Bu məhsulların qiymətində artım olacaq - Ekspertdən açıqlama

Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləklər kənd təsərrüfatı sektoruna mümkün təsirləri ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər hesab edirlər ki, əlverişsiz hava şəraiti xüsusilə açıq sahələrdə yetişdirilən meyvə və tərəvəz məhsullarında itkilərə səbəb ola, bunun da bazarda qiymətlərə müəyyən təsiri ola bilər.

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Millet.az-a danışıb.

O bildirib ki, son günlər müşahidə olunan güclü küləklər kənd təsərrüfatında xüsusilə açıq sahələrdə yetişdirilən məhsullara mənfi təsir göstərə bilər:

"Güclü külək meyvələrin ağacdan vaxtından əvvəl tökülməsinə, budaqların sınmasına, tərəvəz sahələrində bitkilərin zədələnməsinə, istixanalarda isə örtüklərin cırılması və konstruksiyaların zədələnməsi kimi problemlərə səbəb olur. Bu isə həm məhsulun həcmini, həm də keyfiyyətini azalda bilər".

Ekspert qeyd edib ki, ən çox risk altında pomidor, xiyar, bibər, badımcan kimi tərəvəzlər, həmçinin alma, armud, şaftalı, gavalı və üzüm kimi meyvələr olur:

Onun sözlərinə görə, küləkli hava uzun müddət davam edərsə və məhsuldarlıqda ciddi azalma baş verərsə, bazara çıxarılan məhsulun həcmi azalacaq ki, bu da xüsusilə tez xarab olan meyvə-tərəvəz məhsullarında müəyyən qiymət artımına səbəb ola bilər:

"Lakin qiymətlərin necə dəyişəcəyi məhsul ehtiyatlarından, digər bölgələrdə istehsalın vəziyyətindən, logistika xərclərindən və bazardakı təklif-tələb balansından asılı olacaq. Əgər zərər lokal xarakter daşıyarsa, qiymətlərdə ciddi bahalaşma gözlənilmir, lakin məhsul itkisi geniş əraziləri əhatə edərsə, avqust-sentyabr aylarında bəzi məhsulların satış qiymətlərində artım müşahidə oluna bilər".

Seyrana Quliyeva