Töhmət alacaq, hətta vəzifəsindən uzaqlaşdırılacaq icra başçıları ola-ola...

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

BŞİH-dən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Tanınmış politoloq  Əli Orucov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət verilməsinə belə münasbət bildirib:

"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verib. Paytaxt rayon icra hakimiyyəti başçıları arasında ən yaxşı işləyənlərdən biri, vətəndaşlara həmişə açıq olaq Adil Əliyevə belə bir cəza verilməsi təəccüb doğurdu. Məncə, burda başqa səbəbləri axtarmaq daha düzgün olardı. A.Əliyev Parlament sədrinin müavini olanda da az- az yüksək vəzifə sahiblərindən biri olaraq istənilən vaxt əl çatan idi. Töhmət alacaq, hətta vəzifəsindən uzaqlaşdırılacaq icra başçıları ola-ola Suraxanı kimi kasıb və problemlərlə dolu bir rayonun icra başçısına töhmət verməkdənsə, dəstək olmaq daha doğru qərar sayılardı."