Bakıda plana düşəcək ərazilər açıqlandı

"2 aya yaxındır ki, Nərimanov Rayon İcra Hakimiyyətinin və Nəqliyyat Nazirliyinin bəzi əməkdaşları Avropa Olimpiya Oyunları ilə əlaqədar Böyük Şor qəsəbəsinin bütünlüklə "Sovetski” kimi söküləcəyini, sakinlərin isə 2015-ci ilin mart ayına kimi köçürəcəyinə dair bir-birindən ziddiyətli xəbərlər çatdırırlar. Qışın günü - evlərin söküləcəyi, mənzillərin bahalaşdığı bir dövrdə ev tapmaq qayğıları hamını narahat edir. İcra orqanlarından isə bu məsələyə konkret aydınlıq gətirən yoxdur".

Bu sözləri Nərimanov rayonu Böyük Şor qəsəbəsinin sakinləri ANS PRESS-in "qaynar xətti"nə müraciətdə bildiriblər.

Sakinlər bu ziddiyətli məlumatlardan narahat olduqlarını deyirlər. Vətəndaşlar evlərinin söküləcəyi ilə bağlı məlumatlara İcra Hakimiyyəti tərəfindən cavab ala bilmədiklərini vurğulayırlar.

"Bəzi icra əməkdaşları dekabrın sonunda, bəziləri isə gələn ilin yanvarında qəsəbənin söküləcəyini deyir. Hər gün insanlara müxtəlif fikirlər söylənilir. Nərimanov rayon və Bakı Şəhər İcra hakimiyyəti də bu məsələdə susur. "Sovetski” kimi Böyük Şor da söküləcəkmi?", - deyə sakinlər soruşurlar.

Balaxanıdakı yeni massivdə də bəzi evlərin söküləcəyi ilə bağlı vətəndaşlara bildirişlər paylanılıb. Yerli icra hakimiyyəti orqanları əməkdaşları tərəfindən paylanılan yazılı bildirişlərdə massivdəki bəzi evlərin plana düşdüyü və yaxın müddətdə söküləcəyi qeyd edilib. Bununla yanaşı, Keşlə ərazisində də bəzi yerlərin plana düşməsilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib. Sözügedən ərazidə yeni yol çəkiləcəyi və yeni infrastrukturlar salınacağı deyilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev ANS PRESS-ə açıqlamasında məsələyə münasibət bildirib. Komitə rəsmisinin fikrincə, bu söküntülərin bəziləri texnoparklarla əlaqəlidir. Çünki Balaxanı, Səngəçal, Sumqayıt və s. ərazilərdə texnoparkların salınması nəzərdə tutulub. Onun sözlərinə görə, hələlik baş plan təsdiq olunmadığı üçün konkret məlumatlar verməkdə çətinlik çəkir. C. Qocayev söküntü ilə bağlı xəbərdarlıq edilmiş ərazilərdə işin yerli icra hakimiyyətləri tərəfindən icra olunduğunu söyləyib:

"Hələlik Bakının baş planının təsdiq edilməyib. Hazırda baş planla bağlı səslənənlər təklif formasındadır və hər an dəyişdirilə bilər. Ancaq plan təsdiqləndikdən sonra dəqiq nəsə demək olar. Hazırda yerli icra hakimiyyətləri və söküntü ilə əlaqəli olan digər qurumlar fərdi olaraq işlər görürlər. Mən deyə bilmərəm bu proses hansı formada aparılacaq. Çünki hələlik bizim əlimizdə konkret bir məlumat yoxdur".

Komitə rəsmisi bildirib ki, prezidentin yeni sərəncamından sonra sənaye məhəlləri yaradılır. Ola bilsin bununla bağlı da söküntülər olsun. Sənaye məhəlləri əsasən boş ərazilərdə salınacaq. Amma ola bilsin ki boş yerlər olmasın. Bu zaman isə söküntülər olacaq.

Ekspertlər isə bu yeni söküləcək ərazilərin daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcəyini iddia edirlər. Əmlak bazarı araşdıran iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib ki, söküntülərin aparılması bazara ilin əvvəlindən təsir edib. Ancaq hazırda yeni ərazilərin plana düşməsi bazardakı daşınmaz əmlakların qiymətinə ciddi təsir etməyəcək: "Ola bilsin ki, aktivlik müşahidə olunsun, amma ilin sonuna kimi qiymətlərdə dəyişiklik gözlənilmir. Buna səbəb isə qiymətlərin həddindən artıq qalxmasıdır. Bugünkü qiymətlər insanların alıcılıq qabiliyyətindən xeyli yüksəkdir. Bu isə qiymətlərin nəzərəçarpacaq qədər artmasına imkan verməyəcək".

Ekspert ölkədə söküntü prosesi ilə bağlı mexanizmlərin olduğunu söyləyib. O bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, komissiya yaradılır və ərazilər peşəkarlar tərəfindən qiymətləndirilir: "Tərəflərin razılığı ilə alqı-satqı prosesi başlayır. Qarşı tərəf bu zaman ya təklif olunan vəsaiti alır, ya da torpaq, ev sahəsi alır. Bunlar hamısı tərəflərin danışığının predmetidir. Söküntü aparılarkən vətəndaşların çətin vəziyyətə düşməməsi üçün bir neçə variantdan istifadə etmək olar. Məsələn, söküntü aparılan ərazilərdəki insanları söküntü-tikinti işləri yekunlaşana qədər yaxınlıqdakı bina evlərində yerləşdirmək olar. Həmçinin, onlara hazır mənzillər və ya torpaq əraziləri təklif etmək olar".

Bakı Dövlət Layihə İnstitutunun baş mühəndisi Zülfüqar Məmmədov isə ANS PRESS-ə açıqlamasında Bakının müfəssəl planından danışıb. O bildirib ki, sözügedən ərazilərlə bağlı İnstuta hələlik sifariş daxil olmayıb. Onun sözlərinə görə, söküntü aparılacaq ərazilərlə bağlı ilk öncə müfəssəl plan hazırlanmalıdır: "Görünür, yerli icra hakimiyyətinin memarlıq şöbəsi söküləcək yerləri özü müəyyənləşdirib. Ancaq söküntü və köçürülmə ilə bağlı hələlik bir qərar yoxdur. Ən azından həmin ərazilərin müfəssəl planı tərtib olunmalıdır. O planda hansı ərazilərin söküləcəyi qeyd edilməlidir. Həmçinin, orada nələr inşa olunacaq - bildirilməlidir".

Göründüyü kimi, yuxarıda adını çəkdiyimiz ərazilərdə artıq söküntü ilə bağlı prosesə başlanılsa da dövlət qurumları bundan xəbərsiz olduqlarını deməklə məsuliyyəti bir-birilərinin üzərinə atmaq istəyirlər. Hər halda gələn ilədək əhaliyə söküləcək yerlərin konkret siyahısı açıqlansaydı daha yaxşı olardı. Söküləcək ərazilərdə yaşayan sakinlər işlərini qabaqcadan bilərək köçmə hazırlığına başlayardılar. Hələlik isə... ilin sonuna bir qədər qalır.
Gözləyək.