Xakamada bizi şantaj etmiş kimi görünür

Elşən Mustafayev: «Ukraynanı misal çəkməklə Xakamada bizi şantaj etmiş kimi görünür»

«Lakin bu heç də o anlama gəlmir ki, Rusiya girib bizi işğal edə bilər»

Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları üzrə Şuranın üzvü, yazıçı. İrina Xakamada özünü indi belə təqdim etməyə üstünlük verir. O, siyasi karyerasını başa vurduğunu rəsmən bəyan edib və Mixail Kasyanovun yaratdığı Rusiya Xalq-Demokratik İttifaqından hələ 2008-ci ilin mayında çıxıb.

İrina Xakamada sonralar memuar yazmaqla məşğul olub, seminarlara qatılıb, özünü tele və radioaparıcı kimi sınayıb. 2012-ci ilin sonlarında yenidən siyasətə qayıdıb. İ.Xakamada indi siyasi hadisələrdən, məsələn, Ukraynada baş verənlərdən danışanda hər sözünü yüz dəfə ölçür, bir dəfə biçir. Buna baxmayaraq, onun liberal-demokratik baxışları özünü hər mühakiməsində, istər-istəməz, göstərir. Bunu İ.Xakamadanın virtualaz.org saytına müsahibəsi də təsdiqləyir.

Maraqlıdır ki, Rusiyanın tanınmış ledisi Dağlıq Qarabağ probleminə də öz baxışını ifadə edib. Onun sözlərindən hətta təhdid «iyi» də gəlir: «Bunu başa düşün ki, Qarabağ məsələsi bu gün dünyada heç kimi maraqlandırmır. Dünya siyasəti bu gün tamamilə yalnız Ukrayna problemi ilə məşğuldur. Dünya siyasətçilərinin bu regiondakı marağı ondan ibarətdir ki, burada yeni müharibə başlamasın. Yəni hər şey indi necə varsa, eləcə də qalsın. İndiki status-kvonun istənilən şəkildə pozulması həm Azərbaycan, həm də Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Ukrayna təcrübəsi gözümüzün qabağındadır».
Təbiidir ki, Xakamadanın bu təhdidi Azərbaycana ünvanlana bilər. Çünki status-kvonun dəyişməsində maraqlı olan məhz bizik. Ermənistana isə status-kvonun saxlanması tam sərf edir.

Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, o, İrina Xakamadanı professional siyasətçi hesab edir: «Düzdür, son illər təlimlər keçən bu xanım siyasətdən bir qədər uzaqlaşıb. Ancaq bu o demək deyil ki, nə danışdığının fərqində deyil. O, gözəl bilir ki, mövcud vəziyyətin dəyişdirilməsində məhz Azərbaycan maraqlıdır. Ukraynanı misal çəkməklə Xakamada bizi şantaj etmiş kimi görünür. Bir növ demək istəyir ki, Azərbaycan öz torpaqlarını azad etməklə bağlı hərb yolunu tutarsa, Rusiya bizi Ukraynanın gününə salar. Təbidir ki, bu haqq Azərbaycana məxsusdur və biz tezliklə bu istiqamətdə addımlar atacağıq. Azərbaycan status-kvonu dəyişməklə bağlı addımlar atacağı təqdirdə bütün təzyiqləri göz önünə alacaq. Lakin bu heç də o anlama gəlmir ki, Rusiya girib bizi işğal edə bilər. Bu məsələdə Xakamada bir qədər yanılır. Ukraynada Rusiya rus əhalisinin hüquqlarını bəhanə edərək ora həmlə etdi. Bizdə nə deyəcək?» /Bakı Xəbər/

Məhəmmədəli QƏRİBLİ