Azərbaycan hakimiyyəti yaxşı başa düşür ki...

Ötən gün hökumət çox mühüm qərara imza atdı. Nazirlər Kabinetinin 463 nömrəli Qərarına əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə-tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadıldı. Bununla da 2016-ci ildən bəri həyata keçirilən bu siyasətin daha iki il qüvvədə qalmasına qərar verildi.

Qeyd edim ki, bu təşəbbüs 2016-cı ildə aralarında mənim də olduğum bir sıra iş adamı tərəfindən qaldırılmış və Nazirlər Kabineti tərəfindən uyğun görülmüşdü. Həmin il yerli təsərrüfatları və daxili bazarı xarici şirkətlərin dempinq siyasətlərindən qorumaq üçün gətirilən spesifik rüsumlar yalnız idxal toyuq əti və yumurtaya, həmçinin ölkəmizdə yetişdirilən digər qida məhsullarına tətbiq edilmişdisə, iki ildən sonra – ötən il damazlıq yumurta da bu siyahıya əlavə olundu. Beləcə, yerli təsərrüfatın inkişafı qarşısındakı xarici əngəllər ortadan qaldırıldı.Məlumat üçün bildirək ki, 2016-ci ildən həyata keçirilən bu siyasət idxal toyuq ətinə 1 dollar, yumurta və ötən ildən etibarən damazlıq yumurtanın bir ədədinə isə 10 sent rüsum haqqı ödənilməsini nəzərdə tutur.Nəticədə yerli təsərrüfatların inkişafını əngəlləyən dempinq siyasətlərinin Azərbaycan bazarı üçün gətirdiyi müvəqqəti "güzəştlər” kompensasiya olunur və rəqabət bərabərliyi yaradır. Çünki Azərbaycan hakimiyyəti yaxşı başa düşür ki, ilk baxışdan istehlakçıların mənafeyini güdürmüş kimi görünən dempinq siyasətləri əslində ölkəmizin qida təhlükəsizliyi strategiyasına qarşı yönəlib. Məqsəd qida bazarını tamamilə xarici şirkətlərdən asılı vəziyyətə salmaq, yerli təsərrüfatları sıradan çıxarmaq idi. Üstəlik, bəzən hətta türkiyəli donuna girmiş erməni iş adamlarının ölkəmizə satdığı yumurta və toyuq ətlərində bir sıra xəstəliklərin yayılması ehtimalı da yüksək idi.Bütün bunlar isə cənab Prezidentimizin bir neçə il əvvəl dilə gətirdiyi tarladan istehlak zənbilinə qədər 100% yerli imkanlara bağlı sağlam qida təminatı strategiyasını ortadan qaldırmağa hesablanmışdı.

Nazirlər Kabinetinin 2017-ci ildən etibarən həyata keçirdiyi, dünən isə463 nömrəli Qərarla2021-ci ilə qədər vaxtını uzatdığı bu siyasət də məhz Prezidentin ortaya qoyduğu qida təhlükəsizliyi strategiyasına qarşı yönəlmiş xəstə məhsul və dempinq təxribatlarının qarşısını almaq məqsədi daşıyır. Qərarının preambula hissəsində də bu məqam etiraf edilərək deyilir:"Qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir. Belə ki, Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə-tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”.Göründüyü kimi, Nazirlər Kabineti 463 nömrəli Qərarı 2 əsas səbəblə izah etmişdir: istehsalçıların marağı və istehlakçıların mənafeyi. İdxal quş əti, damazlıq və qida yumurtalarına tətbiq olunan spesifik rüsumlar qərarda yalnız istehsalçıların maraqlarının qorunması kimi təqdim edilsə də, bu siyasətin həyata keçirildiyi 2 ilin iqtisadi nəticələrinə baxanda ondan təkcə sahibkarların faydalanmadığı ortaya çıxır. Sahibkarlar qədər işçilər də, istehlak bazarı da, ümumiyyətlə, bütün iqtisadiyyatımız da sözügedən spesifik rüsumlardan bəhrələnmişdir.

Belə ki, 2 il əvvəl damazlıq yumurtanın da gömrük rüsumunun artırılması sayəsində quşçuluq sektoru tam mənası ilə özü-özünə yetərlilik potensialı yaxalamış və bunun müsbət təsirləri dərhal özünü göstərməyə başlamışdır.Statistik məlumatlara görə, bu xüsusi rüsumdan sonra ana sürüsündə toyuqların sayı 315 min artmışdır. Broyler firmalarımızın damazlıq yumurta ilə təchizatı 100% təmin edilmişdir. Nəticədə 230-dan çox yeni iş yerləri açılmışdı.Yerli təsərrüfatların azad rəqabəti nəticəsində istehlak bazarında quş əti və yumurtanın qiyməti 30% enmişdir. Nəzərə alsaq ki, bütün bunlar həm də qlobal inflyasiyanın getdiyi dövrlərə təsadüf edir, spesifik rüsumların istehsalçıya və istehlakçıya nə qədər fayda gətirdiyini görə bilərik. Kim bilir, bəlkə də bu rüsumlar tətbiq olunmasaydı, yerli təsərrüfatların sıradan çıxarılması nəticəsində Azərbaycan bazarında özünü rəqibsiz görən xarici şirkətlər qiymətləri astronomik səviyyədə artırar və inflyasiyanın səviyyəsi görünməmiş həddə yüksələrdi.

Bu baxımdan Prezidentin qida təhlükəsizliyi strategiyasının vacib şərtlərindən biri kimi ortaya çıxan və bəzi qida məhsullarına tətbiq olunan spesifik rüsumlar Azərbaycan iqtisadiyyatına canlanma qazandırdı.

Bununla belə, yaxşı olardı ki, bu rüsumlar2 illiyinə deyil, 5 illiyinəuzadılardı. Çünki kənd təsərrüfatı elə bir sahədir ki, burada qoyulan investisiyalar dərhal nəticə vermir. Bəzən real nəticə əldə etmək, çəkilən xərcləri çıxarmaq üçün investorlar bir neçə il gözləməli olurlar. Mən məhz bu həqiqəti nəzərə alaraq, dövlət adamlarımıza göndərdiyim məktubda qeyd edirdim ki, aqrar sektorda ciddi işlər görmək üçün 1 və ya 2 illik möhlətlər kifayət qədər azdır:"Təsərrüfatların yaranması və işə düşməsi, azad rəqabətə duruş gətirməsi üçün geniş zamana ehtiyaclar var. Fermerlər yerli təsərrüfatlarını qurub qurtarmamış bu möhlətlər tamamlanır və çəkilən xərclər geri qayıtmamış xarici şirkətlərlə amansız mübarizə başlayır. Bu da nəticə etibarilə həm yerli, həm xarici investorları qorxudur və onlar daha uyğun bazar axtarışına çıxırlar. Beləcə, qısamüddətli güzətlər yerli təsərrüfatların inkişafında istənilən effekti vermir”.

Amma nə etmək olar?Görünür, Azərbaycan Nazirlər Kabineti verdiyi qərarın real nəticələrini zamanında görmək məqsədilə onu hər iki ildən bir təkrarlamağı məsləhət bilir. Ölkəmizin iqtisadi inkişaf baxımından indiki həssas dövründə hökumətin operativ və çevik qərarlara üstünlük verməsi başadüşüləndir. Bu durumda biz iş adamlarına düşən isə dövlət yetkililərimizin verdiyi qərarlara ayaq uydurmaqdır.

Mürvət Həsənli,

ADAM sədri