"Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası bu günə qədər bu istiqamətdə fəaliyyət göstərən bütün təşkilatların qarşısına qoyduğu məqsədlərə çatması üçün real imkanlar yaradır”.
Bu fikirləri Suveren.az saytına İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Qərbi Azərbaycan İcmasının, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaranması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki: "Qərbi Azərbaycan İcmasının bəyanatında haqqında danışılan respublikanın elan olunmasının sosial şəbəkələrdə çaşqınlıq yaratmasına, eləcə də beynəlxalq hüquqa və beynəlxalq qanunlara uyğun xətt hesab edilmədiyinə dair sətiraltı ifadələr yer alıb.
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası təşəbbüs qrupunun üzvü kimi bildirməliyəm ki, Respublikanın elan olunması bu günə qədər bu istiqamətdə fəaliyyət göstərən bütün təşkilatların qarşısına qoyduğu məqsədlərə çatması üçün real imkanlar yaradır. Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunur ki, o təşkilatdakı insanları minillərdən bəri məskunlaşdıqları və zaman-zaman qovulduqları ata-baba ocaqlarına qayıtmaq kimi vahid məqsəd birləşdirir. Xüsusi olaraq vurğulayıram ki, bu ali məqsəd Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərən bütün təşkilatların məqsədidir və illərdir ki, hər birimiz məhz bu məqsəd uğrunda mübarizə aparırıq.
Qərbi Azərbaycan İcmasının bu günə qədər gördüyü işlər, göstərdikləri fəaliyyət heç kim tərəfindən danıla bilməz və hər birimiz tərəfindən təqdirəlayiq hesab olunur. Həmin icmanın qarşısına qoyduğu məqsədləri də sonuna qədər dəstəkləyirik.
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası isə bu və ya digər təşkilatın hökuməti deyil, ürəyi vətən eşqi ilə döyünən, dədə-baba yurduna qayıtmaq arzusu ilə yaşayan hər bir soydaşımızın dövlətidir. İndiki məqamda bizlərin üzərinə düşən vəzifə ayrı-ayrı təşkilat maraqlarından deyil, vahid maraqlardan çıxış edərək elan olunmuş Respublikanın qurulması, tanıdılması istiqamətində fəaliyyətdən ibarət olmalıdır.
Beynəlxalq hüquq və beynəlxalq qanunlara gəldikdə isə o torpaqlar bizlərdən hüquqlarımız tapdanmaqla, beynəlxalq qanunları saya salmamaqla alınıb. Bizlər isə məhz tapdanmış hüquqlarımızın bərpası uğrunda mübarizə aparırıq.