Azərbaycanda velosipedi təzədən kəşf etməyə ehtiyac yoxdur. Bütün sahələrdə və bütün mənalarda. 19-cu əsrdə Qərb ölkələrində baş verən sosial-iqtisadi dəyişikliklər müasir məzmundakı siyasi partiyaları üzə çıxardı. Cəmiyyətin müəyyən bir hissəsinin “siyasi partiya” sayıla bilməsi üçün özündə dörd əsas xüsusiyyət daşıması lazımdır:
1) Liderlərinin fiziki ömrü ilə məhdudlaşmayan davamlı bir təşkilat;
2) Təşkilatın yerli səviyyələrdə də fəaliyyət göstərməsi və yerli səviyyədə fəaliyyət göstərən özəklərin mərkəzi aparatla nizamlı əlaqələrə malik olması;
3) Təkbaşına və ya digər partiyalarla birlikdə iqtidara gəlmək üçün sistemli fəaliyyət göstərilməsi;
4) Xalqın dəstəyinin qazanılması üçün kommunikasiya qurulması
Bu gün ölkəmizdə Müstəqil Azərbaycan Partiyası adlı bir siyasi təşkilatın varlığını kim hiss edir? Ədliyyə Nazirliyinin qeydiyyat sistemində mövcuddur, ya deyil, bu, əhəmiyyətsizdir. Ancaq nə yerli, nə də mərkəzi səviyyədə belə bir partiya yoxdur, iqtidar uğrunda mübarizədə iştirak etmir, xalqla kommunikasiyaya malik deyil. Ancaq bu partiyanın gələcək qurucusu (1993-cü ildə rəsmən qeydə alınmışdı) Nizami Süleymanov Azərbaycan Ziyalılarının Demokratik İttifaqının namizədi kimi 1992-ci ildəki prezident seçkilərində iştirak etmiş, populist vədlərlə xalqdan önəmli ölçüdə - 33,8 % dəstək almış, hətta bir sıra dairələrdə AXC kimi mütəşəkkil bir təşkilatın namizədi olan Əbülfəz Elçibəydən önə keçmişdi. Həmin seçkilərdən sonra MAP rəsmən ana müxalifət missiyası daşımalı idi. Daşıya bilmədi. Çünki populist Süleymanovun partiyası “eyni siyasi doktrinaya inanan insanlar toplusu” deyildi, əslində, ortada heç siyasi doktrina da yox idi. MAP cəmiyyətdəki sosial qruplardan birinin strukturlaşması ilə meydana çıxmamışdı, mənfəətlərin birləşməsindən doğmamışdı. Nəticədə Elçibəy iqtidarının müxalifəti AMİP oldu, AXC hərbi-siyasi böhranla üzləşdikdə isə, hakimiyyəti heç də özünü “müxalifət” elan etməmiş YAP-ın qurucu lideri Heydər Əliyev götürdü. Nizami Süleymanovun aqibəti də məlumdur: o, “ixtira elədiyi”, praktiki olaraq heç bir effekti olmayan filtrlərin satışı ilə məşğul oldu, ANS-in “Qulp” verilişində Mübariz Əsgərovun doladığı “ekspertlər”dən birinə çevrildi. Daha sonra, səhv etmiriksə, 2016-cı ildə vəfat etdi və özü ilə birgə partiyası da gömüldü.
