Türkiyədə yeni hökumətin qurulmasının yubanması əsla arzuolunan deyil

Arzuxan Əlizadə: "Belə kritik bir dönəmdə Türkiyədə yeni hökumətin qurulmasının yubanması əsla arzuolunan deyil"

"Siyasətdə hər şey mümkündür"

Cumhuriyyət Xalq Partiyasının (CHP) mövqeyindən narahat olan 30-40 millət vəkili Ədalət və İnkişaf Partiyasına dəstək verəcək. Bu fikirləri telekanallardan birinin canlı efirinə qoşulan CHP millət vəkili Savcı Sayan səsləndirib.

Sayan ölkədə hökumət böhranı yaranacağı təqdirdə Türkiyəni bu sıxıntıdan qurtarmaq üçün bu addımı atacaqlarını deyib: "CHP-də 30-40 millət vəkili bu vəziyyətdən narahatdır. CHP inad edərsə, koalisiya üçün çətinlik yaradarsa, ölkənin mənfəətinə uyğun olmayan vəziyyət yaranarsa, narahatlığımızı dilə gətirəcəyik. Lazım gəlsə, ayrılıb DSP (Demokratik Sol Partiya), ya da başqa partiya tavanı altında qrup yaradaraq AKP ilə koalisiya quracağıq və ölkəni bu sıxıntıdan qurtaracağıq. Bu bizim vətənpərvərlik hisslərimizdir".

Sayan həmçinin bundan xəbər tutan CHP sədr müavini Gürsel Tekinin həmin vətənpərvər millət vəkillərinin yolunu kəsmək və onları şübhə altında qoymaq üçün bəzi fikirlər səsləndirdiyini deyib: "Bu istiqamətdə bəzi fəaliyyətlər vardı, mən də öyrəndim və dedim. Bunu eşidən Gürsel Tekin və yaxınları qarşısını almaq üçün "millət vəkili transferləri olacaq, Qətərdən pul gəlir, başqa yerdən gəlir" - dedi. Bu, vətənpərvərlik duyğusu ilə hərəkət edənləri şübhə altında qoymaq üçün, yollarını kəsmək üçün cəhd olub".

Məlum olduğu kimi, iyunun 7-də keçirilən parlament seçkilərində AKP təkbaşına iqtidar olmaq üçün yetərincə səs toplaya bilməyib. Təkbaşına iqtidar olmaq üçün ən azı 276 millət vəkili lazımdır. AKP isə son seçkilərdə 258 mandat qazanıb. Digər partiyalarla koalisiya qurmaq şansları isə aşağıdır. Belə olanda təkrar seçkinin keçirilməsi zərurəti ortaya çıxır. O baxımdan CHP millət vəkilinin səsləndirdiyi fikirlər reallığa nə dərəcədə uyğundur?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, siyasətdə hər şey mümkündür: "Mümkün olmayan yoxdur. Reallıq ondan ibarətdir ki, regionda çox həssas və gərgin bir dönəm hökm sürür. İraqda, Suriyada baş verən dəhşətli hadisələr Türkiyəyə təsirsiz ötüşmür. Milyonlarla qaçqın Türkiyəyə sığınıb. Baş verənlər, dolayı da olsa, Türkiyənin ərazi bütövlüyünü təhdid edir. Belə kritik bir dönəmdə Türkiyədə yeni hökumətin qurulmasının yubanması əsla arzuolunan deyil. Düzdür, koalision hökumət qurmaq cəhdləri baş tutmasa, yenidən seçkilər keçiriləcək.

Ancaq məsələ ondadır ki, adətən belə hallarda əvvəlki seçkidə birinciliyi qazanan partiya səs itirir. AKP də bu üzdən yeni seçkiyə getməkdə maraqlı deyil. CHP-nin sol-mərkəzçi partiya olduğunu nəzərə alsaq, istefa verəcək millət vəkillərinin AKP üzvü olacağı real görünmür. Ancaq Türkiyənin qədim və dərin dövlətçilik ənənələrinə malik olduğunu nəzərə alsaq, optimal çıxış yolunun tapılacağını güman edirəm".

Vidadi ORDAHALLI