Tramp İstanbul görüşündə öz iştirakını nəyə görə vacib sayır?

Əli Orucov: "Ağ Evin yeni administrasiyasının sülh prosesi iflasa uğrayandan sonra təşəbbüsün Türkiyəyə keçməsi qardaş dövlətin beynəlxalq nüfuzunun - gücünün göstəricisidir"

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna rəsmiləri arasında görüşün keçiriləcəyi gündə İstanbula uçmağı düşündüyünü bildirib.

"İnanıram ki, hər iki lider (Rusiya və Ukrayna - red.) orada olacaq. Mən ora uçmaq barədə fikirləşdim. Cümə axşamı harda olacağımı bilmirəm, çoxsaylı görüşlərim var, amma ora uçmaq barədə fikirləşirəm. Düşünürəm ki, belə bir ehtimal var", - ABŞ prezidenti Ağ Evdə jurnalistlərə belə deyib.

Tramp İstanbul görüşündə öz iştirakını nəyə görə vacib sayır?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, İki gündən sonra bütün dünya ictimaiyyətinin diqqəti sivilizasiyaların qovşağı olan Türkiyənin İstanbul şəhərində keçirilməsi nəzərdə tutulan Ukrayna ilə Rusiya arasında ən yüksək səviyyəli birbaşa danışıqlara yönələcək: "Bu görüş və əldə olunacaq razılaşmalar həm qlobal proseslərin gedişinə, həm də 3 ildir davam edən müharəbinin dayandırılmasına ciddi təsir göstərəcək. Ağ Evin yeni administrasiyasının sülh prosesi iflasa uğrayandan sonra təşəbbüsün Türkiyəyə keçməsi qardaş dövlətin beynəlxalq nüfuzunun - gücünün göstəricisidir. Əgər Zelenski-Putin görüşü baş tutarsa və bu görüşdə müəyyən razılaşmalar - mövqelərin uzlaşdırılması mümkün olarsa, prezident Ərdoğanın da dünya liderliyində mövqeyi möhkəmlənər.

Görüşlə bağlı müxtəlif proqnozlar verilir və əksər proqnozlar ümudvericidir. ABŞ prezidentinin Ukrayna-Rusiya liderlərinin görüşlərində iştirak etmək niyyəti hər iki tərəfə stimul vermək və sülhü təşviq etmək məqsədi daşıyır. Vaşinqtonun müharibəni bitirməklə bağlı taktikası Kiyevə və Moskvaya təzyiq göstərmək və onları sülhə razı salmağa məcbur etməkdir. Ukrayna son dövrlər kompromislərə meylli olduğunu büruzə verir. Rusiya isə hələ ki, aydın və qəti mövqe sərgiləməkdən yayınır. Məsələ bundadır ki, heç bir tərəf özünü məğlub olmuş kimi görmək istəmir. Məhz Tramp da çalışır ki, Ukrayna da, Rusiya da bu müharibənin sonunda özünü qalib kimi hiss eləsin. ABŞ prezidentinin liderlərin görüşündə iştirak etməsi, danışıqlara təminat olmaqla yanaşı, onların mövqelərinin dəqiqləşdirilməsi üçün də faydalı olardı. Gələcəkdə bu da buna uyğun addımların atılması üçün indikator olardı. Həmçinin ehtimal olunan razılaşmanı da qarantiyə alardı. Məlum olduğu kimi, Ukrayna və Rusiya tərəfi əvvəllər də İstanbulda görüşərək bəzi məsələlərdə razılığa gələ bilmişdilər. Lakin sonradan İstanbul prosesi pozuldu və kövrək təmaslar da arada qalxdı. Ona görə əvvəlki kimi halların yaşanmaması üçün böyük güclərin fəaliyyəti də vacibdir. Tramp bu görüşdə iştirak etməklə iflas etmiş sülh prosesini yenidən canlandırmaq və nüfuzunu bərpa etmək istəyir. Hər halda, İstanbul görüşündən müsbət nəticələr çıxacağına ümidlər çoxdur".