AMİP-dən hökümətə istefa çağırışı

Dünən AMİP Siyasi Şurasının Bakı, Sumqayıt, Abşeron və bir sıra digər RT sədrlərinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. İclasda ölkədəki mövcud iqtisadi-siyasi böhran, regionlarda keçirilən etiraz aksiyaları, 20 Yanvar anım gününə hazırlıq və gündəlikdə duran digər cari məsələlər müzakirə edilib.

Siyasi Şura ölkədəki mövcud iqtisadi və siyasi durumu təhlükəli böhran həddi kimi qiymətləndirmiş, bunun arzuolunmaz nəticələr verəcəyindən narahatlığını ifadə etmişdir. Siyasi Şura çıxış yolu kimi indiki hökümətin istefasını, məsuliyyətsiz məmurların cəzalandırılmasını məqsədəmüvafiq hesab etmiş, siyasi və iqtisadi sahədə köklü islahatlar keçirilməsinin, ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə təcili məsləhətləşmələr aparılmasının, müxtəlif sahələr üzrə mütəxəssislər də cəlb edilməklə antiböhran proqramının işlənib həyata keçirilməsinin vacibliyini bəyan etmişdir.

AMİP Siyasi Şurası bahalaşma ilə əlaqədar regionlarda keçirilən aksiyalar zamanı həbs olunanların tezliklə azadlığa buraxılmasını, başlanan cinayət işlərinin ləğvini, eləcə də narazılığa səbəb olan halların aradan qaldırılmasını və sərbəst toplaşma azadlığının tanınmasını, xalqa həqarətlə yanaşan, onları təhqir edən, haqlı etirazları zorakılıqla boğan məmurların cəzalandırılmasını tələb edib.

Siyasi Şura hər il olduğu kimi bu il də 20 Yanvar şəhidlərinin anım gününə mütəşəkkil hazırlıqla əlaqədar müvafiq partiya strukturlarına, Rayon Təşkilatlarına lazımi tapşırıqlar verib.