Azərbaycanda hibrid bir siyasi rejim formalaşdırılır

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkiləri, Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar, o cümlədən "Siyasi partiyalar haqqında" yeni qanunla partiyalara 5 min üzvlə bağlı verilən müddətin bitməsinə az qalması və sair məsələlər ölkənin gündəmində əsas mövzu olaraq qalır.

Mia.az bu və ya digər məqamlarla bağlı AMİP Mərkəzi Şurasnın üzvü, politoloq Əli Orucovdan müsahibə götürüb.

Həmin müsahibəni təqdim edirik:

- Əli bəy, Türkiyədəki seçki günümüzn əsas müzakirə mövzusudur. Sizə elə gəlmir ki, bizim cəmiyyət qardaş ölkədəki seçkiyə həddən ziyadə köklənib? Hətta elə anlar olur ki, ölkənin siyasiləri, jurnalistləri bir-birlərini Ərdoğan və Kılıçdaroğluna görə söyür, təhqir edirlər...

-14 mayda Türkiyədə keçirilən prezident və parlament seçkiləri çox gərgin mübarizə şəraitində açıq, şəffaf və demokratik şəkildə keçirildi. Əhalinin seçki fəallığı da çox yüksək səviyyədə oldu. Türk xalqı dünyaya daha bir parlaq seçki nümunəsi göstərdi. Əsas diqqət isə yeni prezidentin kim olacağına fokuslanmışdı. Bu post uğrunda 4 namizəd mübarizə apasa da onlardan biri M.İnci səxs həyat ilə santaj olunaraq marafonu yarımçıq tərk etdi və sonadək 3 namizəd - hazırkı prezident “Cümhur”  ittifaqının namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət” ittifaqının namizədi Kamal Kılıcdaroğlu və “ATA” İttifaqının namizədi Sinan Oğan mübarizəni davam etdirdilər. Əsas mübarizə isə R.Ərdoğanla K.Kılıcdaroğlu arasında idi. Çoxluq Ərdoğanın mütləq səs çoxluğu ilə qalib gələcəyini proqnozlaşdırsa da, səsvermənin nəticələri prosesi 2-ci tura daşıdı. Lakin parlamentdə Ərdoğanın ittifaqı 322 deputat yeri əldə etməklə, ikincu tura böyük avantajla getməkdədir. 

Bildiyiniz kimi Türkiyədə 14 mayda keçirilən seçkilərə təkcə Türkiyədə deyil, beynəlxaıq aləmdə də, o cümlədən Azərbaycan da da böyük diqqət və maraq vardı. Azərbaycanda hətta maraq o qədər böyük idi ki, ölkədə keçirilən seçkilərdə bu qədər fəallıq göstərməyirlər.  Bunun səbəblərindən biri də o idi ki, Azərbaycan cəmiyyəti hesab edirdi ki, Ərdoğanın yenidən postunda qalması bizim bütün problemlərimizi həllinə kömək edəcək və yaxud da əksinə Kamal Kılıcdaroğlu seçiləcəyi təqdirdə, Türkiyə bizdən uzaqlaşacaq. Hətta Kılıcdaroğluna qarşı xoş olmayan düşmən, antitürk kampaniyası aparıldı. Fikrimcə, Azərbaycan hakimiyyəti ölkədəki müxalifət düşərgəsinə sərgilədiyi eyni mövqeyi türk siyasi müstəvisinə də tətbiqi çox yanlışdır və bunun arzuolunmaz nəticələri ola bilər. Birdəfəlik bilmək lazımdır ki, Türkiyədə dövlətin başında kimlərin olmasından asılı olmayaraq Azərbaycan-Türkiyə qardaşlığına, türk xalqı ilə azərbaycan xalqı arasında birliyinə xələl gətirmək mümkün deyildir. 

