Rusiya fərqindədir ki, baş qatmaq üçün “status söhbəti” olmasa, ermənilər Qarabağda qalmayacaq, o səbəbdən...
Rusiya ordusunun qəfil Qazaxla sərhəddə peyda olması müxtəlif reaksiyalar və iddialar doğurub. Əsas iddialardan biri budur ki, sağa-sola vurnuxan, gah ATƏT qoşunlarının, gah da beynəlxalq müşahidəçilərin sərhədə gəlməsini istəyən, KTMT-dən çıxa biləcəkləri barədə mesajlar verən İrəvanın “qəfil dönüşü” suallar doğurmaya bilməz. Rəsmi Moskva hələ ki bu xəbərlərə dolğun reaksiya verməyib.
Ermənistan rəhbərliyi fərqindədir ki, statusun gorbagor olması, Azərbaycanın bu məsələdə tutduğu dəyişməz və qəti mövqe xüsusilə Qarabağdakı köçmən erməniləri ümidsiz edib. O səbəbdən Minsk Qrupunun fəaliyyətini tezliklə bərpa etmək, hansısa xəyali “status”, “erməni əhalisinin taleyi”ni gündəmə gətirməyi yeganə çıxış yolu kimi görür. ABŞ və Fransa bu məsələdə Ermənistanla eyni mövqedədir, amma Rusiyanın tərəddüdləri var. Ən azı Rusiya prezidenti statusla bağlı “sonrakı illər, sonrakı məsələ” kimi mövqe ortaya qoyub. Amma Rusiya da erməniləri Qarabağda başqa cür saxlamağın mümkünsüz olduğunun fərqindədir. Bu səbəbdən Minsk Qrupunda təmsilçisini dəyişməklə o mesajı verdi ki, Moskva da həmsədrlik institutunun danışıqlara yenidən başlamasına tərəfdardır. Rusiya onun da fərqindədir ki, “status söhbəti” olmasa, ermənilərin Qarabağda qalmağının da, yaşamasının da mənası yoxdur, rədd olub gedəcəklər. Bu isə bölgədə sülhməramlıları olan Rusiyanın maraqlarına qəti uyğun deyil. Ona görə 30 il olduğu kimi, yenidən mənasız, nəticəsiz danışıqlarla Ermənistanın da, ermənilərin də başını qatmaq, onları əldə saxlamaq olar. O səbəbdən Bakı bu yeni hərəkətliliyi ciddi izləməlidir. Əgər hər hansı razılaşma varsa, o zaman Rusiya bunu Azərbaycana münasibətdə hansısa formada büruzə verəcək.
AMİP sədrinin Beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin məsələ ətrafındakı fikirləri diqqət çəkir: “44 günlük müharibədən sonra Paşinyan Moskvada Putinlə bir neçə dəfə görüşüb. Eynilə Prezident İlham Əliyev də ayrılıqda belə görüşlər keçirib. İmzalanmış üçtərəfli sazişin həyata keçirilməsinə Rusiya qarant olduğundan belə görüşlərin mütəmadi keçirilməsi təbiidir. Sözsüz ki, belə görüşlərdə Paşinyan maksimum şəkildə situasiyanın özlərinin xeyrinə dəyişməsinə çalışıb, bundan sonra da çalışacaq. Həmçinin Ermənistan ərazisində Rusiya hərbi bazası olduğundan həmin qüvvələrin sərhədlər daxilində dislokasiya yerini dəyişməsi və digər addımlar atması da bizə xoş gəlməsə də onların daxili işləridir. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur, delimitasiya, demarkasiya məsələləri də qarant tərəfin öhdəliyi ilə tənzimlənir. Yəni mən Ermənistanla sərhəd boyu hər hansı bir hərəkətliliyi hələlik təhlükə hesab etmirəm. Əsas təhlükəni Qarabağın bizim nəzarətimizdən kənar, erməni nəzarətində qalan hissəsində görürəm. Nə qədər desək də status gorbagor olub, məhz nəzarət etmədiyimiz ərazini əsas gətirərək bu gün dünyada yenidən status məsələsi müzakirə olunur. Hesab edirəm ki, problemin birdəfəlik həllinə nail olmayınca, həmin ərazilər Azərbaycanın tam nəzarətinə keçməyincə belə manipulyasiyalar da olacaq. Çünki bu fikrin müdafiəçiləri mövcud vəziyyəti əsas gətirərək belə təkliflərlə çıxış edirlər. Düşünürəm ki, situasiya belə davam edərsə, alternativ həll yolu (fərqi yoxdur siyasi, yaxud hərbi) ortaya qoyulmazsa, Rusiya da status məsələsini açıq şəkildə gündəmə gətirəcək”.“Yeni Müsavat”
Millət