Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə AMİP-in təbriki

Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə AMİP-in təbriki
Bu gün bütün Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gündür. 35 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar əsrlər boyu azadlıq arzusu ilə yaşayan, milli iradəsini və dövlətçilik əzmini qoruyub saxlayan xalqımızın mübarizəsinin təntənəsi idi.

Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix müstəqillik amalımızı daha da möhkəmləndirdi. Həmin illərdə Azərbaycan xalqı yalnız azadlığını tələb etmirdi o, gələcək nəsillər üçün müstəqil dövlətin təməlini qoyurdu. Bu mübarizənin önündə gedən istiqlalçılar xalqımızın milli iradəsinin ifadəçiləri, dövlət müstəqilliyimizin ideya daşıyıcıları oldular. Təsadüfi deyil ki, 18 Oktyabr tarixi ərəfəsində oktyabrın 16-da “Millət” qəzetinin sınaq nömrəsində Etibar Məmmədovla və Fuad Ağayevin hazırladıqları ilkin layihə dərc edilmişdi. Bu, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmdə tanınması və dövlətçiliyimizin gələcəyi ilə bağlı ilkin sənəd olmuşdur. İki gün sonra isə müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktına düzəlişlər olunaraq qəbul edildi və xalqımızın azadlıq arzusu tarixi gerçəkliyə çevrildi. Müstəqillik illəri Azərbaycan üçün həm böyük qürur, həm də ağır sınaqlar dövrü oldu. Torpaqlarımızın işğalı, minlərlə şəhidimizin fədakarlığı, qaçqın və məcburi köçkünlərimizin yaşadığı ağrılar müstəqilliyin və dövlət suverenliyinin nə qədər qiymətli olduğunu bir daha göstərdi. Lakin Azərbaycan xalqı heç vaxt öz dövlətinə, torpağına və gələcəyinə inamını itirmədi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünün bərpası yolunda tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazisində bərpa edildi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır, şəhər və kəndlərimiz dirçəlir, soydaşlarımız doğma yurdlarına qayıdırlar. Bütün bunlar quruculuqla bərabər milli iradəmizin, tarixi ədalətin və müstəqil dövlətçilik əzmimizin təntənəsidir. Müstəqilliyimizin bərpasının 35-ci ildönümünü dərin ehtiram və böyük qürur hissi ilə qeyd edərək inanırıq ki, xalqımızın birliyi, milli həmrəyliyimiz və dövlətçilik iradəmiz Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirəcək, gələcək nəsillərə güclü inkişaf etmiş modern dövlət miras qoyacaqdır.

Əziz həmvətənlər!

Müstəqilliyimiz mübarizəmizin, fədakarlığımızın və milli iradəmizin nəticəsidir. Onu qorumaq, möhkəmləndirmək və əbədi yaşatmaq hər birimizin müqəddəs borcudur.

18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!

Yaşasın müstəqil, suveren və bütöv Azərbaycan!

Azərbaycan Milli İstiqlal Partiyası

18.10.2026