Dövləti, ölkəni və xalqı tanıtdırmanın və tanımağın əsasları – Ikinci yazı


İkinci yazı

Dünyada, beynəlxalq aləmdə iştirak etmək hər bir xalqın, şəxsin və onu təmisil edən hər bir dövlətin haqqıdır. Dünyanın hüquq və siyasət məzmunlu tərkibi də məhz hüquqdan meydana gəlir. Dövlətin hüququ onun fəaliyyət tərkibi ilə yaranır və maraqlarının təminatına istiqamətlənir.

Beynəlxalq hüquq (buna millətlərarası, dövlətlərarası, bundan irəli gələrək, dövlətlərlə təşkilatlararası, təşkilatlarla təşkilatlararası hüquq da demək olur) dövlətlərin və onların yaratdıqları, üzv olduqları təşkilatların hüquqi normalarının sistemindən ibarət olan regional və qlobal miqyaslı, universal (hər bir subyektə aid olan prinsip və qaydalar) və fərdi xassəli (iki dövlətə və təşkilata aid olan prinsip və qaydalar-bu qaydalar universal prinsip və qaydalarla ziddiyyət təşkil edə bilməz) bir müstəvidir, universal və məxsusi prinsipləri özündə ehtiva edən normalar cəmidir, hüquqi-siyasi konsepsiyadır.

Hüquq (aktlar, hadisələr üçün ixtiyar, səlahiyyət, vəzifə, öhdəlik elementlərinin vəhdətindən meydana gələn hal) siyasətə, dövlət və hökumət aktlarına haqq verir. Hüquq vasitəsilə (normalarla) siyasət aktları yerinə yetirilir. Beynəlxalq hüququn və beynəlxalq siyasətin, eləcə də dünya siyasətinin əsas subyektləri, tərəfləri olan dövlətlər həm də beynəlxalq vəzifə və öhdəliyi olan beynəlxalq hüquqi tərəflərdir. Çünki hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Dünyanın siyasət və hüquq normaları sistemi məhz dövlət siyasəti ilə müəyyyən olunur. Dövlətlər siyasət subyektləri olaraq dünyada (milli və beynəlxalq səviyyədə) öz fəaliyyətlərini hüquqi aktlarla təmin edirlər. Hüquqi aktlar, milli və beynəlxalq sənədlər dövlətlərin milli və beynəlxalq siyasətlərinin əsas istiqamətlərini müəyyən edir. Hüquq vasitəsilə daxildə və beynəlxalq aləmdə siyasət sistemi formalaşır. Dövlətin beynəlxalq hüququ onun kosntruksiyasından, konstitusiyasından meydana gəlir. Siyasət sisteminin əsas xətlərini məhz hüquqi fəaliyyət təşkil edir. Hüquq subyekti olmaq milli və beynəlxalq səviyyədə səlahiyyətli tərəf olmaqdan ibarətdir.

Dövlətlər univresal siyasət qurumlarıdır. Bu baxımdan da bir-biriləri ilə əlaqələr və münasibətlər qurmaq səlahiyyətlərinə sahibdirlər. Dövlətlər bu səlahiyyətləri bir-biriləri üçün qarşılıqlı tanınma yolu ilə tanıyıblar. Dövlətlər bir-birilərini tanıyır, səlahiyyətli, hüquqi tərəf kimi qəbul edir və hüquq-siyasət prizmasından çıxış edərək tanıtma, tanıtdırma aktını həyata keçirirlər. Qarşılıqlı siyasi-hüquqi aktlar sayəsində beynəlxalq sistem formalaşır. Tanıtma, tanıtdırma müəyyən müstəvidə, müəyyən obyektlərdə qəbul etmə və qəbul etdirmə kimi aktlardan ibarətdir. Tanıtma və tanıtdırma hadisələri əks etdirmədən ibarət olur.

Beynəlxalq münasibətlər müstəvisində geosiyasi şərait, münasibətlər və əlaqələr sistemi daima dəyişən xüsusiyyətlərə malik olur. Maraqlar uğrunda həyata keçən mübarizə və müharibə dünyanın nüfuz dairələrinə bölünməsini şərtləndirir. Məsələn, XX əsrin böyük dövlətlər mübarizəsi Koreyanın iki müstəqil subyektə çevrilməsinə səbəb olmuşdur. Dəyişən şəraitdə münasibətlər sisteminin elementləri tərkibini müəyyən qədər yeniləyir və bu baxımdan da dövlət sərhədləri dəyişikliyə məruz qalır. Meydana çıxan yeni geosiyasi şərait dövlətlərin yeni aktlarını zəruri edir və bu baxımdan da yeni məzmunlu beynəlxalq razılaşmalar meydana gəlir. Bu baxımdan sosialist blokunun çökməsi və yeni müstəqil dövlətlərin meydana gəlməsi önəmli rola malikdir.

Beynəlxalq münasibətlərdə tanıma və tanıtma da yeni tələblər, yeni geosiyasi şərait üzərində formalaşır. Məsələn, faşist Almaniyasının 1939-cu ildə Polşaya hücumu sayəsində yeni geosiyasi şərait yaranmış və Polşanın mühacir hökuməti əvvəlcə Fransada, sonra isə Böyük Britaniyada məskunlaşmışdır. Bununla bərabər, General Şarl De Qolun başçılığı ilə Fransa "Azadlıq Hərəkatı” formalaşmışdır. Bu hərəkat Böyük Britaniya tərəfindən bir siyasi və hərbi tərəf kimi qəbul olunurdu.

Dövlətlər, xalqlar imperiya və postimperiya, mövcudluq və məğlubiyyət dövrünü yaşayırlar. Bu baxımdan da geosiyasi şəraitə müvafiq olaraq tanınma, yenidən tanımma meydana gəlir. Bu hallara misal olaraq Osmanlı imperiyasının, Böyük Britaniya, Fransa və Sovet imperiyasının dağılmasını və yeni geosiyasi fonda müstəqil dövlətlərin meydana gəlməsini və müstəqil dövlətlərin tanınması (de-yure) hallarını nümunə göstərmək olar. Tanınma rəvan, stabil və eləcə də çətin şəraitdə ortaya çıxan bir proses kimi xarakterizə oluna bilir.

Tarixən tanınma prosesi dövlətlər tərəfindən birtərəfli olaraq həyata keçirilib, eləcə də konfranslarda, konqreslərdə, həmçinin digər beynəlxalq yığıncaqlarda müəyyən olunub. Məsələn, Paris sülh konfransında (1919-cu il) Azərbaycanın və Gürcüstanın müstəqilliyi İngiltərə tərəfindən (I Dünya müharibəsində qalib müttəfiq dövlət idi) de-fakto tanınıb. Bundan sonra Azərbaycan hökuməti ayrı-ayrı ölkələrdə konsulluqlar və digər diplomatik nümayəndəliklərin təsisi haqqında qərar qəbul edib. Paris sülh konfransında Almaniya məğlub tərəf olmaqla Polşanın müstəqilliyini tanıyıb.

Beynəlxalq səviyyədə hüquqi-siyasi tanıma dövlətlərin bəyanatından, qəbul etdikləri qərarlardan (fərdi olaraq və təşkilat formasında) ibarətdir. Tanıma ilə dövlət obyektini özünə yaxın edir və hüquqi-siyasi subyektə çevrilmiş tərəflə (dövlətlə, hökümətlə, mühacir hökuməti ilə, qiyamçı tərəflə) əlaqələri yaradır. Tanınma bir proses kimi münasibətdən, mövqedən başlayır, əlaqələrlə (məsələn, diplomatik əlaqələrlə) yekunlaşır. Beynəlxalq aləmdə tanınma dövlətlər və hökümətlər arasındakı əlaqə və münasibətlərdə inteqrasiya məzmunlu əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini müəyyən edir. Bu prinsiplərlə qurulan əlaqələr regional və qeyri-regional sistemlərin, strukturların yaranmasını təmin edir. Diplomatik tanınma sonrakı addımlar üçün baza rolunu oynayır və müqavilələr üçün tərəflərə haqlar verir.

