İranda normal bir dövlət quruculuğu həyata keçirilməlidir

“İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə alçaqcasına hücum edilib, bu heç bir halda cavabsız qala bilməz. Bu əslində molla rejiminin sonu, süqutu deməkdir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, molla rejiminin sonu yaxınlaşdıqca bir qədər də aqoniya vəziyyətinə düşürlər. 

“Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq belə riyakar mövqe təbii ki, bizim də adekvat addımlar atmağımızı özündə ehtiva edir. Hesab edirəm ki, cənubda yaşayan soydaşlarımız da bu məsələlərə biganə qalmayacaqlar. Orda yaşayan soydaşlarımızın haqqı, hüququ bərpa edilməklə İranda yeni bir dönəmin başlayacağını proqnozlaşıdıram və bu mütləq mənada olmalıdır. Çünki bu cür riyakar qonşularla yanaşı yaşamaq bütövlükdə region üçün böyük təhlükədir, Azərbaycan üçün də böyük təhlükədir. Bu rejim tezliklə çıxıb getməlidir. İranda normal bir dövlət quruculuğu həyata keçirilməlidir ki, orda yaşayan soydaşlarımız da öz dövlətçilik ənənələrini bərpa etmiş olsunlar”, - deputat bildirib.

A.Əlizadə hesab edir ki, İranın Azərbaycana, Türkiyəyə qarşı sərgilədiyi mövqe heç də təsadüfi deyil: “Bunlar bilrəkdən atılan addımlardır. Söhbət həm Türkiyəyə raket atılmasından, həm Azərbaycan ərazisinin dronla vurulmasından gedir. Bu təxribatlar birmənalı olaraq əvvəlcədən planlaşıdırlıb. Onlar müharibənin bütövlükdə regionu əhatə etməsini istəyirlər. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd etdi ki, İran özü ilə bərabər bütün regionu bataqlığa sürümək istəyir. Təbii ki, bununla bağlı kifayət qədər məlumat var, ona görə də nazir məsələyə bu formada münasibət bildirdi. Yəni molla rejimi Azərbaycanı da, Türkiyəni də, digər region dövlətlərini də prosesə qoşaraq müharibənin coğrafiyasını genişləndirməklə özünün mövcudluğunu hansısa formada qoruyub saxlamağı hədəfləyir. Bu da mümkün olan məsələ deyil. Onsuz da region ölkələrinə qeyri-dost münasibət sərgilənirdi. İran bütün qonşularına düşmən münasibəti bəsləyib. Müharibə başlayandan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Küveyt vurulur, baxmayaraq ki, müharibə ABŞ və İsraillə aparılır, vurulan ölkələr sıralamasında İsrail sonuncu yerdə gəlir. Daha çox region və qonşu ölkələr hədəfə alınır. Bir gün əvvəl Türkiyənin, ardınca Azərbaycanın hədəfə alınması bir daha onu deməyə əsas verir ki, İranın mövcud molla rejimi aqoniyadadır, bütövlükdə müharibənin arealını genişləndirməklə özünün mövcudluğunu hansısa formada qoruyub saxlamağı hədəfləyir. Amma bu mümkün deyil. Bu əslində molla rejiminin daha tez süquta uğrayacağını deməyə əsas verən  ciddi amildir”.