AMİP Siyasi Şurası son dövrlərdə geniş müzakirə mövzusu olan Kəşmir problem ilə bağlı məsələni müzakirə edərək bildirir ki, Kəşmir məsələsinə Pakistan-Azərbaycan münasibətləri kontekstində yanaşmaq lazımdır.
Pakistan Azərbaycan müstəqilliyini ilk tanıyan dövlətlərdən olmaqla yanaşı bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Onu da qeyd etmək lazımdır ki, müharibə başlanacağı təqdirdə hər cür hərbi dəstək verməyə hazır olduğunu bildirən Pakistan müsəlman dövlətləri içində Ermənistanla heç bir diplomatik münasibəti olmayan və ümumiyyətlə Ermənistanı dövlət kimi tanımayan yeganə dövlətdir. Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub.
AMİP Siyasi Şurası, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhməndin "Biz qardaş Azərbaycandan dəstək gözləyirik” çağırışına qoşularaq Azərbaycan hökumətini və ictimaiyyətini Kəşmir probleminin həllində Pakistanın yanında olmağa çağırır.
AMİP Siyasi Şurası hesab edir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında Kəşmir təmas qrupunun üzvü kimi Pakistana tam dəstək verməli, beynəlxalq təşkilatlarda məsələnin müzakirəsi zamanı neytral mövqe sərgiləməməli, birbaşa Pakistanın yanında olmalıdır.