"Hər bir şəxs, siyasətçi də fərdi keyfiyyətlərə malikdir"

Əli Orucov: "Müsavatda da qaragüruhçuluq, meydan əhval-ruhiyyəsi üstünlük təşkil edir və..."

"İsa Qəmbər formal surətdə istefa versə də, partiyaya total nəzarəti, hətta yeni başqanın özünə belə nəzarəti əldən verməyib"

Müsavat Partiyasında sular durulmur. Müsavat Partiyasının sabiq üzvü Qubad İbadoğlunun yeni yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatına əvvəl təmsil olunduğu partiyadan axın artıb. Qanunvericiliyə görə, partiya üzvü ictimai təşkilatın üzvü ola bilər.

Ancaq nəzərə alsaq ki, Q.İbadoğlu partiyadan çıxarılıb və tərəflər arasında ciddi ziddiyyətlər var, hərəkata partiyadan axın Müsavat üçün yaxşı bir şey vəd etmir. Bütün bunların fonunda partiyanın, hərəkatın başında duran şəxsin xarizmasından, bacarığından və fərdi keyfiyyətlərindən çox şey asılıdır. Reallıq ondan ibarətdir ki, İsa Qəmbər partiyaya rəhbərlik etdiyi dönəmlərdə ciddi uğura imza ata bilmədi. Partiya nə prezident, nə də parlament və bələdiyyə seçkilərində qalib gələ bilmədi. Son qurultaydan sonra partiya başqanlığından getsə də, faktiki olaraq sözügedən siyasi təşkilatın idarə olunmasında rol oynayır.

Bütövlükdə, İsa Qəmbərlə Qubad İbadoğlu arasında müqayisə aparsaq görərik ki, birincinin siyasi xarizması tükənib. İstənilən halda, Q.İbadoğlunun İ.Qəmbərdən hansı üstün və fərqli keyfiyyətləri var?

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bir sıra məqamlara toxundu: "Hər bir şəxs, siyasətçi də fərdi keyfiyyətlərə malikdir. İdeal insan yoxdur. Hər kəs öz mənfisi və müsbəti ilə bir bütövdür. Adlarını çəkdiyiniz hər iki şəxs arasında müqayisə aparsaq görərsiz ki, onları birləşdirən və ayıran, fərqləndirən xüsusiyyətlər var. İsa Qəmbər hərəkatdan çıxıb və mübarizə meydanlarında formalaşıb. Bir il dövlətin ikinci postunda oturub. 20 ildən çoxdur ölkənin aparıcı partiyasına rəhbərlik edib. Yəni siyasi təcrübəsi var. İndi də formal surətdə istefa versə də, iddia olunur ki, partiyaya total nəzarəti, hətta yeni başqanın özünə belə nəzarəti əldən verməyib. Qubad bəyə gəlincə isə, o, gəncdir, perspektivli və yenilikçi təsir bağışlayır. Tanınmış iqtisadçıdır. Yeri gəlmişkən vurğulayım ki, Qubad bəyin bir mütəxəssis kimi yetişməsində və tanınmasında AMİP-in, xüsusən də "Millət" qəzetinin rolu olub. Qubad bəy, vurğuladığımız kimi, yaxşı iqtisadçı olsa da, siyasi və idarəçilik təcrübəsi kifayət qədər deyil. O, siyasi oyunları, intriqaları, ambisiyalarının təmin edilməsində makiavelist davranışları sabiq başqanı ilə müqayisədə tam mənimsəyə bilməyib. Onun Müsavat başqanı olsaydı, daha çox fayda verməsi məsələsinə gəlincə isə, bunu absurd sayıram. Çünki Müsavatda da qaragüruhçuluq, meydan əhval-ruhiyyəsi üstünlük təşkil edir və mühafizəkar tərəf ciddi nüfuza malikdir. Müsavat Partiyasının idarəçiliyi də ənənəvidir. Ona görə də Q.İbadoğlu, başqan olsaydı belə, İ.Qəmbər və onun çoxluq təşkil edən tərəfdarları ilə mübarizədə qalib gələ və uzun müddət o postunda qala bilməzdi. Ancaq hesab edirəm ki, Q.İbadoğlu və tərəfdarları ADR-i seçkiyədək partiyaya çevirəcək və özlərini yeni bir qüvvə kimi cəmiyyətə təqdim etməyə çalışacaq. Q.İbadoğlunun bir mənfisi var, o da meydan mübarizəsində və qətiyyətli, radikal addımlar atmaq məsələsində uyğunsuzluğudur".

Vidadi ORDAHALLI