"Azərbaycan üçün tam şərait var ki, hərbi gücü hesabına Ermənistanı sülhə məcbur etsin...”
"Ilk növbədə Azərbaycan xalqını, o cümlədən işğal altından azad olan bölgələrimizin sakinlərini ordumuzun uğurlu əməliyyatları münasibətilə təbrik edir, gözaydınlığı verirəm... Artıq döyüşlərin həlledici mərhələsi, yəni "Laçın dəhlizi” deyilən ərazinin – Ermənistanla Qarabağı birləşdirən yolun qapadılması uğrunda döyüşlər yaxınlaşır. Demək olar ki, praktiki cəhətdən məsələ həll olunmaq üzrədir”.
Bu fikirləri Moderator.az əməkdaşının "Artıq müzəffər ordumuzun 28 il öncə sizin də Müdafiə Şurasının üzvü, deputat və partiya lideri kimi könüllü tabor yaradaraq müdafiə olunmasına dəstək verməyə çalışdığınız və Laçın rayonunun azad olunması uğrunda döyüşlərinə az qalıb. Siz eyni zamanda həmin günlər Türkiyədə Qarabağla bağlı müəyyən siyasi görüşlərdə də iştirak etmisiz. Necə düşünürsüz, "Laçın dəhlizi” deyilən Laçın-Şuşa-Xankəndi yolunun nəzarətə götürülməsi Azərbaycana hansı siyasi-diplomatik üstünlükləri qazandıracaq” sualını cavablandırarkən söyləyib.
"İnşallah, tezliklə "Laçın dəhlizi”nin azad edilməsinin, yəni işğalçı və separatçı ermənilərin üzünə bağlanmasının da siyasi nəticələrini görəcəyik. Yəni Ermənistanın siyasi təslimiyyəti artıq gün məsələsidir. Hərbçi olmadığım üçün hərbi əməliyyatlara qiymət vermək istəmirəm. Görünən odur ki, Azərbaycan ordusu üzərinə düşən vəzifələri gərəyincə və uğurla yerinə yetirir. Odur ki, dediyim kimi, bunun uğurlu siyasi nəticələri yaxın günlərdə mütləq olmalıdır. Çünki ermənilərin təslim olmaqdan başqa yolu yoxdur... Və ölkə rəhbərliyi də Azərbaycan əsgərinin rəşadəti sayəsində qazanılmış üstünlük hesabına öz şərtlərini diqtə edəcəklər. Bütün üstünlük Azərbaycan tərəfindədir”- deyə Etibar Məmmədov vurğulayıb.
"Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda ABŞ Dövlət katibi ilə bugünkü görüşündən ermənilər nəsə müsbət nəticə əldə edə bilərlərmi?” sualını isə AMİP lideri belə cavablandırıb:
"Amerikadakı danışıqlar, zənnimcə, elə bir həlledici əhəmiyyətə malik deyil. Yəqin, sadəcə, tövsiyələr veriləcək ki, tezliklə hərbi əməliyyatlar dayandırılsın. İndiyə qədər hərbi əməliyyatların dayandırılması Azərbaycana sərfəli deyildi. Artıq Laçın dəhlizinin bağlanması və Qarabağdakı erməni qüvvələrinin mühasirəyə alınmasından sonra Ermənistanın təslim olması şərti ilə hərbi əməliyyatların dayandırılması və onlar tərəfindən şərtlərin qəbul olunması həyata keçirilə bilər. Dünən də Rusiya prezidenti V.Putinin söylədiyi kimi, o da Qarabağ məsələsini həllində ABŞ-la əməkdaşlıq etmək istəyir. Onun da mövqeyi bəlli oldu ki, Rusiya heç bir halda Qarabağdakı əməliyyatlara müdaxilə edə bilməz. Və Azərbaycan üçün, demək olar, tam şərait var ki, hərbi gücü hesabına Ermənistanı sülhə məcbur etsin. Sülhə gəlməsi isə ermənilərin təslim olmasından keçir...”
Sultan Laçın