Dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərinə siyasi partiyaların, xüsusən müxalifət partiyalarının marağının adətən az olması seçki ilinin siyasi baxımdan qeyri-aktiv keçməsi ilə nəticələnib. Sanki 5-6 aydan sonra seçkilərin keçiriləcəyi ölkədə yaşamırıq, siyasi aktivlik yox səviyyəsindədir. Yay ayları da bir yandan süstlüyü artırıb. Bir zamanlar müxalifət partiyalarının şərti olaraq yaz, yay, payız, qış planları olurdu. İndi belə planların olub-olmadığını araşdırdıq. Müxalifət partiyalarının durğun yay ayları üçün görəcəyi işlər varmı? Siyasi partiyalar tətilə çıxacaqlarmı? Gündəmdə yay ayları üçün aksiyalar keçirmək nəzərdə tutulur?
AĞ Partiyanın sədri Tural Abbaslı "Yeni Müsavat”a bildirdi ki, yayla əlaqədar AĞ Partiya olaraq tətilə çıxmaq niyyətində deyillər: "Siz siyasi aktivliyin olmadığını deyirsiniz, lakin biz hesab edirik ki, digər illərdən fərqli olaraq bu il yay ayları olmasına baxmayaraq siyasi aktivlik xeyli yüksəkdir. Yəni partiyalar arasında müxtəlif formatda danışıqlar və ünsiyyətlər intensivləşib. Hazırda ən azı 2-3 siyasi blok fəaliyyət göstərir. AĞ Partiya olaraq biz də demək olar ki, hazırda gedən bütün siyasi proseslərin içindəyik və aparıcı qüvvələrdənik. Həmçinin partiya daxili təşkilatlanma işlərimizi də davam etdiririk. Hələ nəzərə alsaq ki, növbədənkənar parlament seçkiləri söhbətləri də gündəmdədir və ciddi ehtimallar var, o zaman düşünürəm ki, tətilə çıxmaq üçün heç də uğurlu zaman deyil. İndiki məqamda ciddi, ardıcıl iş aparmaq və Azərbaycanın demokratikləşməsi, güclənməsi uğrunda fəaliyyət göstərmək zamanıdır. Kütləvi aksiyalara gəldikdə isə mən istisna etmirəm ki, yay aylarında müxalifət olaraq birgə mitinq keçirilsin. Hətta bununla bağlı bəzi təkliflər və fikirlər belə səsləndirilib. Bu məsələ həmçinin baş verəcək siyasi proseslərdən də asılı olacaq. Mitinqlər siyasi mübarizənin ən effektiv vasitələrindən biridir və kimsənin bu variantdan imtina etmək fikiri yoxdur, həmçinin də AĞ Partiya olaraq bizim”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, adətən yay fəslində ictimai-siyasi həyatda bir qədər durğunluq yaşanır. Bu daha çox fəal təbəqinin, əhalinin böyük kəsiminin istirahətə üstünlük verməsi ilə bağlıdır. Ölkə gündəmində ciddi hadisələr və proseslər də yoxdur: "Partiya olaraq yay aylarında hər hansı bir kütləvi aksiyalar nəzərdə tutmamışıq. Lakin iyul ayının ortalarında partiyanın Mərkəzi Şurası keçirilməlidir. Bu müddətədək isə rayon təşkilatlarında fəallarla görüşlərimiz olur. İstirahət məsələsinə gəlincə isə, bildiyiniz kimi, bu, xeyli miqdarda maliyyə tələb edir. Azərbaycanda turizm çox bahadır. Xüsusən də yay aylarında. Cəmiyyətin aztəminatlı təbəqələrindən sayılan partiya funksionerlərinin isə istirahət mərkəzlərində dincəlməsi əlçatmazdır. Ancaq 3-4 günlük rayonlara qohum-əqrəbaya baş çəkmək planlarımız da var”.
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə dedi ki, isti aylar olsa belə, hələ istirahətə getmək barədə düşünmürlər. Partiyanın tədbirləri olur, həftəlik partiya toplantıları keçirilir, İdarə Heyətinin iclasları olur. Bir sözlə, cari işlər davam edir: "Azərbaycan Xalq Cəbhəsinin 30 illik yubileyi yaxınlaşır. İyulun 16-dək bununla bağlı partiya qərargahında və yaxud imkan olacaqsa, daha geniş tədbirlər planını həyata keçirmək gündəliyimizdədir. Bu barədə partiya rəhbərliyində müzakirələr gedir. Bu baxımdan isti yay aylarında tətil məsələsi hələ ki gündəmdə deyil”."Yeni Müsavat”