"Seçkinin nəticəsindən partiya olaraq tam razı qalmasaq da,.."

Yusif Bağırzadə: "Əgər biz erməniləri əsir götürüb məhkəməyə çəksəydik, beynəlxalq qurumlar hər gün bəyanat verərdi”

"Həm TANAP, həm də TAP Azərbaycanın tranzit ölkəyə çevrilməsi yolunda mühüm proyektlərdir. Təbii ki, regionda olan bəzi ölkələr bu layihələrin gündəmə gəlməsinə, reallaşmasına xoş baxmırlar. Xəzərdə qonşu olan bəzi ölkələr qeyd etdilər ki, Xəzər dənizinin dibi ilə kəmərlərin çəkilməsi dənizə ekoloji problemlər yaradacaq. Məncə, bu sadəcə siyasi gedişdir və istək odur ki, bu layihə baş tutmasın. Azərbaycan əslində ekoloji məsələlərə ciddi yanaşır, dəniz ətrafında neft buruqlarını sökərək parklar tikilir”.

Bunu Teleqraf.com-a müsahibəsində AMİP sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik:

- Yusif bəy, 2014-cü il başa çatır. Bu il nə ilə yadda qalacaq?

- Əvvəla, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımızı təbrik edirəm. Hesab edirəm ki, ilk öncə ölkə daxilində həmrəy olmalıyıq. Azərbaycan olaraq böyük problemlərin öhdəsindən həmrəy olaraq gələ bilərik. Konkret deyim ki, mən bu həmrəyliyi 2014-cü ildə gördüm. Bildiyiniz kimi, bu il Azərbaycanda iqtidar partiyası ilə müxalifət partiyaları arasında görüş keçirildi. Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bir təşəbbüslə çıxış etdi, görüş təşkil edildi. Bu, gələcəkdə dialoqun baş tutmasını deməyə imkan verir. İkincisi, ilk dəfə olaraq Avropa Yay Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Arzu edirəm ki, bu oyunlarla bağlı 2014-cü ildə görülən böyük çaplı fəaliyyətin 2015-ci ildə nəticəsini görək. Həm dövlətimiz, həm də xalqımız dünyada tanınsın. Həm də, bura gələn qonaqlar və iştirakçılar Azərbaycanın necə bir dövlət olduğunu, gözəlliyini görsünlər, pozitiv ab-havanı dünyaya yaysınlar. Sözsüz ki, 2015-ci ildə Azərbaycanda mühüm hadisələr olacaq. Həm Avropa Yay Olimpiya Oyunları, həm də Milli Məclis seçkiləri azı 5 ildən bir baş verir. Arzu edirəm ki, bu sınaqdan hamımız üzü ağ çıxacaq, ölkəmiz daha da güclənəcək. Əlbəttə, indi dünyada gərgin proseslər gedir, kataklizmlər yaşanır. Neftin qiyməti aşağı düşür, bəzi dövlətlər tənəzzül edir, bəziləri yüksəlir. Arzum budur ki, Azərbaycan bu proseslərdən uduşla çıxsın, inkişaf davam etsin. Biz həmrəy olmalıyıq. Bu, olduqca vacibdir. AMİP olaraq həmrəyliyə açığıq. 2014-cü ildə Dağlıq Qarabağ problemi ilə bağlı ciddi bir nəticə əldə edə bilmədik. Arzu edirəm ki, 2015-ci ildə Dağlıq Qarabağ problemi istiqamətində də irəliləyiş əldə olunsun.

- 2014-cü ilin avqustunda cəbhədə atəşkəsdə pozuldu, Siz hətta müharibəyə getməyə hazır olduğunuz haqda bəyanatda verdiniz. Bu il cəbhədə atəşkəsin pozulması, Azərbaycanın müharibəyə hazır olduğu il kimi yadda qalacaqmı?

- Bəli. Doğru qeyd etdiniz. Bu ilin yayında cəbhədə atəşkəs rejimi pozuldu, Azərbaycan tərəfi də müəyyən tədbirlərə əl atdı. Bizdə elə həmin an bəyanat verdik ki, müharibəyə getməyə hazırıq. Bu ölkə bizimdir və onun torpaqlarını da biz qorumalıyıq. Bu məsələdə müxalifətçilik, partiyalılıq rol oynamır. Arzu edirəm ki, Qarabağ məsələsinə dair 2015-ci ildə pozitiv addımlar atılsın. Bu məsələ sülh yolu və ya müharibə yolu ilə həll edilsin. Heç olmasa Qarabağa aidiyyəti olmayan və işğal edilən 7 rayonumuz azad edilsin. Qarabağ münaqişəsinə dair limit artıq bitib. Ancaq bu problemi də həll etmək üçün biz həmrəy olmalıyıq.

