Siyasətçi peşəsini və siyasəti şou-bizneslə səhv salanlar var

Əli Orucov: "Belələri də tədricən siyasət meydanını tərk etmək zorunda qalacaqlar"

"Bəzi siyasilərimiz isə "köhnə palan içi tökməklə" məşğuldur"

Son vaxtlar siyasi çevrələrdə, xüsusilə bəzi müxalifət partiyaları arasında qəribə tendensiya müşahidə edilir. Belə ki, siyasətçilər siyasi proseslərlə məşğul olmaqdan daha çox, tarixi araşdırmalar aparmaq, hansısa tarixi şəxsiyyət barədə mənfi fikirlər səsləndirməyə üstünlük verirlər. Bu isə digər siyasi partiyalarda narazılıq yaradır. Beləliklə, partiyalar və onların rəhbərlikləri arasında ciddi söz savaşına start verilir. Artıq bir aya yaxındır ki, bir neçə partiya arasında bu cür gərginlik müşahidə edilir. Bəs görəsən, siyasi partiya rəhbərlərinin bu addımı həmin prosesi seyriçi mövqeyindən izləyən digər partiyalarda hansı qənaəti formalaşdırır. Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə AMİP rəsmisi müxalifət partiyaları arasında mövcud olan münasibətlərdən də danışıb.

-Əli bəy, son vaxtlar siyasi çevrələrdə yenidən arzuedilməz proseslər müşahidə edilir. Daha doğrusu müxalifət partiyaları arasında bir-birini hansısa ölkəyə işləmək kimi ittihamlar səslənir. Ümumiyyətlə, belə bir vəziyyətin yaranmasını necə qarşılayırsınız?

-Siyasi çevrələrdə dediyiniz arzuedilməz prosesin müşahidə edilməsi yeni deyil. Çox təəssüflər olsun ki, belə hallar hər zaman olub və bundan sonra da davam edəcəyini proqnozlaşdırmaq çətin deyil. Hələ bundan da qarşılıqlı sərt ittihamlara rast gəlmişik. Kimin kiminlə ədavəti, qərəzi, düşmənçəliyi varsa, bunu mətbuat səhifələrinə çixarır, siyasi müstəviyə daşıyır. Siyasi münsibətlərlə şəxsi münsibətlər arasındakı sərhədlər itir, nəticədə həm siyasi proseslərə, həm də siyasətə qarşı neqativ yanaşmalar yaranır. Cəmiyyətdə siyasətçiyə, siyasət elminə, ümumilikdə siyasətə qarşı xoş olmayan, inamsız, bəzən isə ikrahedici hisslər formalaşır. Yaxşı olardı ki, kimin kiminlə şəxsi problemləri varsa təklikdə və ayrı üsulda həll etsin. Bu kimi qarşılıqlı ittihamların cəzasını isə hamı çəkməli olur. Necə deyərlər qurunun oduna yaş da yanır. Kənardan seyr etdikdə doğrudan da açınacaqlı mənzərə yaranır. Bu gün Azərbaycan siyasətində olan şəxslərin hansına çamur atılmayıb, böhtan deyilməyib ki? Müxalifətin bir-birini sıradan çıxarmaq taktikası hələ də işlədilməkdədir. Mən demirəm ki, siyasilərimiz, yaxud da siyasi partiyaların hamısı "aydan arı, sudan durudurlar". İçlərində milli və dövlət maraqlarının əleyhinə, fəaliyyət göstərənlər, hansısa xüsusi orqanlara işləyənlər ola bilər. Lakin bunları ölkənin xüsusi xidmət və hüquq-mühafizə oraqanları tapıb işa etməli, onlar barəsində hüquqi ölçü götürülməlidir. İndiyədək mən belə bir hala rast gəlməmişəm və eşitməmişəm. İqtidarın özü də müxalifət daxilində bu cür "qaydasız döyüşlərin davam etdirilməsinə və qızışdırılmasına maraqlıdır. Belə olduqda həm müxalifətin başı daxili ziddiyyətlərə, çəkişmələrə qarışır, həm bir-birilərini zəiflədirlər. Eyni zamanda siyasətçilərə, partiyalar və siyasətə qarşı mənfi münsibət yaranır. Ona görə də hakimiyyətdəki sponsorlarından asılı vəziyyətdə olan siyasi partiyalar arasında elan olunmamış müharibə getdikcə daha şiddətli xarakter alacaq, Nə yazıqlar ki, bir çox siyasilər və partiya funksionerləri də təəssübkeşlik prizmasından yanaşaraq hadisələrin və baş verənlərin əsil mahiyyətini və kökünü anlamadan özlərini qarşılıqlı ittihamların və gözdənsalmaların alətinə çevrilməsinə imkan yaradırlar.

