İrandakı proseslər inqilab hesab olunmalıdır

Milli Məclisin Komitə sədri Fazıl Mustafa son məqaləsində Güney Azərbaycan və Vahid (Bütöv) Azərbaycan ideyasını mifoloji konstruksiya kimi təqdim edir, bu anlayışın sovet dövründə, konkret olaraq Stalin ideoloji xətti ilə formalaşdırıldığını vurğulayır.

Bu yanaşma isə istər-istəməz ciddi suallar doğurur: əgər Vahid və ya Bütöv Azərbaycan ideyası mifdirsə, onda Məhəmməd Əmin Rəsulzadənin, Elçibəyin və ümumilikdə Azərbaycan milli ideologiyasının əsas sütunlarından biri kimi onilliklər boyu müdafiə edilən bu konsepsiya necə izah olunmalıdır? Bu ideya milli azadlıq düşüncəsinin təbii nəticəsi idimi, yoxsa sonradan ideoloji çərçivəyə salınmış siyasi narrativ?

AMİP lideri Etibar Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, Güney Azərbaycan məsələsi heç bir halda Stalinin sırıdığı mif kimi qəbul oluna bilməz:

“Çünki Stalindən əvvəl də bu ideologiya olub. Azərbaycan mövcud olub və onu iki hissəyə parçalayıblar: bir hissəsi Rusiyanın, bir hissəsi isə İranın tərkibində olub. Ancaq Azərbaycan Azərbaycandır və Güney Azərbaycan ideologiyasını Stalinin adına bağlamaq milyonlarla insanın milli ideologiyasına, milli hədəfinə çevrilmiş bir məsələni bir diktatorun adına bağlamaq ən azı insafsızlıqdır və hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”.

Etibar Məmmədov onu da deyib ki, İrandakı proseslər inqilab hesab olunmalıdır:

“İnqilab olması o demək deyil ki, bu inqilab İranın parçalanmasına yönəlib. Hələlik bu inqilab molla rejimindən azad olmaq istiqamətində gedən bir inqilabdır. Həm də ona görə inqilab hesab olunmalıdır ki, ideoloji bazasını dəyişmək və normal, sivil bir dövlət istiqamətindədir. İnsanlar həmişə birinci iqtisadi məsələlərdən, sosial narazılıqlarla prosesə başlayırlar və sonra proses siyasi narazılığa çevrilir və rejimin dəyişməsinə gətirib çıxarır. Çox ölkələrdə də belə olub. İrandakı proses milli azadlıq ideologiyasına dönüşməsi və İranda ayrı-ayrı dövlətlərin qurulması istiqaməti ala bilərmi? Mən düşünürəm ki, bu da ola bilər. Ancaq bu gün belə bir məsələ gündəmdə deyil. Güney Azərbaycandakı indiki hadisələr də yenə də sosial narazılıqlar üzərində qurulub. Eyni zamanda bunun içərisində milli narazılıq da var. Milli təqiblərə qarşı, dilin inkişafının qarşısının alınması xəttinə qarşı narazılıqlar da var. Lakin bunlar hansı nəticələri verəcək, biz bu gün dəqiq deyə bilmərik. Güney Azərbaycan buna nə dərəcədə hazırdır, onu da deyə bilmərik”.

AMİP lideri qeyd edib ki, böyük dövlətlərin İranın parçalanmasına qarşı olması da fakt kimi qəbul edilməlidir:

“İstər Rusiya, istər ABŞ, istər Türkiyə olsun, bu cür dövlətlər hazırda İranın bütövlüyünün tərəfdarıdırlar. Sadəcə olaraq rejimin dəyişməsini istəyirlər”.