Bir müddət öncə prezident İ.Əliyevin imzaladığı sərəncamlarla bir sıra Rayon İcra Hakimiyyətləri başçıları yerdəyişmə edildilər. Gənclərin dövlət idarəetməsində irəli çəkilmələri müsbət tendensiyadır və bu gənc kadrların yetişməsində, köhnədənqalan idarəçilik metod və fələsəfəsinin təkmilləşdirilməsi atılan mühüm addımdır. Maraqlıdır görəsən, həmin başçılar rəhbərlik etdiyi rayonlarda fəaliyyətləri necə olub, özlərini doğrulda biliblərmi? Təyinata təqdimata verilməmişdən əvvəl təhlillər aparılıbmı? Hansı keyfiyyət və üstünlüklər nəzərə alınıbmı? Təcrübə göstərib ki, hətta, bu məsul vəzifəyə təyinat alan bəzi şəxslər etimadı, qarşıya qoyulan tapşırıq və vəzifələri doğrulda bilməyiblər. Odur ki, Kürdəmir Rayon İçra başçısı vəzifəsindən Nəsimi Ryon İcra başçısı vəzifəsinə təyinat alan Elxan İbrahimov ilkin olaraq diqqətimi daha çox özünə çəkdi. Hüquqi-təşkilatı baxımdan eyni qurum olmasına baxmayaraq, yeni təyinatlar içində E.İbrahimovun indiki postu daha cəlbedici, məsuliyyətli və çətin hesab olunur. Hər nə qədər olmasa da, Bakının bir çox parametrlərinə görə fərqlənən Nəsimi rayonu Kürdəmir rayonu deyil. Onun şəxsi dosyesi qısadır: 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar "Holiday Inn Baku Airport" otelində, "Baker Tilly" audit şirkətində, "Embawood" şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var. Göründüyü kimi idarəetmədə, təşkilatçılıqda yüksək peşakar və təcrübəli saymaq olmaz. İndi gələk onun Kürdəmir Rayonuna başçılıq etdiyi son 2024-cü ilin ümumu rəsmi statiskasına. Mən nöqtəsinə, vergülünə toxunmadan həmin məlumatlarla sizləri tanış etməyi lazım bildim :
-Rayon əhalisinin sayı ilin əvvəlindən 695 nəfər artaraq 2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə 119112 nəfər təşkil etmişdir. Əhalinin ümumi sayının 18,7 faizini şəhər, 81,3 faizini kənd sakinləri, 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
-2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 1333 doğulan körpə qeydə alınmış və ötən illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşmüşdür.
-Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 590 nikah və 186 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 5,0-ə, boşanmaların sayı 1,7-dən 1,6-ya düşmüşdür.
-2024-cü il ərzində ümumi məhsul buraxılışının həcmi faktiki qiymətlərlə 575433,8 min manat olmuş və əvvəlki illə müqayisədə real ifadədə 1,2 faiz azalmışdır.
-2024-cü ildə iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20887,0 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 34,3 faiz az olmuşdur.
-Ümumi sərmayənin 5972,1 min manatı və ya 28,6 faizi dövlət, 14914,9 min manatı və ya 71,4 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 92,4 faizi və ya 19296,2 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi əvvəlki ilə nisbətən 33,1 faiz azalmışdır.
-2024-cü ildə fəaliyyət göstərən tikinti müəssisələri və tikinti fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların yerinə yetirdikləri işin həcmi 13363,0 min manat və ya əvvəlki ilə nisbətən 44,9 faiz az olmuşdur.
-2024-cü ildə tikinti müəssisələrində çalışan işçilərin orta sayı 184 nəfər, bu sahədə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 414,9 manat olmuşdur. 2023-cü illə müqayisədə işçilərin orta sayı 7,9 faiz artmış, orta aylıq əməkhaqqı isə 6,8 faiz azalmışdır.
-2024-cü ildə nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə 901,0 min ton yük, 7703,0 min sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə yük daşınmasında 6,1 faiz, sərnişin daşınmasında isə 7,0 faiz artım müşahidə olunmuşdur.
-2024-cü il ərzində informasiya və rabitə müəssisələrində 108 nəfər işçi çalışmış və onların orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 0,5 faiz artaraq 605,6 manat təşkil etmişdir.