Açıq demək lazımdır ki, Azərbaycanın Türkiyədəki seçkilərə hansısa formada müdaxiləyə cəhdi yolverilməzdir. Çünki Türkiyə qardaş ölkə olsa da müstəqil dövlətdir, seçki ənənələrinə malik demokratik yapıya sahibdir. Türk cəmiyyəti isə öz dövlətlərinə hər zaman sahib çıxıblar. Azərbaycanda isə tamam fərqli sistem mövcuddur və cəmiyyətimizin, seçicilərimizin və hakimiyyətin seçkilərə olan neqativ münasibəti nəticəsinədə bir dəfə də olsun demokratik seçki keçirilməyib. Seçkili qurumların legitimliyi və funksiyaları, fəaliyyəti, nüfuzu və s. problem olaraq qalmaqdadır.  

- Türkiyədəki seçkinin həm bölgəyə, həm də birbaşa Azərbaycana təsirini necə qiymətləndirirsiniz?

- Türkiyədə keçirilən seçkilər bayaq da dediyimiz kimi, həm bölgəyə, həm də Azərbaycana təsirsiz ötüşməyəcək. Türkiyə son dövrlər çox aktiv və pozitiv, çevik xarici siyasət yürüdür. Bu gün Türkiyəsiz regondakı prosesləri təsəvvür etmək mümkün deyil. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatçısı kimi hazırda Türkiyəni görürəm. Həm də ona görə ki, Türkiyə regiona öz təsir dairəsi, keçmiş metropoliyası kimi deyil, bərabərhüquqlu dost, tərəfdaş  və mehriban qonşusu kimi yanaşır.  

Bir vaxtlar Qərbin təsiri altında olan rəsmi Ankara artıq dünyanın siyasi, iqtisadi, hərbi, eləcədə tranzit güc mərkəzlərindən birinə çevrilməkdədir. Doğrudur iqtisadi-maliyyə sıxıntıları zaman-zaman yaşanıb. Lakin bunlar da əsasn qərbin basqısı səbəbindən baş verib. Prezident Ərdoğanın harizması, Türkiyənin milli maraqlarının müdafiəsində qətiyyəti, müstəqil siyasəti, eləcə də şəxsi keyfiyyətləri onun dünya miqyasında rəqiblərini də artırıb. Çünki dünya siyasətini müəyyənləşdirən güclər və liderlər Türkiyənin və Ərdoğanın simasında yeni bir gücün və liderin meydana çıxmasını istəmirlər. Odur ki, 14 mayda baş tutan seçkilərə də, 28 mayda prezident seçkilərinin 2-ci turuna da hər bir daxili və xarici güclər öz prizmasından, öz maraqlarından yanaşır. 

Düşünürəm ki, Ərdoğanın yenidən prezident seçilməsi Azərbaycanın bir sıra böyük və vacib planlarının reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Xüsusən də bölgəmiz və formalaşmaqda olan Türk Birliyi üçün vacib əhəmiyyət kəsb edən Zəngəzur dəhliznin açılması, Türk coğrafiyasını birləşdirəcək bu nəqliyyat kommunikasiya xəttinin istifadəyə verilməsi böyük nailiyyət olardı. Eyni zamanda indiki həssas və bəzi qüvvələrin Azərbaycana davamlı təzyiqlərinin intensivləşdiyi, Ermənistan-Azərbacan münasibətlərinin normallaşdırılması istiqamətində göstərilən səylərin artması fonunda Türkiyə kimi böyük bir dövlətin və Ərdoğan kimi dünyamiqyaslı  liderin dəstəyinə ciddi zərurət var.  

İkinci turda Ərdoğanın qalib gələcəyi artıq heç kimdə şübhə doğurmur. Mayın 28-də Türk xalqı yenə də böyük seçici aktivliyi ilə gedib öz prezidentini seçəcək. 

