İyulun 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov iştirakçılara layihə haqda ətraflı məlumat verib və müraciətlə bağlı prosedurları izah edib.
O, iştirakçıların diqqətinə çatdırıb ki, ilkin seçim mərhələsinin sentyabr ayında başlanması planlaşdırılan layihədə iştirak etmək üçün müraciət edən sənətçilər ayda bir dəfə kastinqə dəvət ediləcəklər və onlar arasında seçim həyata keçiriləcək.
Bacarıq və istedadları ilə fərqlənərək seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmək üçün 3 aylıq qüvvədə olan rəylər veriləcək.
Sənətçilərə verilən rəylərin qüvvədəolma müddəti bitdikdə Bakı Turizm İnformasiya Mərkəzinə yenidən müraciət edərək onları yeniləyə və ya fəaliyyətlərini davam etdirməyə bilərlər.
Qeyd edək ki, dövlət qurumlarının dəstək olduğu layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.
"Küçə sənətçiləri" layihəsininin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır.
Layihədə iştirak etmək istəyən şəxslər 0124981244 şəhər nömrəsinə zəng edə və ya [email protected] elektron poçtuna müraciət ünvanlaya bilərlər.