanın daxilində belə tənqidi fikirlərin yer alması təbiidir. Çünki Rusiya Xəzər akvatoriyasında daha çox hərbi üstünlüyünü nümayiş etdirmək istəyir. Ancaq həmin ətrafda olan ölkələrlə iqtisadi əlaqələrin sürətləndirilməsi Rusiya və başqa Xəzəryanı ölkələr üçün daha böyük effekt verə bilər. Düşünmürəm ki, Xəzərdə kimsə Rusiya ilə hərbi münaqişəyə girməkdə maraqlı olsun. Xəzər qapalı dəniz olduğu üçün ora kənardan müdaxilə də mümkün deyil. Bu səbəbdən də Rusiyanın haqlı tənqidlərdən nəticə çıxarması lazımdır. Çünki onun yürütdüyü siyasət regionun iqtisadi inkişafına mənfi təsir edir".