- 2015-ci ildə hakimiyyət-müxalifət görüşü davam edəcəkmi?

- Hesab edirik ki, davam edəcək. Bildiyiniz kimi, partiyaların bir çoxunun ofisi yoxdur, büdcədən maliyyələşmir. Əli müəllim növbəti görüşdə partiyaların maliyyələşməsi haqda müzakirələrin açıla biləcəyini qeyd etdi. Hiss edilirdi ki, Əli müəllim şəxsən özü bu ideyanın başında dayanır və istəyir ki, dialoq baş tutsun. Biz də həmin görüşdə iştirak etdik. Qeyd etdik ki, hətta 2 il əvvəl siyasi partiyalar haqda qanuna edilən dəyişikliklər həm də proporsional seçki sisteminin tətbiqinə imkan verir. Qulamhüseyn Əlibəyli də dediklərimi təsdiq etdi. Əli müəllim də, orada qeyd etdi ki, partiyaların maliyyələşməsi məsələsinə yenidən baxılacaq, hətta Milli Məclisdə təmsil olunmayan partiyaların da maliyyələşməsinə diqqət etmək olar. Hesab edirəm ki, bütün bunlar pozitiv addımdır. Ancaq orada da qeyd edildi ki, ölkədə rəsmən qeydiyyatdan keçən partiyaların sayı 55-ə yaxındır. Bu isə çoxdur və hamısına maliyyə yardımı edilə bilməz. Hətta qeyd edildi ki, bu partiyaların çoxu birləşməlidir. Çünki elə partiyalar var ki, bir nəfərdən və ya on nəfərdən ibarətdir. Hesab edirəm ki, 2-3 aydan bir belə müzakirələr təşkil olunmalıdır.

- 2014-cü il iqtisadi baxımdan nə ilə yadda qalacaq?


- Bu il TAP layihəsi ilə bağlı müqavilə imzalandı. Bu, mühüm hadisə idi. Azərbaycan karbohidrogen məhsulları ixrac edən ölkədən tranzit ölkəyə çevrilir. Həm TANAP, həm də TAP Azərbaycanın həm də tranzit ölkəyə çevrilməsi yolunda mühüm proyektlərdir. Təbii ki, regionda olan bəzi ölkələr bu layihələrin gündəmə gəlməsinə, reallaşmasına xoş baxmırlar. Xəzərdə qonşu olan bəzi ölkələr qeyd etdilər ki, Xəzər dənizinin dibi ilə kəmərlərin çəkilməsi dənizə ekoloji problemlər yaradacaq. Məncə, bu sadəcə siyasi gedişdir və istək odur ki, bu layihə baş tutmasın. Azərbaycan əslində ekoloji məsələlərə ciddi yanaşır, dəniz ətrafında neft buruqlarını sökərək parklar tikilir. Həm də TAP və TANAP layihəsi ilə bağlı İtaliya və Yunanıstanda bəzi qüvvələr etiraz etdi, bunun ekologiyaya mənfi təsiri ola biləcəyini qeyd etdilər. Məncə, bu da əsaslı deyil, sadəcə bu proyektin reallaşmasını istəməyən qüvvələrin lobbi fəaliyyətinin nəticəsidir. Bildiyiniz kimi, Cənub Axını Rusiyanın, Cənub Dəhlizi isə Azərbaycanın layihəsidir. Bu layihələrlə bağlı da rəqabət gedir. Hesab edirəm ki, Azərbaycanın tranzit dövlətə çevrilməsi siyasətini ciddi şəkildə dəstəkləmək lazımdır və bu gözəl ideyadır.

- 2014-cü il başa çatdı, AMİP olaraq bu ildəki fəaliyyətinizi necə qiymətləndirirsiniz və 2015-ci ildə fəaliyyətinizi necə quracaqsınız?

- Bildiyiniz kimi, bələdiyyə seçkiləri keçirildi. Biz seçkiyə təkbaşına getdik. Seçkinin nəticəsindən partiya olaraq tam razı qalmasaq da, hər halda AMİP üzvlərindən seçilən oldu. Mənim müavinim isə ölkə üzrə ən çox səs alan namizəd oldu. Arzuxan Əlizadə 7 minə qədər səs toplamışdı. İndi seçkilərin nəticəsi tam açıqlanmayıb, proses gedir. Biz də nəticələri gözləyirik. 2015-ci ildə isə parlament seçkiləri olacaq. Çalışacağıq ki, parlament seçkilərinə blok şəklində gedək. Ümid edirik ki, bu seçkilər daha uğurlu olacaq. Biz əlbəttə ki, bütün fəaliyyətimizi seçkilərə uyğun quracağıq, çalışacağıq ki, seçkilərdə aktiv fəaliyyət göstərək, mümkün qədər xalqdan səs alaq. Biz parlament seçkilərinə son dərəcə əhəmiyyətli seçki kimi yanaşırıq.

