Əməli fəaliyyət ortaya qoyulmalıdır

Elşən Mustafayev: "Avropa İttifaqı, ATƏT-in qəbul etdikləri qərarların icra mexanizmlərinin həyata keçirilməsi baxımından bu, yeni proqram sayıla bilər”

Avropa İttifaqı (Aİ) Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir. Bu barədə Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında deyilir.

Sənəddə bildirilir ki, Aİ 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bu yana insan itkilərinin 2016-cı ildə ən yüksək həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişənin qarşısını almaq tədbirləri ilə bağı proqramı dəstəkləyir.

Daha bir Avropa təsisatının Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin qarşısının alınması üçün xüsusi proqramı dəstəkləməsi hansı anlamı daşıyır? Avropanın bu proqramı özündə nələri ehtiva edə bilər?

AMİP Katibi  Elşən Mustafayev qəzetimizə bildirdi ki, son iki ay ərzində Avropa institutları tərəfindən qəbul olunan qərarlar ciddi müzakirə mövzusuna çevrilib: "Qabaqlar Avropa təsisatları bir qədər neytral mövqə ortaya qoyurdular ki, bu da münaqişənin uzanmasına gətirib çıxarırdı. Qəbul olunan son sənədlərdə xüsusilə diqqəti çəkən Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Avropa ölkələrinin çoxu ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Ancaq belə bir sənədin Avropa İttifaqı və digər mötəbər qurumlar tərəfindən qəbul edilməsi tamamilə fərqli effekt verir. Avropa Xarici Əməliyyatlar Xidmətinin də bu sıraya qoşulması normaldır. Göründüyü kimi, onların yaydığı bəyanatda münaqişənin nizama salınması üçün proqramın dəstəkləndiyi bildirilir. Mənə elə gəlir ki, burada söhbət Avropa təsisatlarının birgə və koordinasiyalı fəaliyyətindən gedir. Avropa İttifaqı, ATƏT-in qəbul etdikləri qərarların icra mexanizmlərinin həyata keçirilməsi baxımından bu, yeni proqram sayıla bilər. Azərbaycan tərəfi də qəbul edilən sənədlərin icra mexanizmlərinin olmadığından narahatdır. Dəfələrlə bu narahatlıq rəsmi səviyyələrdə bəyan edilib. Yəqin ki, biz növbəti ildə bu istiqamətdə Avropa institutlarının bir qədər fəallaşmasının şahidi olacağıq. Çünki Azərbaycanın ərazi bütövlüyünün tanınması yalnız sözlə ifadə oluna bilməz. Bunun üçün əməli fəaliyyət ortaya qoyulmalıdır ki, Ermənistan işğaldan əl çəksin. Düşünürəm ki, yeni proqram özündə bunları ehtiva edir”.

Məhəmmədəli QƏRİBLİ