-  Bu seçkiyə həm də ABŞ-Rusiya qarşıdurması kimi baxanlar da var. Ancaq Baydenin reaksiyasından bəlli oldu ki, Türkiyədə kimin prezident seçilməsi ABŞ üçün fərq etmir. Sizcə, Baydenin bu özgüvəni nədən qaynaqlanır?

- Belə yanaşmalar oldu. Bu da əsas olaraq ondab qaynaqlanırdı ki, son dövrlər Ərdoğan ABŞ-ın maraqlarına deyil, Türkiyənin maraqlarına uyğun siyasət aparır. Hətta bu, Ağ Evlə qarşıdurmaya və gərginliyə yol açır. Xüsusən də Ağ Evin PKK-nın bir qolu olan YPK/PYD terror təşkilatına, FETÖ-ya qarşı dəstəyi, Suriyada yeni terror yuvalarının qurulmasında Pentaqonun iştirakı, silah sursatla tıminatı kimi Türkiyənin təhlükısizliyini təhdid edən məslələrdə Ankara ilə kritik dönəmlər yaşandı. Bunun əksinə olaraq, Türkiyənin Moskva ilə əlaqələrinin genişləndirməsi, Qərbin sanksiyalarına qoşulmaması, təbii ki zahiri rəy formalaşdıra bilər. Seçkilərin birinci turunda Bayden çox istərdi ki K.Kılıcdaroğlu qalib olsun. Kamal bəy görünür, ABŞ üçün daha məqbul siyasətçidir.  Lakin artıq ABŞ-da anlayır ki, mayın 28-də Ərdoğan yenidən Türkiyənin prezidenti seçiləcək. Və Ərdoğanla münasibətləri daha da gərginləşdirmək, ümumilikdə isə Türkiyəni itirmək Vaşinqton üçün çox böyük  bir itki olardı. Bu, Rusiyanın və Çinin əlini gücləndirmiş olardı. Odur ki, Bayden pozitiv bir jest etməklə, əslində, Türkiyə və onun  seçiləcək prezidenti ilə  bundan sonra da əməkdaşlıq edəcəyinə işarə vurur.  Təbii ki, Türkiyə üçün də belə bir əməkdaşlıq vacibdir. Türkiyə NATO üzvüdür və ABŞ-la münasibətlərinin qorunub saxlanılması, yaxud da inkişaf etdirilməsi Ankaranın xarici siyasətinin ana xəttidir.

- Türkiyədə seçki kontekstində Qarabağ ətrafında baş verənlər sanki arxa plana keçib. Halbuki, Azərbaycanla Ermənistan arasında ABŞ-da başlayan, Brüsseldə davam edən  və bir neçə gün əvvəl isə Moskvada sanki nöqtələnən danışıqlar bizi daha çox maraqlandırmalı idi. Siz bu görüşləri necə dəyərləndirirsiniz? Sizə elə gəlmədi ki, ABŞ-da başlayan danışıqlar Moskavanı sanki narahat etdi və bunun ardınca bölgədə yenidən gərginlik yarandı? 

- Bəli, sizin bu fikrinizlə razıyam. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti, o cümlədən siyasi və ictimai təsisatlar ölkədəki vacib, həyati əhəmiyyətli məsələləri qoyub xarici ölkələrin daxilində gedən proseslərə fokuslanırlar. Bu, təkcə Türkiyə ilə məhdudlaşmır. Ən qlobal problemlər barədə fikirlər səsləndirilir, amma ölkdə tuğyan edən haqsızlıqlardan, ədalətsizliklərdən, korrupsiya və rüşvət hallarından nədənsə tənqidi fikir söyləməyə sanki cürət çatmır. Azərbaycan, tədricən qapalı və sərt idarəçiyi özündə ehtiva edən bir ölkəyə çevrilib.  Aktual mövzu Qarabağ ətrafında baş verənlər, Ermənistan-Azərbaycan danışıqlardan ibarət deyil. Fərqinə varılmır ki, Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazansa da, növbəti etapda uğurların davamı gəlmədi. Söhbət həm daxili, həm də xarici siyasətdə buraxılan ciddi səhvlərdən gedir. Azərbaycan Qərb-Rusiya qarşıdurması fonunda Qərbin enerji təhlükəsizliyinin və nəqliyyat  saxələndirlməsində özünün açar rolundan taleyüklü milli problemlərinin həllində istifadə etmək əvəzinə, daha sərt siyasi rejim yaratmaq üçün bəhrələndi. Yaxud 2020-ci ilin 8 noyabr Ermənistan Rusiya və Azərbaycan arasında imzalanan bəyanatda öz əksini tapan Azərbaycanın suveren ərazisindən qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılmasına və Naxçıvanı qərb rayonları ilə birləşdirən nəqliyyat dəhlizinin açılmasına hələ də nail ola bilməyib. Halbuki bunların hər ikisi ölkənin təhlükəsizliyinə böyük risqlər və təhdidlər yaratmaqdadır. 

