Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.
Hakim Gürcü Arzusu Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) namizədləri - Rövşən İsgəndərov və Laşa Kveladze arasında fiziki qarşıdurma olub.
VMHP nümayəndəsi Murad Muradov jurnalistlərə açıqlamasında deyib ki, hadisə Sadaxlı kəndində aparılan seçkiqabağı kampaniyadan sonra baş verib:
“Hazırda Laşa Kveladze polisə şikayət ərizəsi təqdim edir. O, xəsarətlər alıb, gözündə və digər bədən nahiyələrində xəsarətlər var. Partiyanın digər üzvü Mişa Okupaşviliyə də xəsarətlər yetirilib”.
Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı isə baş verən hadisədə müxalif partiyanı günahlandırıb.
O bildirib ki, Laşa Kveladze Rövşən İsgəndərovu döyüb:
“Bu, müxalifətin növbəti və gözlənilən təxribatıdır. Rövşən İsgəndərov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır, onun əməliyyata da ehtiyacı ola bilər”.
Deputat insidentlə bağlı artıq istintaqın başlandığını qeyd edib.
Hazırda Gürcüstanda azərbaycanlılara qarşı təxribat xarakterli addımların atılmasının əsas məqsədi nədir?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlərin gərginləşməsinə səbəb ola biləcək hər hansı addımın qarşısı anında alınmalıdır:
“Hazırda Gürcüstanda yarım milyona yaxın soydaşımız yaşayır. Onlar artıq uzun illərdir ki, orada yaşamaqla bərabər, eyni zamanda Gürcüstanın ictimai-siyasi həyatında da bu və ya digər şəkildə fəal iştirak edir.Həmçinin, müxtəlif partiyalarda, parlamentdə təmsil olunan soydaşlarımız olub və hazırda da müxtəlif vəzifələrdə çalışan azərbaycanlılar var. Dəfələrlə Gürcüstanda yaşayan ermənilər özlərini gürcü kimi təqdim edərək təxribat xarakterli addımlar atıblar. Orada yaşayan ermənilərin bir qismi gürcü soyadlarını qəbul edərək qarşıdurmalar yaradaraq, azərbaycanlılarla gürcülər arasında münasibətlərin pozulmasına çalışır. Lakin oradakı soydaşlarımız da artıq bunun fərqindədir.Hesab edirəm ki, Gürcüstandakı səfirliyimiz və orada təmsil olunan qurumlarımız seçki ərəfəsində çox ciddi şəkildə fəal olmalıdır. Onlar çalışmalıdır ki, ermənilərin təxribatların qarşısı alınmalıdır. Azərbaycan və Gürcüstan arasında dostluq münasibəti davam etdirilməlidir. Biz bu məsələlərdə olduqca diqqətli olmalıyıq”.
Partiya sədri onu da əlavə edib ki, əgər Saakaşvili Gürcüstana gələrsə, oradakı soydaşlarımızın fəallaşacağı istisna olunmur:
“Çünki Saakaşvili dönəmində Gürcüstanda yaşayan soydaşlarımıza qarşı münasibət yaxşı mənada kökündən fərqli olub. Məhz həmin illərdə orada yaşayan azərbaycanlıların həyat şəraiti və fəaliyyəti ilə bağlı müsbət addımlar atılıb.Hətta Saakaşvilinin partiyasında təmsil olunan çox sayda soydaşlarımız var. Ona görə də Saakaşvilinin çağırışından sonra soydaşlarımızın Tbilisidəki askiyalarda iştirakı və seçkilərdə fəal olması gözlənilir. Lakin təbii ki, biz qonşu dövlətdə sabitliyin pozulmasının tərafdarı deyilik.Azərbaycan Gürcüstanda qarşıdurmaların yaşanmasını istəmir. Azərbaycan və Gürcüstan dost və qardaş ölkələrdir. Bütün bunlara baxmayaraq, insanların özünün siyasi seçim haqqları da var. Biz sadəcə, soydaşlarımıza təxribatlara uymamağa çağırırıq”. Cebhe.info