Prezident İlham Əliyev ötən gün minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, ölkə başçısı bundan əvvəl, mart ayında minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncam imzalamışdı. Ümumiyyətlə, 2018-ci il prezident seçkilərindən sonra bir sıra islahatlar həyata keçirilib. Nazirlər Kabinetinin tərkibi əsaslı şəkildə dəyişdirilib, bir sıra büdcə təşkilatları ləğv edilib, bəziləri birləşdirilib, problemli kreditlərin həlli ilə bağlı mühüm addımlar atılıb, qaz limitinə yenidən baxılıb.
Maraqlıdır, minimum əməkhaqqının artırılmasını islahatların davamı hesab etmək olarmı? Siyasilər nə düşünür?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun əməkhaqqı, pensiya, müavinətlərin artırılmasına münasibəti fərqlidir:
"İslahatlar fərqli şeydir. Bunlar isə əslində hökumətin etməli olduqlarıdır ki, indi edir. Azərbaycan Konstitusiyasının müvafiq maddəsində göstərilir ki, hökumətin ali məqsədi vətəndaşın rifah halını yüksək tutmaqdır. Əməkhaqqının artırılması hökumətin konstitutsion vəzifəsidir, islahatlara isə aidiyyatı yoxdur. Amma bu artımları təqdirəlayiq hesab edirəm. Çünki vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması hər birimizin istəyidir. Bizim də partiya olaraq əsas məqsədlərimizdən biri də budur”. /Cebhe.info/