Qaçqınların işğaldan azad edilmiş ərazilərdə yenidən məsklaşdırılması çox ləng gedir. Mən onu da anlayıram ki, mina təhlükəsi var. Lakin tutaq ki, keçmiş Hadrut rayonuna qaçqınların yerləşdirilməsinə, məncə, start vermək olardı. Sanki gözəgörünməyən hansısa qüvvə bu məskunlaşmaya maneçilik törədir. Rəsmi statiskaya inansaq, indiyədək işğaldan azad olunmuş ərazilərdəki infrastrukturun tikilməsinə, tikinti inşaat işlərinə 7 milyard manat dövlət büdcəsindən vəsait ayrılıb. Amma ortada bu məbləğə müvafiq nəticə yoxdur və müxtəlif bəhanələrlə məlumatları qapalı saxlayırlar. Haqlı etiraz doğuran məslələrdən biri də ondan ibarətdir ki, həmin ərazilər sadə vətəndaşlarımız üçün əl çatmaz, ün yetməzdir. Bəzi məlumatlara inansaq, işğaldan azad olunmuş ərazilər, yararlı torpaqlar, kənd təsərrüfatının inkişafında rol oynayan sahələr dövlət yetkililəri arasında bölünüb, pay-püş edilib. Hazırda da istifadədədir.  Bu cür neqativ vəziyyət Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasət aparmasına ciddi əngəllər yaradır. Xarici güclərin əlinə Azərbaycana təzyiqlər göstərməsinə fürsət verir. Baxmayaraq ki, Azərbaycan hərb meydanında qalib dövlətdir və şərtləri də diqtə etməlidir.  Amma rəsmi Bakı hələ də gecikir, güzəştlərə meyllilik göstərir. Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi gec də olsa quraşdırıldı. Təqdirəlayiqdir. Lakin Rusiya sülhməramlıları pərdəsi ilə ərazimizə yerləşdirilən rus ordusu onların məsuliyyət zonasına daxil olan suveren ərazilərimizə silah sursat, və şəxsi heyət daşınır. Paradoksal hal həm də ondan ibarətdir ki, həmin Nəzarət Buraxılış Məntəqəsində Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər hansı ölkənin vətəndaşlıq pasportunu təqdim edirlər?! Fikrimcə, həmin ərazidə məskunlaşan  ermənilərə əgər Azərbaycanın qanunları ilə yaşamağa razıdırlarsa, cəmiyyətə reeinteqrasiyaya olunursa, dövlətçiliyimizə və xalqımıza qarşı törədilən cinayətlərdə bu və ya digər şəkildə iştirakı yoxdursa, filtirizasiyadan keçirilib vətəndaşlıq sənədi verilməlidi. Onların ölkəmizdə yaşayan digər etnik azlıqlardan üstün hüququları ola bilməz. 

