Etibar Məmmədovdan MSK sədrinə sərt ittihamlar: “Məzahir Pənahov orada özü üçün şəxsi heyət yaradıb...”

 
Xəbər verdiyimiz kimi, son günlər Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının yenidən formalaşdırılmasının ciddi qanun pozuntuları ilə müşayiət olunması, bu prosesin ədalətsiz və qeyri-şəffaf şəkildə həyata keçirilməsi barədə iradlar səslənir.
 
Belə iradlardan birini də dünən saytımıza açıqlamasında AMİP-in fəxri liderinin köməkçisi Əli Orucov bildirib(.burada:)
 
AMİP-in fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov da bu gün Moderator.az-a açıqlamasında məsələyə öz münasibətini bildirib:
 
Etibar Məmmədov qeyd edib ki, səsləndirilən iradlar tamamilə haqlıdır. Onun sözlərinə görə, seçki komissiyalarının formalaşdırılması ilə bağlı qanun mövcuddur və bu qaydalar Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyalarına və məntəqə seçki komissiyalarına şamil edilir.
 
AMİP-in fəxri lideri diqqətə çatdırıb ki, Mərkəzi Seçki Komissiyasının üçdə biri qanunla hakim partiyanın, digər üçdə biri isə Milli Məclisdə təmsil olunan partiyaların ixtiyarına verilir. O vurğulayıb ki, həmin partiyalar komissiyalarda onları kimin təmsil edəcəyini Mərkəzi Seçki Komissiyası yox, özləri müəyyənləşdirməlidirlər.
 
İstiqlalçı deputatın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası artıq “mafiyalaşmış bir struktura” çevrilib. O bildirib ki, təxminən 30 ilə yaxındır həmin quruma rəhbərlik edən Məzahir Pənahov artıq orada öz şəxsi heyətini formalaşdırıb.
 
Etibar Məmmədov qeyd edib ki, bu dəfə Mərkəzi Seçki Komissiyasının formalaşdırılması zamanı onun tərkibinin dəyişdirilməməsi qərara alınıb. Fəxri partiya liderinin sözlərinə görə, qanunla MSK sədrinin belə bir səlahiyyəti yoxdur:
 
“Partiyalara verilən yerlər rotasiya olunmalıdır. Seçkidən sonra Milli Məclisdə təmsil olunan partiyaların tərkibi də dəyişə bilər, yeri də dəyişə bilər, sayı da dəyişə bilər. Ona uyğun olaraq da hər dəfə seçki komissiyalarının tərkibi dəyişdirilməlidir. Ancaq Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişmədi, olduğu kimi saxlanıldı. Birinci və əsas qanun pozuntusu da bu oldu...”
 
Həmsöhbətimiz daha sonra dairə seçki komissiyalarının formalaşdırılması prosesinə toxunaraq, burada da qanun pozuntusunun baş verdiyini vurğulayıb.
 
Siyasətçi diqqətə çatdırıb ki, 125 dairənin hər birində 10 nəfər üzv olduğu nəzərə alınarsa, onların üçdə biri, yəni hər dairədə 3 nəfəri siyasi partiyaların nümayəndələri olmalıdır. Onun sözlərinə görə, bu halda hər partiyaya təxminən 37-38 yer ayrılmalıdır.
 
Etibar Məmmədov vurğulayıb ki, həmin üzvlərin kimliyini Mərkəzi Seçki Komissiyasının sədri və ya onun komandası müəyyənləşdirə bilməz. O bildirib ki, bunu yalnız siyasi partiyalar özləri müəyyənləşdirməlidirlər.
 
AMİP-in fəxri lideri qeyd edib ki, sözügedən proseslə bağlı Azərbaycan Milli İstiqlal Partiyasında da narazılıq yaranıb. Onun sözlərinə görə, partiyanın təmsilçiləri üçün 37 yer əvəzinə cəmi 11 yer müəyyənləşdirilib.
 
“Bu da tamamilə qanunsuz bir haldır. Bu səbəbdən, təbii ki, Azərbaycan Milli İstiqlal Partiyasında da buna qarşı ciddi narazılıq var. Həmin qanunsuzluğun aradan qaldırılmasını tələb edirlər və hesab edirəm ki, tam haqlıdırlar”, – deyə Etibar Məmmədov vurğulayıb.