Azərbaycan bütün bu özbaşınalıqlara və qanunsuzluqlara qarşı ciddi tədbir görməlidir

"Sözügedən razılaşmaların Ermənistan tərəfindən nümayişkəranə şəkildə pozulması onu göstərir ki, qarşı tərəf kompromislərdə maraqlı deyil”

Son günlər Ermənistan hərbçiləri Azərbaycanla həmsərhəd ərazilərdə və Qarabağ cəbhəsində təxribatların sayını artırıblar. Atəşkəsin pozulması halları artıb.

Düşmən iyulun 27-də təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan "KamAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Nəticədə düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub. Bununla kifayətlənməyən düşmən növbəti gün bir neçə istiqamətdən döyüş mövqelərimizi və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimizi snayper tüfənglərindən atəşə tutub.

İyulun 28-də təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu məhv edilib. İyulun 29-da isə daha bir erməni hərbi qulluqçusu yaralanıb.

Təbii ki, rəsmi İrəvan baş verən prosesləri dünyaya birtərəfli şəkildə çatdırmağı hədəfləyib. Erməni KİV-i yenə də dezinformasiya xarakterli məlumatlar yayır. Ancaq, göründüyü kimi, mövcud mənzərə tamamilə dəyişib. Belə görünür ki, keçən onilliklər ərzində İrəvan təxribatçı ritorikasının qorunub saxlanılmalı olduğuna dair ənənə formalaşdırıb. Danışıqlar prosesi, faktiki olaraq, bu məntiqlə davam etdirilib. Ən başlıcası, baş verən təxribatlar onu göstərir ki, Ermənistan Düşənbədə, Sankt-Peterburqda, Vyanada və Vaşinqtonda əldə olunan razılaşmaları pozur. Sözügedən danışıqlarda əldə olunan bəzi razılaşmaları uğursuzluğa uğratdı. Son təxribatlar, faktiki olaraq, bunu ortaya qoyur.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Əli Orucov: "Bu həm də onunla bağlıdır ki, onlara qarşı beynəlxalq hüquq normalarının və hamılıqla qəbul olunan prinsiplərin sərt üzü göstərilməyib”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistan heç vaxt əldə olunmuş razılaşmalara əməl etməyib: "Son təxribatlar da bunun növbəti əyani sübutudur. İşğalçı dövlət fürsət düşdükcə öz məkrli planlarını və təxribatlarını davam etdirib. Bu həm də onunla bağlıdır ki, onlara qarşı beynəlxalq hüquq normalarının və hamılıqla qəbul olunan prinsiplərin sərt üzü göstərilməyib. Eyni zamanda, bu dövlət öz üzərində heç bir məsuliyyət hiss etməyib. Dəfələrlə Ermənistanla həm razılaşmalarda, həm də beynəlxalq sənədlərdə tələb kimi qoyulub ki, ekoloji tarazlığın pozulmasına, mülki əhalinin atəş altında saxlanmasına yol verməsin. Lakin, göründüyü kimi, Ermənistan bütün bunların heç birinə nəinki əməl etmir, hətta daha da azğınlaşır. Baxın, işğalçıların işğal etdiyi ərazilərin qeyd-şərtsiz boşaldılmasına dair qətnamələr olduğu halda, təcavüzkar dövlət qanunsuz olaraq bizim ərazilərdə məskunlaşma siyasəti həyata keçirir, infrastrukturlar yaradır, nəqliyyat xətti çəkir və s. Düşənbədə və ondan sonra digər şəhərlərdə əldə olunan razılaşmaların Ermənistan tərəfindən nümayişkəranə şəkildə pozulması onu göstərir ki, qarşı tərəf kompromislərdə maraqlı deyil. Yəni işğal olunmuş əraziləri geri qaytarmaq fikrində deyil. ATƏT-in Minsk Qrupu da, həmişə olduğu kimi, yenə yerində sayır”.

Ə.Orucov hesab edir ki, Azərbaycan bütün bu özbaşınalıqlara və qanunsuzluqlara, erməni həyasızlığına baxmayaraq, ciddi tədbir görməlidir: "İmkan verməməlidir ki, Ermənistanın hazırkı siyasi rejimi Azərbaycan ərazilərində öz bildiyi kimi hərəkət etsin. Doğrudur, Azərbaycan diplomatiyası bunu beynəlxalq müstəviyə çıxararaq müəyyən dəstək qazanıb. Lakin bu kifayət etmir və qəbul edilən sənədlərin çoxunun hüququ qüvvəsi, icra mexanizmləri yoxdur. Bunlar daha çox siyasi xarakterli olsa da, Azərbaycanın tutarlı tədbirlər görməyinə imkan yaradır. Bu imkandan istifadə edərək, Ermənistanın yerini göstərmək mütləq lazımdır ki, özünü rahat hiss etməsin”. /Bakı Xəbər/