-Baş verən həmin proseslər bəzi partiya sədrlərinin tarixi araşdırmalar aparmasından sonra meydana gəldi. Biri hansısa tarixi şəxsiyyəti aşağıladı, digəri ona yüksək ehtiram göstərdi. Ümumiyyətlə, siyasətçilərin tarixi araşdırmalar apararaq belə bir gərginlik yaratması nə dərəcədə məntiqlidir?


-Tarixi araşdırmalar, polemikalar və mübahisələr aparmaq tarixçilərin işidir. Tarixə də tarixi şəxslərə və proseslərə də baxışlar fərqli ola bilər. Bu normaldır. Normal olmayan odur ki, bunun bəzən əndazəsinin aşılmasını görürük. Tarixi şəxslərə, irsimizə, qərəzli yanaşmalar sərgilənir. Həqiqətin çəkişmələrdə üzə çıxarılmasının tərəfdarıyam. Amma bu da gərək sağlam və qarşılıqlı hörmət əsasında qurulsun. Yoxsa kiməsə qarşı nifrət, ayrımcılıq, təfriqəçilik xarakteri almamalıdır. Siyasətçinin üzərində daha məsul vəzifələr var. Bəzi siyasilərimiz isə "köhnə palan içi tökməklə" məşğuldur. Mənasız mübahisələrə girişirlər və bu o qədər uzağa gedir ki, bir-birilərini təhqirə, aşağılamalara keçirlər. Hansısa tarixə şəxsiyyətə, yaxud da tarixi hadisəyə münsibət bildirmək olar, amma ucundan tutub ucuzluğa getmək düzgün deyil. Kimin nə deməsindən asılı olmayaraq tutaq ki, Babəkin, Şah İsmayılın və yaxud da digər tarixi şəxsiyyətlərin tariximizdə yeri, mövqeyi və rolu silinməzdir. Bunun üzərində təzədən müzakirə açmaq yersiz və mənasızdır. Bəzi siyasətçilərimiz gündəmdə qalmağın bir yolunu da qalmaqallarda, mətbuatda çəkişmələrdə gördüyündən belə üsullardan mütəmadi istifadə edirlər. Mən belələrinə bekarçılıqdan özlərinə iş yaratmaq kimi baxıram.

-İndi də bəzi siyasilər İrana işləməkdə ittiham edilir. Ümumiyyətlə, müxalifət partiyalarından İranın maraqlarına xidmət edən varmı?

-Mənim bu barədə heç bir sübutum, dəlilim yoxdur. Ona görə də kimin hara və kimə işləməsini deyə bilmərəm. Bu məsələri ölkənin xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları araşdırmalı, axtarıb tapmalı və ifşa edərək qanuni cəzasını verməlidir.

-Sizcə, bu cür müzakirələr partiyaların gündəmdə qalmasına hesablanmayıbmı?

-Gündəmdə olmağın daha məqbul və pozitiv üsulları var. Belə ucuzluqla gündəmdə qalmaq ancaq cılız adamlara xas olan vərdişlərdi. Qarşısına böyük ideyalar və məqsəd qoyan siyasi qurumlar və siyasətçilər belə dedi-qodulardan uzaq olmalıdır, Siyasətçi peşəsini və siyasəti şou-bizneslə səhv salanlar da var. Məhz onların "əməyinin məhsuludur" ki, siyaət elmi və siyasətçi cəmiyyətdə sivil dünyada olduğu kimi böyük hörmət və nüfuz sahibinə çevrilə bilmirlər. Amma belələri də tədricən siyasət meydanını tərk etmək zorunda qalacaqlar.