Əli Orucov: “Bu, Avroittifaqın Azərbaycana olan qərəzli siyasi münasibətindən irəli gəlir”
Avropa İttifaqı Kəmbər-Ata Su Elektrik Stansiyası-1 layihəsinə 1 milyard dollar ayıracaq. Bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb.
Məlum olub ki, 9-10 oktyabr 2025-ci ildə Brüsseldə keçirilən Qlobal Gateway (qlobal qapı) Forumunda bununla bağlı qərar qəbul olunub.
Forum çərçivəsində tərəflər beynəlxalq maliyyə institutlarının nümayəndələri, həmçinin Qazaxıstan və Özbəkistanın energetika nazirləri ilə layihənin maliyyələşdirilməsini müzakirə ediblər. Danışıqlardan sonra Aİ regionun üç ölkəsinə - Qırğızıstan, Özbəkistan və Qazaxıstana 2,4 milyard dollar, o cümlədən Qırğızıstana 1 milyard dollar ayırmağa hazır olduğunu təsdiqləyib. Eyni zamanda, Brüsseldə layihənin maliyyələşdirilməsinə dair iki anlaşma memorandumu imzalanıb. Qırğızıstanın Energetika Nazirliyi ilə Avropa İnvestisiya Bankı arasında - 500 milyon dollarlıq sənəd imzalanıb.
Göründüyü kimi, Aİ Mərkəzi Asiya ölkələrinə alternativ enerji ilə bağlı kredit ayırır. Su Elektrik Stansiyaların tikilməsinə yardım edir. Düzdür, Azərbaycan türkdilli dövlətlərdə bu sahələrin inkişafına qarşı deyil. Ancaq o da bir həqiqətdir ki, Azərbaycan o ölkələrdən qabaq “yaşıl enerji” gündəliyini elan edib. Ancaq nədənsə, Avropa bankları indiyə qədər Azərbaycana “yaşıl enerji” sahəsinin inkişafı ilə bağlı sərfəli şərtlərlə kredit təklif etməyiblər. O cümlədən, bununla bağlı qrant ayırmayıblar. Halbuki, Azərbaycan bərpa olunan enerji layihələrinə bir neçə il əvvəl start verib. Ona görə də bu, bir ayrıseçkiliyin nəticəsidir.
“Məsələnin digər tərəfi onunla əlaqədardır ki, Aİ Mərkəzi Asiyada nüfuz dairəsini genişləndirmək istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov Avropa banklarının Azərbaycana münasibətdə belə davranmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi siyasidir. Yəni bu, Avroittifaqın Azərbaycana olan qərəzli siyasi münasibətindən irəli gəlir. Məsələnin kökündə dayanan səbəb budur. Məsələ ondadır ki, Azərbaycan Rusiyadan yan keçməklə Avropaya doğru neft-qaz kəmərlərini çəkən ilk postsovet ölkəsidir. Bunun o vaxt necə böyük çətinlik və məhrumiyyətlər hesabına başa gəldiyini o dövrün şahidləri yaxşı bilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Ermənistandan keçmir deyə, Azərbaycana bəzi Qərb bankları kredit ayırmaqdan imtina etdilər. Deməyim odur ki, belə ədalətsizlik yeni deyil. Halbuki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri hesabına Avropa İttifaqı ölkələrinin Rusiyadan asılılığı azalıb. Daha sonra Azərbaycan Qara dənizin dibi ilə Avropaya kabel xəttinin çəkilməsi təşəbbüsünə qoşulub. Ancaq indiyə qədər həmin layihəyə Aİ vəsait ayırmayıb. Baxmayaraq ki, sözügedən kabel xətti ilə “yaşıl enerji”nin Avropaya nəqli nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Avropa bankları məqsədyönlü şəkildə Azərbaycanın alternativ enerji layihələrinə kredit ayırmır. Çünki ölkəmizə qarşı Aİ-nin timsalında qərəzli münasibət var. Məsələnin digər tərəfi onunla əlaqədardır ki, Aİ Mərkəzi Asiyada nüfuz dairəsini genişləndirmək istəyir. Çalışırlar ki, bu regionun təbii resurslarına yiyələnsinlər. Çünki Aİ Mərkəzi Asiyada Çinin iqtisadi təsir imkanlarının genişlənməsindən narahatdır. Hesab edirlər ki, bu gedişlə region tamamilə Çin və Rusiyanın siyasi təsir dairəsinə keçə bilər. Fikrimcə, bu və digər səbəblərdən Avropa bankları Mərkəzi Asiyanın 3 ölkəsinə səxavətlə kredit ayırırlar”.