Etibar Məmmədov Azərbaycan xalq hərəkatının ən populyar simalarından biri olaraq tarixin gedişatını doğru qiymətləndirmiş, müstəqillik dövründə ölkənin ilk siyasi partiyasını qurmuş, istər ideoloji, istərsə də kadrlar baxımından ciddi bir siyasi təsisat formalaşdırmışdı. Bir zamanlar AMİP əsl siyasi partiya idi. Bu partiyada gerçəkdən sanballı isimlər vardı. Ancaq Azərbaycanın dövlət təşkilatı möhkəmləndikcə, özəlləşdirmə, kapital yığımı və bölgüsü sürətləndikcə, AMİP-in əsas dayağı olan direktorlar korpusu prosesdən qıraqda qalmamaq üçün Etibar Məmmədovu tərk etdi, partiyanın intellektual kadrlarına isə YAP öz sıralarında və dövlət görəvlərində “yaşıl işıq” yandırdı. 2003-cü ildəki prezident seçkilərində Etibar Məmmmədov Heydər Əliyevsiz YAP-a da qalib gəlməyin mümkün olmadığını anlayandan sonra aktiv siyasəti tərk etdi, partiyada “fəxri lider” statusunu saxlayaraq hakimiyyət uğrunda mübarizədən çəkildi. Etibar Məmmədovun aktiv siyasətdən çəkilməsi partiyanın tabanın iradəsi və bu tabanın ondan daha uğurlu bir siyasi lider kəşf etməsi deyildi, tamamilə AMİP sədrinin uğursuz siyasi macəralarda şəxsiyyətinin xırdalanmasına imkan verməmək üçün fərdi qərarı idi. Əgər xarizmatik bir lider siyasi səhnəni və partiyadakı postunu tərk edirsə, sosial baza ondan daha uğurlu ola biləcəyinə inandığı lider kəşf etməyibsə, meydana “siyasi patsan”ların çıxması qaçılmazdır. Bu “siyasi patsan” isə Əli Əliyevdən bir başqası olmadı. Çox az bir müddətdən sonra nəinki AMİP-in və Azərbaycandakı siyasi partiyaların tarixində, zənnimizcə, bütün dünyada bir ilk yaşandı. Keçmiş həyat yoldaşı milli istiqlalçılara məktubla müraciət edərək Əli Əliyevin şəxsiyyəti, daha doğrusu, şəxsiyyətsizliyi ilə bağlı (məktubda çox sərt ifadələr işlənir, oxuculara hörmət əlaməti olaraq təkrar etmirik) geniş məlumat verdi və onun AMİP-dən qovulmasını xahiş etdi. Beləliklə, Əli Əliyev dünyada partiyasından qovulan ilk sədr oldu. Üstəlik, partiyanın tarixi haqqında çəkilən sənədli filmdə Əli Əliyev AMİP-in keçmişindən silindi və onun sədr olmasından utanc duyduqlarını milli istiqlalçılar həmin vaxtın üstündən sükutla keçərək nümayiş etdirdilər. O, əvvəlcə AMİP adına iddia etdi, daha sonra “Vətəndaş və İnkişaf Partiyası” adlı siyasi təşkilat “yaratdı”. Yeni təşkilata və onun sədrinə İsa Qəmbər və müsavatçılar heç zaman əhəmiyyət vermədilər. Elçibəydən sonra dəfələrlə bölünmüş AXCP isə müttəfiq axtarışında Əli Əliyevə qısa müddətli xoş münasibət qurdular, lakin az sonra onun saxtakarlığına göz yuma bilmədilər. Hər yerdən qovulan “dovşan həkimi”- Əli Əliyevin ixtisasıdır- xeyli vaxt Azərbaycan siyasi arenasında autsayderlər cərgəsində qaldı. Ta o zamana qədər ki, “Youtube” kanallarında siyasi yayımlar dəbə mindi, “clickbait”lə auditoriya toplamaq üçün təzə bir boşboğaz, Nizami Süleymanovun yenilənmiş versiyası lazım oldu.
“Vətəndaş və İnkişaf” bir partiya, Əli Əliyev isə lider deyil. Onun hakimiyyət uğrunda mübarizə aparmaq üçün heç bir resursu, o cümlədən fərdi intellektual potensialı və liderlik keyfiyyətləri yoxdur. Əli Əliyev Azərbaycan cəmiyyətində nə sosial differensasiyanın yaratdığı təbəqələri təmsil edir, nə də alternativ siyasət istehsalçısıdır. O, sadəcə, peşəkar siyasət üçün kübarlıqdan, nəzakətdən, etikadan, abır-həyadan məhrum “tin uşağı”dır. Əli Əliyev hər gün “youtube”dəki tinlərindən birində, bəzən bir neçəsində dayanır, qarşısına çıxana sataşır, necə deyərlər, yetənə yetir, yetməyənə də bir daş atır. Amma bu ağlı dayazın bilmədiyi və anlamadığı bir şey var: tarixdə daş dövrü daşların bitdiyi üçün deyil, yanaşmaların və məntiqin dəyişdiyi üçün geridə qalıb. Azərbaycanın gerçək siyasi gündəmi və cəmiyyətin ortaq zəkası yeni Nizami Süleymanovu əsla qəbul etmir, edə bilməz. Elə bu səbəbdən də Əli Əliyev istənilən səviyyəli seçkidə nəinki 33, heç 0,33 faiz də səs ala bilməz. Xülasə, Əli Əliyevin əli də Azərbaycanda həmişə ətəyindən uzun qalacaq. Yutubda bir qarış uzanan, amma el içində gödək olan dilindən fərqli olaraq... Aznevs.az
Millət