"Azərbaycanda məişət cinayətkarlığının kütləviləşməsinin baiskarı "Amfetamin”("Amfetamin” - psixiki-aktiv maddə, mərkəzi əsəb sisteminin stimulyatorudur.Həddən artıq böyük doza vaxtı bütün bu effektlər həddindən artıq görünür. Uzunmüddətli istifadə vaxtı psixi asılılığa səbəb olur. Stimullaşdıran effekt fəallığın və gümrahlığın artımı, yüksək əhval-ruhiyyə, yorqunluğun, iştahın və yuxu istəyinin azalmasından ibarətdir- red.) həbləridir.
Son dövrlər ailə cinayətlərinin sayı bu maddənin ölkəyə gəlişindən sonra artıb. "Amfetamin” Hitlerin alimlərinin kəşfidir, əsgərlərə günlərlə yatmamaq və ağına-bozuna baxmadan önlərinə çıxanı biçmək üçün verilirdi”.
Bunu tanınmış yazıçı Aqşin Yenisey son bir həftədə 12 qadına qarşı zorakılıq faktından danışarkən deyib.
Aqşin Yenisey məsələ ilə bağlıCebhe.info-ya açıqlamasında bildirib ki, hazırda Türkiyədə bu cür həblərə qarşı ciddi mübarizə aparılır:
"Türkiyədə dövlət səviyyəsində bu cür psixotrop həblərə qarşı mübarizə aparılır və müzakirələr gedir. 3 ildə şəxsən özüm Ankarada dəfələrlə bu maddələrin təsiri ilə küçələrdə "hoqqa çıxaran”, gözünə görünən hallisünasiyalarla dalaşan adamlar görmüşəm. Dost-tanışlar Bakıda da bu cür həblərin yayıldığını söyləyir. Sözsüz ki, bu mülahizələrin fakt olduğunu təsdiqləmək üçün geniş araşdırma aparmaq lazımdır”.
Yazıçı bu maddələrin insan orqanizminə təsiri haqqında sənədli filmin də olduğunu vurğulayıb:
"Bu həblərin insana təsiri haqqında "Hitlerin doktorları” adlı sənədli film də var. Mən "National Geographic" kanalında izləmişdim. SS doktorları günlərlə heç bir insani məsuliyyət hiss etmədən döyüşə bilmək üçün əsgərlərə belə psixotrop həblər veriblər. Filmdə bunlar arxivlərdəki sənədlərlə öz təsdiqi tapır. İndi həmin "Amfetamin” həbləri narkotik bazarında da var və nisbətən ucuz olduğu üçün əlçatandır. Cinayətkarlığın məişət formasının birdən-birə bu cür şiddətlənməsi istər-istəməz hər kəsi düşündürür. Bunun tarixi, sosial, psixoloji, əxlaqi tərəfləri var, amma bu cür şiddətlənmə daha tez təsir edən bir amillə bağlı ola bilər”.
Həmsöhbətimiz xəyanətin birdən-birə cinayətin kütləviləşməsində əsas səbəb ola bilməyəcəyini vurğulayıb:
"Kişi və qadın ta cənnətdən qovulandan bir-birinə xəyanət edir, bu, cinayətin birdən-birə kütləviləşməsinə səbəb ola bilməz. Mən Ankarada küçələrdə şəxsən tanış olduğum və Bakıdakı dostlardan eşitdiyim hadisələrə əsasən, fikirləşirəm ki, insanların psixi durumuna süni şəkildə müdaxilələr var və bu müdaxilə psixotrop həblər ola bilər”.
"Amfetamin” həblərinin insan orqanizminə vurduğu zərərlərlə bağlı Cebhe.info-ya danışan həkim-farmakoloq Aydın Əliyev isə bu həblərin istifadəsinin qanunla qadağan olduğunu qeyd edib:
"Oyandırıcı təsir göstərdiyinə görə amfetamin istifadə etmək olmaz. Bu, psixotrop maddədir, eyforiya verir. Ondan istifadə etdikcə, insanda asılılıq yaranır. Bu həblər insanın ağlını, idrakını əlindən alır. Elə insanları tez ələ almaq, idarə etmək asan olur. Bunlar narkotik maddədir. Amma ailələrin dağılmasını, məişət problemlərini, qadın zorakılığını, cinayəti təkcə dərmanlarla əlaqələndirmək olmaz. Dərman bunun bir qolu ola bilər. Ailələrdə münaqişənin yaranmasında sosial problemlərin də rolu var. Bəzi ailələrin məqsədyönlü qurulması da bu kimi hallara yol açır. Həmçinin, maddi problemlər də münaqişə yaradır. Narkotik maddələrdən istifadə belə məqsədyönlü olur. Bu, böyük problemdir”.
Aydın Əliyev qeyd edib ki, "Amfetamin” həblərinin satışı qadağandır:
"Qeyri-qanuni satılması cinayətdir. Ancaq psixiatrların icazəsi ilə istifadə etmək olar”.Cebhe.info