Xalq tərəfindən lənətlənən insana əlavə nəsə demək artıq olardı

AMİP funksioneri Əli Orucov dünən eks - prezident Ayaz Mütəllibovun Etibar Məmmədov haqqında səsləndirdiyi ittihamlara etirazını yazaraq Moderator.az - a göndərib:

"Ayaz Mütəllibovun Etibar Məmmədovun Lefertovo zindanından azad etdirməsi və deputat seçdirməsi ilə bağlı mətbuata verdiyi son açıqlamaları sayıqlama və yalandan başqa bir şey deyil. Azərbaycana rus qoşunlarını çağıraraq Bakıda və digər bölgələrimizdə qanlı qırğınlar törədilməsində, eləcə də Xocalı faciəsində birbaşa məsuliyyət daşıyan bir şəxsin utanıb qızarmadan, həyasızcasına cəmiyyət qarşısına çıxıb nəsə söyləməsi onu göstərir ki, həqiqətən də dünyanın sonu yaxınlaşmaqdadır.

Bir ayağı görda olan Ayaz Mütəllibov hələ də Azərbaycan xalqına düşmən münasibətindən nəinki əl çəkməyib, hətta daha da artırıb. Özü də çox yaxşı anlayır ki, onu bu ağır, rəzil, acınacaqlı duruma salan xaqlın ona sonsuz nifrəti və lənətidir. Xalq tərəfindən lənətlənən insana isə əlavə nəsə demək artıq olardı.

Maraqlıdır ki, mərhum prezident H.Əliyevin hakimiyyəti dövründə barəsində cinayət işi qaldırılaraq, axtarışa verilən, istintaqdan qaçaraq Moskvada gizlənən Ayaz Mütəlllibov necə olur ki, birdən-birə Azərbaycanda peyda olur? Eks-prezident statusu ona da şamil olunur və bu gün hakimiyyətə güclü təsirləri olan məlum qüvvələrin hər cür qayğısı ilə əhatələnib. Sonra da iqtidardakılar özlərini bütün sahələr üzrə H. Əliyevin davamçıları kimi cəmiyyətə təqdim edirlər.

Zamanın özü ən ədalətli hakimdir. Bu onu göstərir ki, milli faciələrimizin törədilməsində kimlərin rolu nədən ibarət olub...