Prezident İlham Əliyev bu gün kənd təsərrüfatı sektorunun inkişafına təkan verəcəyi gözlənilən çox mühüm fərmana imza atıb. “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsinə dair Fərman” adlanan bu sənədlə müvafiq torpaq sahələrinin icarəyə verilməsi KTN-ə həvalə olunub. Bu isə o deməkdir ki, növbəti biçin müddətinə qədər Qarabağ torpağı da canlanacaq və fermerlərin istifadəsinə veriləcək.
Əslində Prezidentin bu cür mühüm fərmanı imzalanması çoxdan gözlənilirdi. Ərazilərimiz işğaldan ona görə azad olunmamışdı ki, istifadəsiz qalsın, əkilib, becərilməsin. Görünür, bu fərmanın 44 günlük savaşdan 6 ay keçdikdən sonra imzalanması təhlükəsizlik tədbirlərinin artırılması ilə əlaqədardı və artıq belə bir problem qalmadığından ərazilərin fermerlərə verilməsi məsləhət bilinib.
Bəs, bu ərazilərin fermerlərin istifadəsinə verilməsinin aqrar sektorumuza nə qazandıra bilər?
Zənnimcə, çox şey. Belə ki, işğaldan azad etdiyi ərazilər əkinə yararlı, münbit torpaqlardır. Həmin ərazilərin kənd təsərrüfatı sektoruna qazandırılması ilk növbədə ölkəmizin ərzaq məhsulları ilə təchizatına ciddi dəstək ola bilər.
Statistik məlumatına görə, “DQR” adlı qondarma qurumun şumluq torpaqlarının 90%-i işğaldan azad olunmuş ərazilərinin payına düşür. Təsadüfi deyil ki, separatçılar bu ərazilərdə yetişdirdikləri taxılla özlərini təmin etməklə qalmır, həm də məhsullarının 3/2-ni Ermənistana satırdılar. Ümumilikdə götürəndə Ermənistanın illik taxıl tələbatının 25%-i Qarabağdan tədarük olunurdu, bu da ciddi rəqəmdir. Bundan sonra həmin ərazilərin Azərbaycan fermerləri tərəfindən becərilməsi, təbii ki, bizim kənd təsərrüfatı sektorunun inkişafına təkan verəcək.
Təbii ki, bütün bunlar yalnız taxılçılıq sahəsi ilə bağlı dediklərimdir. Dağlıq Qarabağ həm də bağçılıq, xüsusilə üzümçülük sahəsində olduqca əhəmiyyətli bölgələrimizdən sayılır. 1980-ci illərin sonlarının statistikasına nəzər salanda həmin illərdə Azərbaycanda 267 min hektar ərazidə üzüm əkildiyini görə bilərik. Onun hardasa 50 min hektarı Dağlıq Qarabağın payına düşürdü. Bu da öz növbəsində üzümçülüyün digər yan sektorları inkişaf etdirirdi. Məsələn, şərabçılığı. O dövrlərdə Azərbaycanda irili-xırdalı 181 şərab zavodu fəaliyyət göstərir və ildə 1.8 milyon tona yaxın şərab çəkilirdi. 1980-ci illərdə ildə 2.1 milyon ton üzüm yığımdığını nəzərə alsaq, bu onu göstərir ki, tarlalardan dərilən üzümlərin 80%-ə yaxını emal olunurdu. Əsasən isə Rusiya bazarına göndərilirdi. 300 mindən çox insanın işlədiyi üzümçülük sektorunun yenidən o dövrün səviyyələrinə qaldırsaq, bu, əlbəttə, bizə külli miqdarda xarici kapital gətirə bilər.
Təəssüf ki, sovet hakimiyyəti dağıldıqdan sonra həmin üzüm sahələrinin böyük qismi ya işğal altında qaldı, ya da döyüşlər nəticəsində sıradan çıxdı, becərilməz hala gəldi. Torpaqlarımızın işğaldan azad olunmasından sonra fermerlərimizin qarşısında həmin potensialımızı yenidən işə salmaq vəzifəsi dayanır.
Dağlıq Qarabağ həm də ciddi su ehtiyatına malik bölgədir. Bir çox mütəxəssislərin fikrincə, Azərbaycanın su ehtiyatı orta hesabla 30 kubkilometrdir. Bunun 20 kubkilometri xarici qaynaqların payına düşür, 10 kubkilometri isə öz sərhədlərimiz daxilində formalaşır. Qarabağın su ehtiyatı da daxili potensialımıza aiddir. İşğaldan azad olunan ərazilərimizdəki çaylarda, göllərdə toplanan suyun ümumi həcmi təxminən 780 milyon kubmetrə bərabərdir. Bu isə yerli su ehtiyatlarımızın 25 faizinə qədərini təşkil edir. Üstəlik, Dağlıq Qarabağ yeraltı sularla da zəngindir və həmin suların kənd təsərrüfatına qazandırılması Azərbaycanın su sarıdan problemlərini böyük ölçüdə azaldacaq.
Ən əsası isə Dağlıq Qarabağ əraziləri sulaq yerlər olduğundan və yağmur miqdarı buxarlanma nisbətini üstələdiyindən oraların suvarılmasına o qədər də ehtiyac duyulmur. Bu da digər ərazilərimiz suvarılması üçün xeyli miqdarda su əldə etməyimizə şərait yaradacaq.
Bilirsiniz ki, Dağlıq Qarabağdakı Sərsəng su anbarı sovet hakimiyyəti illərində qonşu Aran rayonlarının su ilə təchiz edilməsi üçün yaradılmışdı. Dağlıq Qarabağ işğal olunandan sonra, təəssüf ki, bu potensialımızdan yararlana bilmədik. Quraqlıq dövründə ermənilər ehtiyacları olmadığı halda suyumuzu kəsir, su bolluğu yaşanan zamanlarda isə bəndlərin ağzını açıb bizim təsərrüfatları suya verirdilər. Azərbaycan ordusunun gücü sayəsində, yəqin ki, fermerlərimiz bu kabusdan da xilas olacaqlar.
Eskpert onu da vurğulayırlar ki, işğal dövründə Tərtərçay, Həkəriçay, Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olmuşduq, bu da əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegitasiya dövründə çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar. İndi isə bu problemlərin də qarşısı alınacaq”.
Prezidentin bu gün imzaladığı fərman işğaldan azad olunmuş ərazilərdəki aqrar sektor üçün yararlı torpaqların minalardan təmizləndiyini və əkib-becərilməsi üçün uyğun hala gətirildiyini göstərir. Halbuki bir çoxları düşünürdülər ki, Azərbaycanda bu ərazilərin minalardan təmizlənməsi prosesi uzun illər davam edəcək. Düzdür, hələ də Qarabağdan minaya düşüb həyatını itirənlərin qara xəbərləri gəlir. Amma bugünkü fərman torpaqlarımızın böyük ölçüdə minadan təmizləndiyinə işarədir.
Mürvət Həsənli