Demokratiya, insan haqları, media azadlığı dəyərləri dünya üzrə tənəzzülə uğrayır. Şərtlər o qədər ağırlaşır, bəşəriyyətin başı elə qarışıb, bu cür ali və vacib dəyərlərlə bağlı tələblər, standartlar az qala yada düşmür.
Vəziyyətin nə qədər davam edəcəyi, bu amillərin daha nə qədər diqqətdən kənarda qalacağı isə maraq doğurur.
AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, koronovirus dünyaya özü ilə birlikdə yeni yanaşmalar gətirib. Bu gün dövlətlər daha çox öz sərhədləri daxilində mücadilə verir. Əsas diqqət və problemlər bu virusdan az itkilərlə çıxmaqdır. Ona görə də demokratik dəyərlər, insan hüquqları kimi anlayışları arxa plana keçirilib: "İndi insan həyatı və dövlətlərin təhlükəsizliyi məsələləri ön plandadır. Lakin bu heç də o demək deyil ki, demokratiya, insan haqları, söz, mətbuat və din azadlıqları tamamilə gündəmdən çıxarılıb. Sadəcə, cəmiyyətlərin özü könüllü surətdə özünü təcridə keçib. Bu halin isə uzun çəkəcəyini düşünmürəm. Hesab etmirəm ki, dünyadakı avtoritarizmə meylli dövlət və hökumət rəhbərləri koronovirus səbəbindən yaranmış müəyyən boşluqlardan uzun müddət rahat şəkildə sui-istifadə edə biləcəklər”. "Yeni Müsavat”