SSRİ-nin bərpasını mümkünsüz hesab edirəm

Keçmiş ittifaqın hər hansı formada bərpası Rusiyanın arzusudur, yoxsa bunu zəruri edən başqa səbəblər var?

SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə 2025-ci ildə baş verəcək. Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman səsləndirib. 

“Yenidən doğulma ümid deyil, qaçılmaz zərurətdir. 2025-ci ildə bunu etmək üçün vaxtımız ola bilər, lakin daha bir neçə il gözləməli ola bilərik”, - Vasserman deyib.

O qeyd edib ki, məsələn, Amerika ştatlarının bəziləri Meksikanın keçmiş əraziləridir: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona... 

Deputat deyib ki, Rusiya kontinental imperiyanın klassik nümunəsidir:  “O, öz tarixində bir dəfədən çox dağılıb və həmişə bərpa olunub. Üstəlik, bir qayda olaraq, dağılmadan əvvəl olduğundan daha böyük ölçüdə və daha yaxşı formada bərpa edildi. Bu, məhz ona görə baş verdi ki, Rusiyada yaşayan xalqlar müstəqil şəkildə qarşılıqlı faydalı qarşılıqlı fəaliyyət formalarını seçdilər. Ona görə də bu dəfə biz də sağalacağıq". Vassermanın fikrincə, SSRİ-nin dirçəlişi elə bu il baş verə bilər. Hər halda, erudit bu ehtimalı yüksək adlandırır. "Bunun hansı sürətlə baş verəcəyi sualına cavab verə bilmərəm", - deyə Anatoli Aleksandroviç bildirib. “Ola bilər ki, qarşıdakı ildə, 2025-ci ildə bunu etmək üçün vaxtımız olsun, lakin bir neçə il daha gözləməli ola bilərik".

Ötən ilin martında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev SSRİ-ni əvvəlki formada dirçəltməyin mümkün olmadığını bildirmişdi. Bununla belə, LDPR-in keçmiş lideri Vladimir Jirinovski, əksinə, 2025-ci ildə keçmiş Sovet İttifaqının sərhədləri daxilində rus dünyasının birləşməsinin baş verəcəyinə inanırdı ki, bura Gömrük İttifaqının bütün üzvləri - Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir. 

Vasserman tanınmış fizikdir və Krımın anneksiyasında Rusiyaya dəstək verdiyi üçün Ukraynadan köçüb. Ukrayna onu separatizmin təbliğinə görə axtarışa verib. Rusiyanın ən erudit şəxslərindən biri kimi tanınan Vessermanın SSRİ-nin bərpası haqda dedikləri xüsusilə Rusiya mediasında diqqət çəkib. SSRİ-nin hər hansı formada bərpası Rusiyanın arzusudur, yoxsa bunu zəruri edən başqa səbəblər var?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov  SSRİ-nin bərpasını mümkünsüz hesab edir: “Keçmiş SSRİ-nin yenidən bərpa olunacağı barədə Rusiyanın ictimai-siyasi elitasında fikirlər dəfələrlə səsləndirilib. Hətta prezident Putin Sovet İttifaqını rəsmiləşdirən Belojevsk sazişinin heç bir qanuni əsas olmadığını iddia etmişdi. Təəssüflər olsun ki, ən yüksək səviyyədə imperiya ambisiyalarında olanlar hələ də tarixi geri qaytarmağın qeyri-mümkünlüyünü dərk edə bilmirlər. İstər Rusiya, istərsə də Azərbaycan cəmiyyətində yaşlı təbəqələr arasında nostalji hisslər qalmaqdadır. İmperiyaların çöküşü tarixi qanunauyğunluqdur. Dünyada mövcud olmuş ən nəhəng və güclü imperiyalar dağılmış və yerində yeni dövlətlər yaranıb. SSRİ xalqların və millətlərin könüllü birliyi deyildi və repressiyalar, kütləvi qətllər, sürgünlər, zorakılıqlar və yalan üzərində qurulmuşdu. Ona görə də cəmi 70 il sürdü. Rusiyada Vasserman kimi düşünən insanlar və imperiyapərəstlərin kumirinə çevrilmələr Rusiyanın özünün mövcudluğunun risk altında olduğunu nədənsə görmək istəmirlər. Məhz bu cür yanaşmaların nəticəsidir ki, Rusiya təklənib, hətta öz müttəfiqləri Moskva ilə məsafə saxlamağa çalışır. Necə ki, SSRİ-ni xalqlar həbsxanası adlandırırdılar, indi də onun varisi Rusiya eyni missiyanı daşımaqdadır. 

Vesserman SSRİ-ni bu reallıqlarla necə yenidən bərpa edəcək? Rusiyanın hərbi, siyasi, iqtisadi, maliyyə gücü varmı? Əlbəttə yoxdur. Bu qanlı imperiyanın dirçəlməsi mümkün deyil". “Yeni Müsavat”