Azərbaycan Ermənistan arasında aparılan danışıqlara gəlincə, hesab edirəm ki, Moskva həmişə olduğu kimi, bu prosesi formal həyata keçirir və tormozlamağa çalışır. Kremlin gündəliyində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ümumilikdə isə Cənubi Qafqazda sabitliyin və sülhün yaradılması yoxdur. Rəsmi İrəvan da Azərbaycanla indiki şərtlər altında sülhə hazır deyil. Ermənistan müxtəlif bəhanələrlə sülh danışıqlarını uzatmaqla özü üçün əlverişli məqam gözləyir. Ona görə də Azərbaycandan başqa Moskva və İrəvanda sülh danışıqlarının imitasiyası ilə məşğul olduqlaırnıd eyə bilərəm. Məncə, Qərbin və ABŞ-ıın davamlı səylərinə baxmayaraq, sülh danışlaqının və münasibətlərin normalaşması barədə danışmaq hələ çox tezdir. 

- Moskva niyə bu bölgədə daimi sülhdən qaçır ki?

- Çünki Kreml çox yaxşı anlayır ki, Ermənistanla Azərbaycan razılığa gəlib sülh sazişi bağlasalar, onun regionda təkcə hərbi varlığı deyil, siyasi varlığı da real və sual altına düşəcək. Bu isə Rusiyanın çox əhəmiyyətli geopolitik bölgə olan Cənubi Qafqazı itirməsi demək olardı. Təbii ki, Rusiyanın Ukrayna ilə müharibəyə başı qarışsa da, bu heç də o demək deyil ki, Cənubi Qafqazla ilgilənmir. Regiona Ermənistan vasitəsi ilə Fransanın, yaxud da Qərbin hansısa formada müdaxiləsinə sərt reaksiya verməsi təsadüfi deyil. Azərbaycan-Ermənistan liderləri  cənab İlham Əliyev və Nikol Paşinyan arasında  Brüselldə Aİ rəsmisi Ş.Mişelin təşəbbüsü ilə aparılan danışıqlardan dərhal sonra Kreml hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərini Moskvaya çağırdı. Ardınca isə Azərbaycan-Ermənistan liderləri də Kremlı dəvət olunurlar. Putin bununla həm də onu nümayiş etdirir ki, Cənubi Qafqaz Rusiyanındır, əvvəl deyildiyi kimi Ermənistan-Azərbaycan sülh razılaşmalarının da açarı onun əlindədir. Hesab edirəm ki, Putinin ambisiyalarına baxmayaraq Azərbaycanla Ermənistan arasında subistantiv danışıqlar, intensiv təmaslar, həmçinin  Qərbin və Türkiyənin dəstəyi ilə müəyyən irəliləyişlərə nail olmaq mümkündür. Əgər Ermənistan siyasi iradə göstrə, reallıqları düzgün qiymətləndirə bilsə, revanşist xəyallara düşməsə sülh sazişinın bağlanmasına da ümid bəsləmək olar.     

-  Bəy, sualımızı bir az da konkretləşdirək. Sizcə, Qarabağ probleminin birdəfəlik həlli və İrəvanla sülh sazişini ABŞ, daha dəqiqi, Qərb, yoxsa Moskva səmimi istəyir? 

- Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ problemi artıq yoxdur. Bu problemi Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq qələbəsi ilə tarixin zibilliyinə atdı. Məsələ indi Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılmasından və Qarabağ iqtisadi rayonunda məskunlaşan sayı 15-20 min nəfər olan erməni vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə reeinteqrasiyasıdır.   

