Mərhum prezident H.Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Azərbaycanlıların soyqırım gününə iki gün qalıb.Hələki bu haqda şərhlərə, paylaşımlara rast gəlmirəm.Ya biz tarixi hadisələri anım günü xatirinə xatırlayırıq, ya da tariximizi xatırlamaq, yad etmək istəmirik. Başqa xalqların hansısa bir tarixi günü yaxınlaşsaydı bəlkə də beş gün öncədən dövlət rəsmisi tərəfindən baş sağlığı və ya təbrik məktubu göndərilmişdi.Unutqanıq... həm torpaqlarımızı itirmişik, həm də dəyərli soydaşlarımızı...Haqq-ədalət vətən sərhədlərindən bərqərar olmalıdır”. Bu fikirləri İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev öz Facebook səhifəsində yazıb. Onun bu həyacanlı və narahatdolu fikirləri bizim də diqqətimizi özünə çəkdi və qərara aldıq ki, Təbriz Musayevlə görüşüb daha ətraflı söhbətləşək. Təşkilat sədri ilə müsahibəmizdə də ilk sualımız bu narahatlığın nədən qaynaqlandığı barədə oldu.
-Sizin dediklərinizdən belə çıxır kı, hökümət daxilində "erməninin dəyirmanına su tökənlər” var...
-Siz kimi suçlayırsınız, hakimiyyətin ən yüksək eşalonlarında Qərbi Azərbaycan kökənli kifayət qədər şəxs var. Elə Milli Məclisin sədri Oqtay Əsədov tutduğu vəzifəsinə görə dövlətin dördüncü şəxsidir. Yaxud Baş Nazirin müavinləri, YAP-da böyük nüfuz sahibi olan Əli Əhmədov və İsmət Abbasov, iqtisadiyyat naziri Şahin Mustafayev və s. kimi şəxslərdən niyə tələb etmirsiniz ki, göstərilən bu cür neqativ münasibəti durdurun?
-Əvvəla, Sizə də məlumdur ki, Azərbaycanda məmurlar həmişə əlçatmaz, ünyetməz olublar. "JEK” müdirinin qəbuluna düşmək olmur, o ki qaldı adlarını çəkdiyiniz yüksək rütbəli dövlət məmurlarının qəbuluna düşmək. İkincisi də, güya onlar real mənzərini görümürlər. Görürlər və xəbərləri də var. Görünür, onların da çəkinəcək yerlər var. Azərbaycandakı məmurlar ancaq icraçıdırlar. Onların təkliflərlə çıxış etmək, müstəqil qərar vermək, hətta, düşünmək ixtiyarları yoxdur. Keçmiş səhiyyə naziri Əli İnsanovun başına gətirilənlər hamısının gözünü lap da qorxudub. Amma onlar bilməlidirlər ki, vəzifə, səlahiyyət, çin, rütbə gəldi-gedərdi və bu məmləkətdə heç kəsin aqibətinin sonda necə olacağına təminat yoxdur. Son zamanlar Qərbi Azərbaycan kökənli vəzifəli şəxslərin də vəzifələrindən uzaqlaşdırılması intensivləşib. Səhiyyə Nazirliyində Oqtay Şirəliyev, Təhsil Nazirliyində Mikayıl Cabbarov, Əmlak Məsələləri Dövlət Komitəsində Kərəm Həsənov, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyində Ramin Quluzadə Qərbi Azərbaycanlıları demək olar ki, bütün "təmizləyib”. Digər dövlət strukturlarında və idarələrində də bu "təmizləmə” əməliyyatı davam etdirilir. Bizə çatan məlumata görə Tibb Universitetinin yeni təyin olunan rektoru Gəray Gərayzadə xadimələri də işdən azad edib. Mən regionçuluğun qəti əleyhinə olan insanam. Lakin baş verənlərə biganə də qalmaq mümkün deyil. Çünki yeni təyinatlar da regional mənsubiyyətinə və kimlərləsə qohumluq bağlantılarına görə həyata keçirilir. Əksər hallarda da peşəkarlıq arxa planda qalır və durum daha da pisləşir. Səhiyyədə Əli İnsanovdan sonra yaranmış acınacaqlı durum buna əyani sübutdur. Hakimiyyətin kadr təyinatlarına diqqət edin, bütün həyatını təhsilə, elmə həsr edən görkəmli professor Misir Mərdanovun yerinə bu sahəyə qətiyyən aidiyyatı olmayan bulvar qoruqçusu Mikayıl Cabbarov, dünya şöhrətli Akademik Əli İnsanovun yerinə səhiyyə sistemində heç bir uğuru olmayan Oqtay Şirəliyev. Eləcə də Ramin Quluzadənin nə rabitəyə, nə də nəqliyyata heç bir aidiyyəti yoxdur. Belə bir idarəetmədə, belə bir sistemdə O.Əsədov da digər adlarını sadaladığınız Qərbi Azərbaycan əsilli yüksək vəzifəli şəxslər istəsələr belə onlar üçün çəkilən xətti tapdalaya bilməzlər.
