AMİP xalqa müraciət etdi

Aprelin 2-nə keçən gecədən başlayaraq ötən gün ərzində Azərbaycan-ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində erməni işğalçı qüvvələrinin növbəti təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlara tam dəstəyimizi ifadə edirik.

Milli Ordumuza şərəfli missiyasını yerinə yetirməkdə başarılar diləyir və hər an istənilən dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik! Bu yolda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi Azərbaycan dövlətinin yanında olmağa çağırırıq!

İşğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad olunması Azərbaycan dövlətinin danılmaz hüququdur və tərəfləri hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə əməl etməyəçağıran beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin liderləri, eləcə də illlərdir ki, məsələnin həllindən daha çox konservləşdirilməsinə çalışan ATƏT-in Mins qrupunun həmsədrləri başa düşməlidirlər ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vəchlə barışmayacaq və bu gün cəbhədə itirilmiş hər bir insan həyatına görə bilavasitə onlar məsuliyyət daşıyırlar.

Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan yaralılara şəfa diləyirik.

Azərbaycanımızı qoruyaq! Qələbə bizimlədir!