Siyasi-hüquqi və nəticə etibarilə rəvan, stabil, normal, uyğun, digər tərəflərin milli və beynəlxalq maraqlarına zərbə vurmadan, status-kvoya qayıtmadan, qarşılıqlı şəkildə razılıqlı olaraq (məsələn, dövlətin yumşaq və razılaşmış formada, başqalarına zərərlər vurmadan parçalanması ilə nəticələnən yeni dövlətlərin yaranması halı ), beynəlxalq regional və qlobal təhlükəsizliyə zərər vurmadan (məsələn, beynəlxalq terror təşkilatının başqa bir dövlət ərazisində bəyan etdiyi qondarma qurumu müstəqil dövlət kimi tanımaq özü elə onu tanıyanlar üçün təhdiddir), beynəlxalq hüququ kobud şəkildə pozmamaqla, nəticələnən tanınma adi beynəlxalq hüquq normaları ilə həyata keçirilən normal bir aktdır. Tanınma beynəlxalq münasibətlərdə sistem yaradan və münasibətləri əlaqələrə keçirən, yəni reallaşdıran və təsdiqləyən və əksər hallarda pozitivliyi özündə əks etdirən bir aktdır. Tanınma ilə dövlətin (tanıyan dövlətin) xarici əlaqələri genişlənmiş olur və sistemdə meydana gələn yeni subyekt hesabına başqa dövlətlərin və xalqların imkanları genişlənmiş mərhələyə qədəm qoyur. Tanınma və əməkdaşlıq resursların istifadə imkanlarını böyüdür. Lakin bununla bərabər, məhdudlaşdırıcı hallar da olur, xarici siyasət istiqamətləri məhdudlaşır. Məsələn, bir və ya da bir neçə tərəfin mənafeyinə uyğun gəlməyən beynəlxalq tanınma ziddiyyətləri yaradır və əlaqələrin soyumasına gətirib çıxarır. Ziddiyyətlər yaradan tanıma halına misal olaraq Kosovonun müstəqilliyinin tanınması zamanı yaranan qruplaşmanı misal göstərmək olar.

Tanıma məcburi akt deyil (müharibədən sonrakı vəziyyətlərdə məcburi ola bilir – məsələn, I Dünya Müharibəsindən sonra təslimçi Almaniyanın məcbur olunması) və dövlətin maraq və iradəsinə söykənir. Tanıma prosesində (xüsusilə, de-fakto tanıma formasında) bir ehtiyatlılıq var. Dövlətlər, xüsusilə, federal dövlətlər, çalışırlar ki, ümumən ərazi bütövlükləri toxunulmasın, siyasi sərhədləri dəyişməz olaraq qalsın. Bu baxımdan da de-fakto tanınma de-yure-yə (rəsmi-siyasi-diplomatik) çevrilə bilmir. Ya da ümumiyyətlə, tanınma aktları həyata keçirilə bilmir.

Ehtiyat olunan elementlərdən biri də ondan ibarətdir ki, adətən, bu proses daha çox etnik qurumların müəyyən siyasi mərhələdə "dövlət” formasında siyasi təşkilatlanmasına yönəlir. Bu da nəticə etibarilə ərazi bütövlüyünün itirilməsi və münaqişə, qeyri-sabitlik, ərazilərdə mərkəzi hakimiyyətin səlahiyyətlərinin məhdudlaşdırılması və sona çatması və mədəni sabitsizliklə, düşmənçilik ilə sonuclanır. Ukrayna, Moldova, Cənubi Qafqaz münaqişələrini və münaqişələrin yaratdığı nəticələri misal göstərmək olar.