-Son parlament seçkilərində Oqtay Əsədovla rəqib olmusunuz...
-Bəli. Lakin Oqtay Əsədov deputat mandatı qazanmaq üçün dövlətin resurslarından geninə-boluna istifadə etdi. Sumqayıtın və Abşeronun İcra başçıları onun görüşlərini məcburu təşkil etdirirdilər. Qeyri-rəsmi olaraq hər iki icra başçıları onun seçki qərargahının ən fəal üzvləri idi. Bununla belə yenə total saxtalaşdırmasız keçinə bilmədilər. Oqtay Əsədovun, Əli Əhmədovun, Şahin Mustafayevin də və bu kimi vəzifəli şəxslərin xalq arasına çıxmağa üzləri yoxdur, çünki onların heç birinin nə mənsub olduqları regiona, nə də bütünlükdə Azərbaycan xalqına xeyirləri dəyməyib. Hakimiyyətdə olan əksər məmurlar kimi onları vəzifəyə təyin edənlərin və özlərinin mənafelərinə uyğun fəaliyyət göstərirlər.
- Əli İnsanovun məhkəməsindən nə gözləyirsiniz? Sizcə, sabiq səhiyyə naziri başının üstünü bürüyən qovğadan çıxa biləcəkmi?
-Əli İnsanov günahsız olaraq verilmiş 11 il həbs cəzasını günəgün çəkdi. Baxmayaraq ki, Avropa İnsan Haqları Məhkəməsi onun hüquqlarının pozulduğu və sərbəst buraxılması ilə bağlı qərarı olmuşdu. İqtidar bu qərara əhəmiyyət vermədən onu nəinki azad etmədi, əksinə saxta ittihamlarla yenidən barəsində cinayət işi açdılar. Əli İnsanov məsələsi artıq hüquqi məsələ deyil, kimlərinsə şəxsi ədavəti, düşmənçiliyi və hikkəsinin qanunlardan, insan haqqlarından, beynəlxalq ictimaiyyətin qınaq və tələbindən, həmçinin insanlıqdan tutulan üstünlük məsələsidir. Güclü, iradəli və alicənab şəxslər heç nədən çəkinmir, qorxmur, sınmır və əyilmir. Zəiflər, qorxaqlar və gözü kölgəlilər hər şeydən çəkinər, xoflanar, daima narahatçılıq keçirər. Əli İnsanov bu illər ərzində ən yüksək keyfiyyətlər göstərərək, etalona çevrildi. Siz baxın regionun "lider dövləti” bütün gücünü yaşlı və xəstə bir alimdən qısas almağa, onu sındırıb məhv eləmyə səfərbər edilib. Bu hansı insanlığa, humanistliyə, qununlara sığar?! Görünən odur ki, hakimiyyət Əli İnsanovu zindanlarda çürütmək, fiziki cəhətdən məhv etmək istəyir. Çünki onu başqa cür aradan götürmək mümkün deyil. Narkoman, fərari, qatı cinayətkarlar aministiyaya, əfvə düşürlər, ancaq heç bir günahı sübuta yetirilməyən dünya şöhrətli alim hətta verilən cəzasını bütünlükdə çəksə də azadlığına qovuşa bilmir. Çünki o, quldur, oğru, talançı, yaltaq, satqın, məddah, qorxaq, rüşvətxor, korrupsioner, deyil. Çünki o, insandır! Ona görə də insan olmaq Azərbaycanda çox çətin məsələ olduğu üçün Əli İnsanova qurulan məhkəmənin də ədalətinə inanmıram. Zatən Azərbaycanda ədalət var ki, məhkəmələri də ədalətli olsun?! Amma inanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq.