1986-cı ilin dekabrındakı Almatı qırğını da, 1990-cı ilin Yanvar qətliamı və onların ardınca baş verən daxili repressiyalar "Sovet İttifaqı" adlı imperiyanın çökməsinə ən güclü təkan verən hadisələrdən oldu. Bəs bu il yanvarın əvvəlindəki Qazaxıstandakı qanlı olaylar və ardınca davam edən repressiyalar faktiki olaraq Moskvanın patronajlığı alıtında fəaliyyət göstərən MDB-nin parçalanmasına təkan verə bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında 20 Yanvar qətliamından sonra Moskva tərəfindən Xalq Cəbhəsinin fəalı kimi həbs edilmiş AMİP lideri Etibar Məmmədov bunları söyləyib.
“Məsələ ondan ibarətdir ki, son Qazaxıstan olayları MDB-yə, xüsusən Kremlin rəhbərlik etdiyi KTMT kimi hərbi struktura üzv dövlətlərin dayanıqlığının zəif olmasını göstərdi. Yəni belə oliqarxik sistemlər, avtoritar idarəçiliyə malik quruluşlar çox kövrək olur və bu cür sistem və quruluşa malik ölkələrdə proseslər kiçik bir qığılcımdan dövlətlərin çökməsinədək gedə bilər. Və ona görə də həmin dövlətlərin rəhbərləri Qazaxıstan olaylarından nəticə çıxarmalıdırlar ki, bu cür qeyri-dayanıqlı ölkələrin birliyinin özü də dayanıqlı ola bilməz. O da aydın olur ki, bu dövlətlərin əksəriyyətini birləşdirən heç bir ümumi maraq yoxdur, onları yalnız keçmiş Rusiya imperiyasının maraqlarına uyğun olaraq birləşdiriblər. Və Rusiya rəhbərliyi də çalışır ki, sözügedən dövlətlərin hamısı məhz bu imperiyanın maraqlarına xidmət etsin. Ona görə də yaxşı ki, Azərbaycan Rusiyanın komandanlığıyla olan KTMT hərbi strukturunda iştirak etmir”-deyə partiya lideri vurğulayıb.Moderator