Moskva imkan versə də verməsə də, Azərbaycanın bu məsələləri də öz iradəsi və gücü ilə həll edəcəyinə inanıram. Lakin görünən o ki, ABŞ və onun Qərbli müttəfiqlərindən fərqli olaraq, Rusiya Azərbaycanla Ermənistan arasında normal münasibətlərin yaranmasına maraqlı deyil. Təəssüflər olsun ki, son dövrlər Fransa höküməti də aktif şəkildə destruktiv mövqe sərgiləməkdə, separatizm və terrorçuluğa dəstək verməkdədir. Məncə, İrəvanla sülh sazişinin imzalanmasına və bundan sonra regionda davamlı sülhə, təhlükəsizliyə nail olunacağına, Ermənisatının  təcavüzkar siyasətdən imtina edəcəyinə aludə olmamalıyıq. Bu sülh sazişi sadəcə olaraq hüquqi məna kəsb edə bilər. Amma beynəlxalq hüquqda bir dövlətin başqa bir dövlətin işağlına yol verməməsi halı nəzərdə tutulmasına baxmayarq Ermənistan Azərbaycanın  20 faiz toprağını 30 il işğal altında saxladı. Nə beynəlxalq hüquq, nə hamlıqlıqla qəbul edilən ümumi prinsiplər nə də bu hüququn işləməsinə məsuliyyət daşıyan beynəlxalq qurumlar, dövlətlər bir dəfə də olsun işğalçını hətta öz adı ilə çağırmadılar.  Odur ki, Azərbaycan dövləti gülcü və qüdrətli olmağa məhkum və məcburdur ki, ermənilər özləri sülh müqaviləsinin bağlanması üçün bizə minnətçi düşsünlər.  

- Daxili siyasətə dönək. Bilirisiniz ki, gələn ay partiyaların 5 min üzvüylə bağlı reyestr sistemi istifadəyə veriləcək. Bilirsiniz ki, bu, partiyaların təkrar qeydiyyatında "kilid nöqtə" sayılır. Bu istiqamətdə bir dəfə müsahibəmiz olub. İndi vəziyyət nə yerdədir? AMİP prosesi bitirməyə hazırdırmı? 

- Qeydiyyata alınmış partiyaların yeni qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanunun tələbləri ilə yenidən qeydiyyata alınmasını mən qanunsuz hal hesab edirəm. Bu tələb yeni qanunun qəbulundan sonra yaranacaq partiyalara şamil olunmalı idi. Hakimiyyətin bu addımı absurd və qanunsuz olsa da, başqa partiyalar kimi AMİP də məcburiyyət qarşısında qaldı. Bizim üçün 5 min üzv problem olmadı. 1992-ci ildən fəaliyyət göstərən və ilk qeydiyyatdan keçən bir partiya həmin sayı qısa müddət ərzində  topladı. Bu, bizə imkan verdi ki, yüzlərlə partiyaya yeni üzvlər cəlb edək. İstər partiyanın mərkəzi seçkili  orqanları, istərsə də rayon təşkilatları çox fəal işlədilər. AMİP sədrinin təşkilat məsələləri üzrə müavini  Afsəddin Nəbiyevin göstərdiyi  fəaliyyət xüsusli ilə qeyd edilməlidir. Təşkilat işlərinə cavabdeh şəxs kimi demək olar ki, əsas yük onun çiyinlərindədir və bu işin öhdəsindən bacarıqla gələ bilir. 

Təəssüf ki, Azərbaycanda əksər hallarda keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilir. Halbuki, say  o qədər də  önəmli faktor olmamalıdır. Tarixdə kifayət qədər nümunələr göstərmək olar ki, hətta klub halında yaranan partiyalar qısa müddətdə kütləviləşib və aparıcı qüvvəyə çevrilib. Yaxud da əksinə yüz minlərlə üzvü olan partiyalar çox qısa müddət ərzində dağılıb, tarixdən silinib.Bu cür nümunələri iqtidardakılar da bilməmiş olmazlar. Məqsəd ondan ibarərdir ki, partiyalar daim hakimiyyətin basqısı altında qalsın, Prezident Administrasiyasından idarə edilsin, istənilən vaxt isə çox asan şəkildə sıradan çıxarıla bilinsin. Onsuz da Azərbaycanda partiyalı siyasi sistem və siyasi plüralizm sıradan çıxarılıb. Açıq demək lazımdır ki, bu gün Azərbaycanda hibrid bir siyasi rejim formalaşdırılır. Media nəzarətdə, vətəndaş cəmiyyətləri nəzarətdə, iqtisadiyyat-maliyyə inhisarda, siyasi partilara da bundan sonra total nəzarətə keçəcək.  Bu, çox təhlükəli tendensiyadır. Nə qədər ki, gec deyil, bu cür yanaşmadan, bu cür idarəçilik fəlsəfəsindən imtina etmək lazımdır.

-  Bəy, bilirisiniz ki, beynəlxaq təşkilatlar, o cümlədən Avropa Parlamenti "Siyasi Partiyalar haqqında" Qanunu da pisləyən rəy verib. Və bu qanunun geri qaytarılaraq düzəliş edilməsini tövsiyə edib. Maraqlı budur ki, Avropanın bu tələblərinə yerli təşkilatlar dəstək vermək əvəzinə, susurlar. Sanki partiyalar bu qanunu ikiəlli qəbul edib, dəstəkləyir. Niyə belədir? 

- Elə indiki mənzərə həmin avropalıların Azərbaycan iqtidarı ilə birgə işbirliyi nəticəsində meydana çıxan acınacaqlı vəziyyətdir. Qərb Azərbaycanda ikili oyun oynadı. Bir yanda müxalifətə, demokratik qüvvələrə yalançı vədlər verdi, illuziyalar yaratdı, digər yandan hakimiyyətlə bazarlığa gedib, maraqlarını təmin etdi. Azərbaycan hakimiyyətindən istədiyi güzəştləri qopardı.

Azərbaycan müxalifətinin də illlər uzunu səhvləri ondan ibarət oldu ki, Qərb demokratiyasına, Qərbin dəstəyinə  aşırı dərəcədə inandı. Halbuki Qərbin Azərbaycana baxışları iqtisadi, ticari anlaşmalardan o yana keçmirdi. İndinin özündə də Qərb üçün maraqlı deyil Azərbaycanda qismən də olsa demokratik təsissatlar yaradılıb inkişaf etdirilsin. Bəyanatlarda da, işgüzar görüşlərdə də əsas vurğu enerji, biznes, iqtisadi sahələrin üzərindədir. Və bu gözləntilərin əksini görən demokratiya uğrunda mübarizə aparanları da, işiq ucunu buna bağlayanları da ümidsizliyə sövq etdi. Cəmiyyət də, cəmiyyətin fəal kəsimi olan siyasi partiyalar da öz taleləri ilə barışmaq məcburiyyətində qaldılar.

Siz təsəvvür edin, ölkə gündəmini dəyişə bilən, prezidentlik iddiasında olan, “gur-gur guruldayan” partiyalar indi hakimiyyətdən səlahiyyətsiz parlamentdə bir-iki deputat yeri qazanmaq üçün Prezident Admnistrasiyasının hansısa şöbə müdrinin diqtəsi ilə fəaliyyətini qurub. Çox qarışıq və tünd  tablodur.  Həm də vahimdir. Ona görə də hesab edirəm ki,  beynəlxalq və regional təşkilatların da, Avropa Parlamentinin də “Siyasi partiyalar haqqında” qanunu pisləməsi heç nəyi dəyişməyəcək. Çünki həmin qurumların özü korrupsiya və digər neqativ hallara görə nüfuzlarını xeyli itiriblər. Üstəlik də, bu qurumların səmimiliyinə və efektif bir addım atacağına inam demək olar ki, qalmayıb. Partiyalar da bilirlər ki, Qərb təsissatları formalizmdən uzağa gedə bilmirlər. Odur ki, partiyalar da Azərbaycan iqtidarı ilə dil tapmağa üstünlük verirlər. Təəssüf ki, praktikada bu taktika özünü doğrutmaqdadır.

 

Millət