“Dairə seçki Komissiyalarının yenidən formalaşdırılması ədalətsiz və qeyri-şəffaf şəkildə həyata keçirildi...”- İDDİA
“Necə ola bilər ki, 250 dairə seçki komissiyalarındakı katib yerlərindən heç birinə AMİP-in irəli sürdüyü təmsilçi düşməsin...”
“Dairə seçki Komissiyalarının yenidən formalaşdırılması ciddi qanun pozuntuları ilə, ədalətsiz və qeyri-şəffaf şəkildə həyata keçirildi. Seçki qanunvericiliyinə uyğun olaraq Komissiya üzvləri təsdiq olunarkən deputatları Milli Məclisdə azlıq təşkil edən komissiya üzvləri tərəfindən təqdim edilməlidir. Həmin üç nəfərin də təmsilçiliyi azlıqda olan partiyalar arasında balans qorunmalıdır. İndiki formalaşan tərkibdə isə qanunun bu tələbi kobud şəkildə pozulub. Bəzi azlıq partiyalara Dairə Seçki Komissiyalarına daha çox yer verilirib, AMİP-ə 125 dairədən cəmi 11 seçki dairəsi verilib ki, bu dairələrin də heç birində bu partiyanın namizədlərindən katib salınmayıb. Halbuki dairə seçki komissiyasının sədrləri və iki katibi ilk iclasda üzvlərin gizli səs verməsi ilə seçilir”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri liderinin köməkçisi Əli Orucov söyləyib.
“Digər pozuntu isə ondan ibarətdir ki, Dairə Seçki Komissiyalarında təmsil olan üzvlərin namizədlikləri irəli sürülən partiyalar və ya bitərəflər barədə də məlumat verilmir. Şəffaflıq və aşkarlıq prinsiplərinə də əməl edilməyib. Bəzi məlumatlara görə, hətta dairələrdə katib yerlərinin peşkəş edilməsi halları da olub. Təbii ki, bütün bunların hamısı araşdırılaraq siyasi və hüquqi qiymətini almalıdır. Necə ola bilər ki, 250 dairə seçki komissiyalarındakı katib yerlərindən heç birinə AMİP-in irəli sürdüyü təmsilçi düşməsin. Seçki Məcəlləsinin tələblərinə görə ölkə üzrə 125 dairə seçki komissiyalarının hamısı buraxılaraq yenidən formalaşması nəzərdə tutulsa da, cəmi 49 seçki dairəsində tərkib yenilənib. Bunu MSK rəsmisi də publik olaraq bəyan edib. Hesab edirəm ki, prosesi bu cür qanunsuz, özbaşına, ciddi pozuntularla aparan MSK izahat verməli və aydınlıq gətirməlidir”,- deyə davamında Əli Orucov vurğulayıb.