AMİP-dən Baş Prokurorluğa tövsiyə

Bu gün Baş Prokurorluq Kəlbəcərdə jurnalistlərin ölümü ilə nəticələnən terror aktıyla bağlı açıqlama verərək kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqda günahlandırıb. 
 
Ovqat.com-un məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin açıqlamasında qeyd olunur ki, hadisənin baş verdiyi ərazi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir. 
 
Açıqlamada həmçinin erməni qanunsuz silahlı birləşmələrinin işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə etdiyi, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minaladıqları bildirilir.
 
AMİP isə Baş Prokurorluğun bu iddiaları ilə razılaşmır. Partiyanın Mərkəzi Şurasının sədri Rəşad Bayramovun fikrincə, bu cür açıqlamalar həm Müdafiə Nazirliyini, həm də bölgənin minalardan təmizlənməsini, eləcə də gediş-gəlişi təmin edən digər qurumları da töhmət altında saxlamağa xidmət edir:

“Əvvəla, hadisənin baş verdiyi anın görüntülərindən də açıq-aydın görsənir ki, minaların basdırıldıqları yerdə torpaq qatı digər ərazidəki torpaqdan fərqlənir. Əgər minalar düşmən Kəlbəcəri tərk edən zaman basdırılıbsa altı ay ərazində qar və yağışın təsiri ilə, özü də Kəlbəcər kimi dağlıq ərazidə çoxdan palçıqla örtülməli və digər torpaq örtüyü ilə eyni rəngdə olmalı idi. 
 
İkincisi, hadisədən bir neçə gün əvvəl elə Kəlbəcər rayonu ərazisində zərərsizləşdirilərək əsir götürülən erməni diversiya qrupunun da minalar basdırmaq məqsədilə ərazilərimizə daxil olduğu barədə Müdafiə Nazirliyinin açıqlaması var. Bütün dünyaya erməni diversiya qruplarının terror məqsədilə ərazilərimizə soxulduğu haqda bəyanatlar yaydığımız bir zamanda Baş Prokurorluğun belə bir açıqlama ilə çxıış etməsi nəyə xidmət edir bilmirəm.
 
Digər bir tərəfdən isə bu açıqlama həm Müdafiə Nazirliyini, həm də bölgənin minalardan təmizlənməsini, eləcə də gediş-gəlişi təmin edən digər qurumları da töhmət altında saxlamağa xidmət edir. Belə ki, əgər həmin minalar doğurdan da 6 ay əvvəl basdırılıbsa o zaman həmin ərazi minalardan niyə təmizlənməyib? Yox əgər o yol hələ də minalardan təmizlənməmiş əraziyə aiddirsə, o zaman mülki şəxslərin olduğu avtomobil həmin yola necə buraxılıb? Baş Prokurorluğa tövsiyə edərdim ki, minaların yeni basdırıldığını istisna edirsə o zaman zəhmət çəkib bu suallara aydınlıq gətirsin”.