Məlum olduğu kimi, mayın 18-də Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə bəyan etdi ki, Ermənistan sərhədin delimitasiyası ilə bağlı əvvəlcədən razılaşdırılmış görüşlərdən iki dəfə imtina edib:
“Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də imtina etməsi oldu”.
Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan həyasızcasına bütün bunları inkar etdi. Qeyd etdi ki, ki, İrəvan bundan əvvəl əldə olunmuş razılaşmalara sadiq qalır: “Müvafiq olaraq erməni tərəfi hər hansı görüşləri ləğv və onlardan imtina etməyib. Erməni tərəfi bundan əvvəl olduğu kimi iki ölkə liderinin Soçi və Brüsseldə əldə etdikləri razılaşmalara uyğun olaraq komissyalar üzrə işə başlamağa hazırdır”.
Göründüyü kimi, erməni tərəfi ənənəsinə sadiq qalaraq yalanlarından əl çəkmək istəmir. Bu isə qarşı tərəfin nə qədər riyakar olduğunu ortaya qoyur.
“Onların istədikləri mümkün qədər bu prosesi uzadıb, dünyanı təhdid altında saxlayan...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistan tərəfi onlara verilən şansı dəyərləndirmək istəmir: “Görünən odur ki, Ermənistan siyasi dairələri Azərbaycanın sülh təkliflərini onlara verilmiş növbəti bir şans kimi dəyərləndirmək təfəkkürünə malik deyillər. Ermənistanın XİN rəsmisi Vaan Unanyan təmsil etdiyi hökumətin ağ yalanlarını ictimaiyyətə təqdim etməklə qarşıdakı sülh prosesinə əngəl törədir. Azərbaycan dövlətinin xarici siyasəti davamlı və bütövdür. Azərbaycan dövləti beynəlxalq müqavilə və öhdəlikləri yerinə yetirən sadiq dövlətlər sırasındadır. Erməni diplomatları düşdükləri ağır siyasi şəraitdən nəticə çıxara bilmədikləri üçün, dayanıqlı sabit açıqlamalar vermək imkanında deyillər. Onlar açıq şəkildə deyə bilmirlər ki, Ermənistan müstəqil siyasət yürüdə bilmədiyi üçün, əlində oyuncağa çevrilən dövlətlər tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. Problem ondadır ki, bu əsas məsələni etiraf edə bilmirlər. Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, sərhədlərin delimitasiyası və demarkasiyası işləri texniki məsələlərdir. Ermənistan tərəfi bunu çox yaxşı bilir. Onların istədikləri mümkün qədər bu prosesi uzadıb dünyanı təhdid altında saxlayan Rusiya ilə Ukrayna arasında gedən qanlı müharibənin nəticələrini gözləməkdir. Ancaq istənilən iki halda Ermənistan bu məsələdə də təklənmiş vəziyyətdə qalacaq. Ermənistanın həm ABŞ-da Demokratiya sammitində iştirak etməsi, həm də KTMT-də sədrlik etməsi bir dövlətin xarici siyasətinin iflasıdır. Bütün bunların hesabatını veriləcək günlər yaxınlaşmaqdadır. Ona görə də erməni diplomatları öz "düşüncələrində" guya çox vektorlu "siyasət" aparmaqla vəziyyəti idarə edəcəklərini düşünürlər. Ancaq yanılırlar”.
Sədr müavini onu da qeyd etdi ki, zaman Ermənistanın əleyhinə işləyir.