Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Növbəti dəfə siyasi riyakarlıq nümayiş etdirən təcavüzkar Ermənistan 10 oktyabr tarixli humanitar atəşkəs imzalamansını itirdiyi mövqelərini bərpa etmək üçün fürsət bilərək cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdləri etmiş, Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə ağ bayraq sancılan sanitar maşını atəşə tutmuş, Ağdam və Tərtər rayonlarını, eləcə də oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərini bir daha raket atəşinə tutaraq qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törətmişdir. Baş verənlər fonunda Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya tərəfindən sürətlə silahlandırılması da bu marionet dövlətin həm də mahiyyət etibarı ilə terrorçu qurum olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha sübut edir.
AMİP digər həmsədr ölkələr olan Fransanın Ermənistanı dəstəkləyən mövqeyini, eləcə də ABŞ-ın hər il separatçı rejimə maliyyə yardımı ayırmasını, o cümlədən 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupunun cinayətkar fəaliyyətsizliyini əsas götürərək hesab edir ki, bu qurumun vasitəçiliyindən ümumiyyətlə imtina edilməlidir.
Hazırki durumda təxirəsalınmadan Türkiyə Cümhuriyyəti ilə Hərbi İttifaq müaviləsinin imzalanmasını vacib hesab edərək bundan sonra aparılacaq danışıqların hər tərəfdən bir qarant ölkənin vasitəçiliyi ilə mümkünlüyünü bildirir, Ermənistanın hərbi-siyasi müttəfiqi olaraq Rusiyanın, Azərbaycanın strateji müttəfiqi olaraq isə Türkiyənin danışıqlar prossesinin tərəfi olaraq iştirakını məqsədəuyğun hesab edirik. Erməni tərəfinin atdığı addımlar fonunda ona son şans olaraq tanınan Moskva razılaşması da faktiki olaraq əhəmiyyətini itirmiş və qüvvədən düşmüş hesab olunmalıdır.
Hər zamankı mövqeyimiz olaraq torpaqlarımızın işğaldan azad olunmasının yalnız hərbi-siyasi yolla mümkünlüyünü bir daha bəyan edirək bildiririk ki, düşmənə onun başa düşəcəyi dildə cavab verilməli, mülki insanımızın hədəf alınmasının qisası alınmalı və düşmən mövqelərinin susdurulması təmin edilməlidir. Hesab edirik ki, Ermənistanın üzv olduğu KMTM və düşmən ölkənin hərbi müttəfiqi olan Rusiyaya xəbərdarlıq edilməli və bunun ardınca ərazimizə raket zərbələri endirən hədəflər harada yerləşməsindən asılı olmayaraq susdurulmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası bir daha bəyan edir ki, bütün baş verənlərdə təcavüzkar Ermənistan və bilavasitə ona havadarlıq edən dövlətlər, eləcə də uzun illər ərzində problemin həll olunması missiyasını öz üzərinə götürsə də faktiki olaraq mövcud status-kvonun saxlanılmasında maraqlı olan ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyət daşıyırlar.