"İyulun 21-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər və əldə edilən razılaşmalar Bakının Qərbə inteqrasiyası və əməkdaşlığın daha da dərinləşməsi istiqamətində qazandığı növbəti böyük uğurudur".
Bunu Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Almaniya dünyanın iqtisadi və texnoloji nəhəglərindən biridir. Eyni zamanda Qərbin açar və aparıcı ölkəsidir, beynəlxalq siyasətdə mühüm rol oynayır:
"Avropa İttifaqında söz sahibi olan Almaniyanın Azərbaycanla əməkdaşlığının dərinləşməsinə xüsusi diqqət ayırması təsadüfi deyil. Ukrayna-Rusiya və ABŞ-İran müharibələri məcbur edir ki, enerji ilə bağlı yürüdülən siyasətə yenidən baxsın. Etibarlı və potensial alternativlər və tərəfdaş tapsın. Azərbaycan etibarlı və sabit tərəfdaş olduğunu sübut edib. Bakıya güvənilir və onunla əməkdaşlıq tərəflər üçün fayda gətirir. Azərbaycan Aİ-nın 10 ölkəsinə mavi yanacaq tədarük edir. Almaniya da artıq Azərbaycandan təbii qaz idxal edir və bunun həcminin artırılmasında maraqlıdır. AFR-Azərbaycan arasında imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkan verəcək ki, əməkdaşlıq şaxələndirilsin və bütün sahələri əhatələsin. Bunun üçün də birgə işçi qrupunun yaradılması nəzərdə tutulur".
Əli Orucov qeyd edib ki, Azərbaycan nəqliyyat, enerji və dialoq üçün mərkəzə çevrilib, əhatəsini də genişləndirməkdədir:
"Bərpaolunan enerji ilə iddialı layihələri Almaniyanın enerji tələbatına da dəstəyini verəcək. Səfərdə diqqət çəkən məqamlardan biri də kənd təsərrüfatı sahəsində Berlinin təcrübəsindən yararlanmaq, qabaqcıl texnalogiyaları cəlb etməkdir. Məlum olduğu kimi, kənd təsərrüfatı sektoru ölkənin dayanıqlığında önəmli rol oynayır. Hesab edirəm ki, Almanita kimi bir dövlətlə münasibətlərin üst səviyyədə qaldırılması həm Azərbaycan, həm də ümumilikdə Cənubi Qafqaz üçün də müsbət tendensyalar gətirəcək".