-2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 448950,3 min manatlıq, o cümlədən 218574,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 230375,7 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,0 faiz azalmış, qeyri-ərzaq malları üzrə 10,7 faiz artmışdır.
-Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,9 manat və ya 2023-cü illə müqayisədə nominal ifadədə 3,5 manat az olmuşdur.
-2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 4,4 faiz artaraq 103661,1 min manat olmuşdur.
-2024-cü il ərzində müəssisə və təşkilatlarda 394 yeni iş yeri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 95,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni açılmış iş yerlərinin 6,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 93,1 faizi mövcud müəssisə və təşkilatlarda qeydə alınmışdır.
-2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 4,3 faiz azalmışdır.
Diqqət etsək aydın olar ki, əksər vacib sahələrdə geriləmələr var. Əhalisinin 80 faizindən çoxu kəndlərdə yaşamasına baxmayaraq ,hətta, kənd təsərrüfatı istehsalı da əvvəlki illə müqayisədə xeyli azalıb. Anlayıram ki, regionların inkişafını ayrıca götürmək mümkün deyil. Problemlər və axsamalar ölkə üzrə xarakterikdir. Elxan İbrahimov gecəsini-gündüzünə qatsa da ayrıca götürülmüş Kürdəmirdə intibaha, tərəqqiyə, inkişafa nail ola bilməzdi. O da anlaşılmır ki, Nəsimi kimi rayonda hansı xarüqələri yaradacaq. Belə göstəricələrə malik rəhbərin nəinki payxat rayonuna gətirilməsi barədə təqdimatın verilməsini yanlış hesab edirəm, ümumiyyətlə onun vəzifədən uzaqlaşdırılması daha doğru olardı. Əgər göstəricilərdəki geriləmələr icra başçılarından asılı deyilsə, o zaman İcra Hakimiyyətlərini köhnəlmiş bir qurum kimi ləğv edib, 14 iqtisadi rayonlar üzrə birləşdirilməsi effektiv və modulyar olardı. Fikrimcə, bu təyinatda əsas amil bacarıq, qabiliyyət, təcrübə deyil, şəxsi münasibətlər, əlaqələr vacib rol oynayıb. Hər kimdirsə onun təqdimatını verən çox güclü və qüdrətli fiqurdur.
Yeri gəlmişkən, Nəsimi Rayon İcra Hakimiyyətində bu vəzifənin öhdəsindən daha ustalıq və bacarıqla gələ biləcək kadrların olduğu düşüncəsindəyəm. Hətta onlardan bəzisi uzun müddət bu rayonun bütün yükünü, məsuliyyətini və ağırlığını çiyinlərində daşıyıblar. Mənsub olduqları YAP stajı da, sadqiliyi də qat-qat üstündür. Sadəcə, olaraq həmin şəxslərin zəhmətinə, fəaliyyətinə və sadiqliyinə qiymət verən və ədalətli şəkildə görmən lazımdır. Lakonik desək, təqdimatını verəcək adamları yoxdur. Məlumdur ki, kadrların düzgün seçimi və yerləşdirilməsi hakimiyyətlərin uzun ömürlüyünə və dövlətin möhkəmləndirləməsinə mühüm faktordur. Ona görə də bu məslələrə ciddi önəm verilir. Təəssüf ki, Azərbaycanda kadrların özləri və şəxsi keyfiyyətləri deyil, güclü himəyadarlıq, nepotizm, korrupsiya kimi hallar həlledici olur. Rotasiya edilə icra başçıları barədə yayılan məlumatlarda aydın olur ki, kimisinin atası, kimisinin babası, kimisinin hansısa yaxın qohumu yüksək postlardadır. Sürətli karyera yüksəlişləri nə yazıqlar ki, hələ də qeyri-məqbul üsullarla baş verməkdədir. Ümid edək ki, bunun da bir sonu gələcək. Son olaraq yeni təyinat alanların prezident İ.Əliyevin etimadını doğuldacaqlarını, qarşılarına qoyulan vəzifə və tapşırıqların yerinə yetirəcəklərinə şübhə ilə yanaşmaq istəməzdim.
Əli Orucov
Baş Redaktor