Beynəlxalq hüququn müstəqil tərəfi olan (o halda ki, bu dövlət tanıma aktına qədər özü müstəqil siyasi aktordur) və hüquqi baxımdan tanınmış olan bir dövlət müstəqillik qazanmış digər dövləti müəyyən aktla bəyan etməklə müstəqil tərəf kimi tanıyır və hüquqi baxımdan onunla hərtərəfli əlaqələr qurmaq marağını və istəyini bildirir. Özünü bu yöndə hazırlıqlı hesab edir. Ən əsası isə müstəqilliyini bəyan etmiş dövlət forması dövlət standartlarına cavab versin-lazımi strukturlara sahib olsun ("Konstitutiv” nəzəriyyə belə qənaətlə çıxış edir və dövlət tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir), "dövlət” adlanan məfhumun kriteriyalarını özündə əks etdirsin və beynəlxalq hüquqa əsasən, bəyan edilmiş müstəqillik üçüncü, dördüncü və s. tərəfin (dövlətin) müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn digər prinsiplərinə qarşı yönəlməsin). Bu akt müstəqil, suveren hüquqlu bir dövlətin beynəlxalq arenaya müstəqil tərəf kimi can atan dövləti eyni müstəvidə siyasi və hüquqi qurum kimi tanımasını əks etdirən hüquqi sənəddir. Lakin bu hüquqi sənəd başqa dövlətlər tərəfindən qəbul olunmaya bilər. Tanınma fərdi əsaslıdır və bu baxımdan da məcburi xarakterli deyil. Tanınma bu aspektdə həm universal maraqları əks etdirən, həm də regional fərdi milli maraqları özündə ehtiva edən hüquqi-siyasi proseslərdən ibarətdir.

Siyasi tanıtdırma, tanıma hüquqi əsaslı olmaqla yanaşı, həm də yuxarı səviyyəli bir aktdır. Burada ilk növbədə dövlətlərin müstəqil tərəf kimi tanınması aktı əsas götürülür. Çünki dövlət müstəqil hüquqi subyekt kimi beynəlxalq arenaya daxil olur və digər dövlətlər və təşkilatlar tərəfindən hüquqi tərəf kimi qəbul olunur. Bir dövlətin müstəqilliyinin digərləri tərəfindən və BMT tərəfindən tanınması artıq bu dövlətin regional və qlobal miqyaslı siyasətdə hüquqi üzvlüyünü yaratmış və dünya siyasətinin tərkibinə çevirmiş olur.

Müstəqilliyin tanınması leqal tanınmadır ki, bu da tanınan tərəfə siyasi, hüquqi, iqtisadi səlahiyyətlər verilməsi kimi baş düşülə bilər. Düzdür, dövlətlər özləri elə hüquqi səlahiyyətlər yaradırlar, özləri özlərinə haqq verirlər. Lakin sonradan tanınma prosesi sanki, əvvəlkilər tərəfindən hüquqların verilməsi kimi başa düşülə bilər. Buna konstitutiv tanınma deyilir. Məsələn, BMT-nin üzv olmaq BMT tərəfindən dövlətlərə hüquqi səlahiyyətlər verilməsi kimi başa düşülməlidir. BMT dünya siyasətində iştirak üçün (məsələn, humanitar şəraitlərdə, böhranlı vəziyyətlərdə yardımçı tərəf kimi) dövlətlərə haqq vermiş olur. Bu haqq da dövlətlərin müstəqil hüquqi subyektlər kimi sənədlərə qoşulmalarından irəli gəlir. Bu baxımdan da qəbul etmək olar ki, əvvəlki səlahiyyətli və sonrakı səlahiyyətli dövlətlər mövcud olmuş olur. BMT üzvü olan dövlət BMT-nin regionlar üzrə əməliyyatlarında hüquqlar əldə etmiş olur. Eyni zamanda onu tanıyan dövlət ərazisində rezident tərəfə çevrillir.

