Belqrad-Moskva xətti heç də Qərbin tam istəyi üzərində qurulmayacaq

Serbiyada Aleksandr Vuçiçin hakimiyyətinin sona çatması ilə bağlı yayılan məlumatlar ölkənin siyasi gələcəyi və Rusiyanın Avropadakı tərəfdaşları ilə münasibətləri ətrafında müzakirələri gücləndirir. Tələbə etirazlarının siyasi proseslərə təsiri və Moskva ilə yaxın əlaqələri olan liderlərin üzləşdiyi çətinliklər Avropada geosiyasi münasibətlərin dəyişməsi baxımından diqqət çəkir.
Serbiyada tələbə etirazlarının siyasi nəticələri ölkənin xarici siyasət kursuna və Rusiya ilə münasibətlərinə necə təsir göstərə bilər?
Viktor Orban və Aleksandr Vuçiçlə bağlı iddialar fonunda Rusiyanın Avropadakı siyasi təsir imkanlarının zəiflədiyini demək olarmı, yoxsa bu prosesləri ayrı-ayrı ölkələrin daxili siyasi dinamikası ilə izah etmək daha doğrudur?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Serbiyada iki il davam edən tələbə etirazları özünün müsbət nəticəsinə çatdı. Parlament seçkilərində tələbə hərəkatı və hərəkatın yaratdığı “Tələbə siyahısı” qalib gələrək təkbaşına hökumət formalaşdırmaq hüququ əldə etdi. Beləliklə də, Macarıstanda Orbandan sonra Serbiyada da 14 ildir hakimiyyətdə olan Aleksandr Vuçiç ağır məğlubiyyətə uğradılaraq yola salındı.

“Putinlə sıx münasibətləri olan daha bir liderin postundan uzaqlaşdırılması itki hesab olunsa da, bu, Rusiya ilə əlaqələrin qopması anlamını vermir. Macarıstan Avropa Birliyinin üzvü olaraq Kremlə daha çox xeyir verirdi. Orban Birlik üçün başağrısına çevrilmişdi və bir çox məsələlərdə də maneə yaradırdı. Macarıstandan fərqli olaraq, Serbiya Avropa Birliyinin üzvü deyil və neytrallıq statusunu da qoruyub saxlayır. Seçki öncəsi “Tələbə siyahısı” hərəkatının verdiyi bəyanatlarda və cəmiyyətə təqdim etdiyi platformada diqqət daha çox daxili problemlərə fokuslanıb. Xarici siyasətində fundamental dəyişikliyin olacağı demək olar ki, görünmür. Hərəkat Rusiya ilə münasibətlərini saxlayacaq və sanksiyalara qoşulmayacaq”.

Politoloq bildirib ki, hətta Vuçiç dönəmində Qərbin Serbiya üzərindən Ukraynaya silah tədarükünün də dayandırılacağı açıq şəkildə ifadə olunub. Serbiya Rusiya təbii qazından ciddi şəkildə asılıdır. Ölkə idxal etdiyi mavi yanacağın 90 faizini Rusiyadan alır. Eyni zamanda, digər yanacaq növləri də Rusiyanın hesabına təmin olunur:

“Doğrudur, yeni formalaşacaq kabinet Moskva ilə əməkdaşlığa əvvəlki kimi “slavyan qardaşlığı” prizmasından deyil, milli maraqların təmin olunması prizmasından yanaşacaq. Moskva ilkin olaraq eyham vuraraq Peskovun dilindən “Tanqo rəqsi üçün iki tərəf lazımdır” formasında əməkdaşlığa bundan sonra da maraqlı olduğunu çatdırıb. Yeni qurulacaq kabinet və formalaşacaq parlament demək olar ki, texnokratlardan ibarət olacağından, seçicilərə də sosial, iqtisadi və digər daxili problemlərin həlli vəd edildiyindən düşünürəm ki, fəaliyyət də daha çox bu istiqamətdə olacaq. Belqrad-Moskva xətti heç də Qərbin tam istəyi üzərində qurulmayacaq”.