Heydərli kənd icmasında görüş keçirilib

Qərbi Azərbaycan İcmasının Böyük Qarakilsə rayon icmasının təşkilatçılığı ilə Heydərli kənd icmasında görüş keçirilib. Görüşdə hüquq elmləri doktoru, professor, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, Böyük Qarakilsə rayon icmasının sədr müavini Hümbət Tanrıverdiyev, Heydərli kənd icmasının sədri Oruc Alıyev, Mollaqışlaq kənd icmasının sədri Adil müəllim, Arçut kənd icmasının sədri Rəfayət müəllim, Dızman kənd icmasının sədri Bayram müəllim, Hallavar kənd icmasının sədr müavini Mərifət xanım, Heydərli, Arçut və Hallavar kənd icmalarını üzvləri iştirak ediblər.

Görüş Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İştirakçıları salamlayaraq görüşü açıq elan edən hüquq elmləri doktoru, professor, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov ik öncə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərlinin salamlarını çatdırıb. Qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi xalqımızın tarixi yaddaşı, milli kimliyi və pozulmuş hüquqlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından müxtəlif dövrlərdə deportasiyaya məruz qalması xalqımızın yaddaşında silinməz izlər buraxıb. Bu tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi və ictimai vəzifəsidir. Zahid Cəfərov vurğulayıb ki, Qərbi Azərbaycan İcması tərəfindən irəli sürülən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Konsepsiyanın əsas məqsədi doğma yurdlarından didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz tarixi torpaqlarına qayıtmaq hüququnun təmin edilməsidir. Bu hüququn reallaşdırılması beynəlxalq hüquqi mexanizmlərin, dialoqun və sülhün təşviqini zəruri edir. O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət davam etdirilməlidir. Bu prosesdə tarixi sənədlərin, arxiv materiallarının, elmi araşdırmaların və şahid xatirələrinin toplanması xüsusi əhəmiyyət kəsb edir. Zahid Cəfərov kənd icmalarının fəaliyyətinin bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, hər bir kənd icması öz tarixi, adət-ənənələri, mədəni irsi və tarixi yaşayış məskənləri haqqında məlumatları qoruyub saxlamalıdır. İcma üzvləri arasında əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin bu istiqamətdə maarifləndirilməsi və təşkilati işlərin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhali arasında geniş təbliğinin vacibliyini də qeyd edib. Bildirib ki, bu istiqamətdə görülən işlər vahid məqsəd, həmrəylik və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Zahid Cəfərov, həmçinin icmaların hesabatlılığının, üzvlərin fəallığının və təşkilati intizamın əhəmiyyətini vurğulayıb. Sonda o, hər bir icma üzvünü Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, tarixi yaddaşın qorunmasında və qayıdış ideyasının təşviqində fəal olmağa çağırıb.

Görüşdə çıxış edən digər iştirakçılar da Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, tarixi torpaqlarımızdan deportasiya olunmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnun müdafiəsi ümummilli əhəmiyyət daşıyan məsələdir. Çıxışlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qarşıya qoyduğu məqsəd və vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu konsepsiyanın mahiyyətinin icma üzvləri və geniş ictimaiyyət arasında təbliği mühüm əhəmiyyət kəsb edir. İcma nümayəndələri tarixi yaddaşın qorunması, deportasiya faktlarının sənədləşdirilməsi və maddi-mədəni irsin öyrənilməsi istiqamətində görülən işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Eyni zamanda, kənd icmaları arasında əməkdaşlığın genişləndirilməsi, üzvlərin ictimai fəallığının artırılması və gənclərin bu prosesə cəlb olunması məsələləri önə çəkilib. İştirakçılar birgə fəaliyyətin gücləndirilməsinin qarşıya qoyulan məqsədlərə nail olunmasına töhfə verəcəyini bildiriblər. Çıxışlarda Qərbi Azərbaycana qayıdışın sülh, beynəlxalq hüquq və qarşılıqlı anlaşma prinsipləri əsasında həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Görüşdə qarşılıqlı dialoq şəraitində fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr və icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Daha sonra Heydərli kənd icmasının hesabatı dinlənilib və hesabat qənaətbəxş hesab edilib.

Görüşün sonunda rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup icma üzvünə təşəkkürnamələr, Qərbi Azərbaycan İcmasının sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.