- Deyirsiniz ki, seçkiyə blok formatında getmək istəyirsiniz, bəs müttəfiqləriniz varmı?

- Açığı, parlament seçkilərinə blokla getmək haqda ideyanı KXCP qərargahında səsləndirdik. Burada KXCP, ALP, Azad Demokratlar Partiyası, AMİP iştirak edirdi. Sonradan qərara gəlindi ki, bələdiyyə seçkiləri gəldiyi üçün bundan sonra ideyanı yenidən gündəmə gətirək. Mən belə başa düşürəm ki, siyasi ab-havanı dəyişmək lazımdır. Bunu da ancaq hakim partiya edə bilər. Bildiyiniz kimi Azərbaycanı ideoloji-dini poliqona çevirmək istəyən qüvvələr var. Bunların qarşısını kəsmək üçün siyasi partiyalara diqqət ayrılmalıdır.

- AMİP-in beynəlxalq əlaqələri necədir və 2015-də nələr gözlənilir?

- AMİP Beynəlxalq Demokratlar İttifaqında təmsil olunur. Eyni zamanda biz Avropa Xalq Fraksiyasında müşahidəçi qismində təmsil olunuruq. Hakim partiya da orada müşahidəçi qisimdə iştirak edir. Çalışacağıq ki, 2015-ci ildə ora üzv ola bilək. Nəzərə alın ki, Avropa Xalq Fraksiyası Avropa Parlamentində ən çox səsi olan fraksiyadır. Bütün müzakirələr bu fraksiyada aparılır, sonradan parlamentə çıxarılaraq qərar halına gətirilir. Orada qərarlara təsir etmək üçün oranın üzvü olmalıyıq. Bu fraksiyada Ermənistandan iki, Gürcüstandan isə üç siyasi təşkilat təmsil olunur. Ötən dəfə keçirilən iclasda Sarkisyan və Ovenesyan məsələ qaldırdı ki, 2015-ci ildə saxta "soyqırımı” günü keçirək. Əgər biz fraksiyanın üzvü olsaydıq, bu kimi təkliflərin qarşısını ala bilərdik. Bunun üçün də biz Azərbaycan parlamentində təmsil olunmalıyıq. Ümid edirik ki, 2015-də bütün bunlara nail ola biləcəyik, həmin fraksiyada müşahidəçi deyil, tam hüquqlu təmsilçilik əldə edə biləcəyik.

- 2015-də Dağlıq Qarabağ münaqişəsi həll edilə bilərmi?

- Hesab edirik ki, həll olunmalıdır. Əlbəttə, ölkənin daxili və xarici siyasətini Prezident müəyyən edir. Ancaq bu münaqişə sülh və ya müharibə yolu ilə həll edilməlidir. Biz sülhün tərəfindəyik. Bu məsələnin 2014-cü ildə həll edilməməsi, 2015-ci ilə saxlanılması o deməkdir ki, Minsk qrupunun ciddi fəaliyyəti yoxdur, əlində rıçaq da mövcud deyil. Odur ki, vəziyyəti dəyişməliyik. Lazım gəlsə, Minsk qrupundan çıxıb, başqa müstəvidə iş aparmalıyıq. Avropa Parlamentinin, BMT-nin münaqişəyə dair qətnaməsi var. Biz reqlament xətrinə danışıq aparası deyilik, lazım gəlsə müharibə edə bilərik. Azərbaycan ordusunda silahlanma yaxşıdır, müasir texnika və texnologiya var, regionun ən güclü ordusudur. Ukrayna hadisələri də göstərdi ki, MDB məkanında Rusiyadan sonra ən güclü ordu bizimdir. Xankəndində əsir götürülən bizim vətəndaşlarımıza hökm oxunub. Bu, birbaşa beynəlxalq hüququn pozulmasıdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata-baba torpaqlarına gediblər. Məncə, biz beynəlxalq qurumları tənqid etməli, göstərməliyik ki, insanlar öz vətənlərinə getdiyinə görə, həbsə atılır, işgəncəyə məruz qoyulur. Əgər biz erməniləri əsir götürüb məhkəməyə çəksəydik, indi beynəlxalq qurumlar hər gün bəyanat verirdilər. Bu məsələyə zəif yanaşmamalıyıq. Hesab edirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət etməli, protest verməliyik. Bu işi beynəlxalq məhkəməyə daşımalı və eyni zamanda onların məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə yönəltməliyik.

Nemət