Beynəlxalq aləmdə tanınma tanınan tərəfə dünya siyasətinin tərkibi olan milli siyasətdə (daha doğrusu, daxili siyasətdə) iştirak haqqı qazandırmış olur. Məsələn, müstəqilliyi tanınmış dövlət beynəlxalq hüquqi normalara və daxili qanunvericiliyə müvafiq olaraq, onu tanıyan tərəflərin daxili məkanında, milli sistemlərində iştirak edə bilmək hüququ əldə edir. Başqa dövlət ərazisində öz təsərrüfat subyektlərini yaradır, elmi və tədris mərkəzlərini təşkil edir (məsələn, orta və ali məktəblərin filiallarının təşkili buna sübutdur), səhiyyə və mədəniyyət mərkəzlərini yaradır, transmilli korporasiyaları (filiallarını) yaradır. Tanınma yeni hüquqi şəxslərin təsisliyini təmin edir. Hökümətlər arasında investisiyaların qorunması və təşviqi haqqında razılaşmalar əldə olunur.

Elmi ədəbiyyatlara əsasən, konstitutiv tanıma və deklarativ tanıma nəzəriyyələri var. Konstitutiv tanıma odur ki, dövlət digər dövlətlər tərəfindən tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir. Burada asılılıq var.

Deklarativ nəzəriyyə isə sadəcə olaraq tərəfin dövlət kimi mövcudluğunu bəyan etməkdən ibarətdir. Tanınma üçün tərəfin lazımi dövlətçilik strukturu mövcud olur. Tanınmada digər dövlətlərdən asılılıq yoxdur.

Tanımanın formaları

Dövlətlərin beynəlxalq aləmdə tanınmasının üç forması mövcuddur: de-facto, de-jure, ad-hoc.

De-facto tanınma tam siyasi-diplomatik tanınma kimi xarakterizə olunmur. Dövlətlər bu tanınmanı uzun ömürlü hesab etmirlər. Yalnız konsulluq səviyyəsində əlaqələr qururlar.

De-jure tanınma isə tam formalı hüquqi-siyasi tanınmadır. Dövlətlər digər dövlətləri, hökumətləri rəsmən tanıyırlar və tərəflərlə hüquqi-siyasi-diplomatik əlaqələrin qurulmasını bəyan edirlər.

Ad-hoc tanınma isə yalnız konkret məsələlərin həllində bir-birilə rəsmi əlaqələrin zərurəti zamanı bir dəfə üçün ortaya çıxan bir hal olur.

Tanımanın növləri

Tanınmanın növlərinə aiddir: dövlətin tanınması; hökümətin tanınması; milli-azadlıq hərəkatının tanınması; mühacir hökümətinin tanınması; döyüşən tərəfin tanınması.

Beynəlxalq aləmdə hadisələrin, aktların tanınması və qəbul edilməsi halları da mövcuddur. Məsələn, soyqırım hadisələrinin dövlətlər və hökümətlər, qanunverici qurumlar (mərkəzi və yerli) tərəfindən tanınması halı mövcuddur.

Beynəlxalq koalisiyanın aktlarının tanınması halları mövcuddur. Məsələn, Əfqanıstanda sülhməramlı koalisiya qüvvələri, Suriyada koalisiya qüvvələri iştirak edir. Koalisiyada iştirak edən dövlətlər əməliyyatlara qoşulmaq üçün müvafiq qərarlar qəbul edirlər. Digər dövlətlər (iştirak etməyən dövlətlər) isə dövlət başçıları və hökümətlər səviyyəsində koalisiyanın fəaliyyətinə münaaibət bildirirlər. Buradan da hərbi əməliyyatların tanınması halları baş verir.

(Ardı var)

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq