Erməni xisləti burda da özünü büruzə verdi

Əli Orucov: "Ermənistanın İsraildə səfirlik açmaq haqqında qərarının İranda sərt qarşılanması başadüşüləndir”
img
Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır. Bu haqda danışıqlar bir ildir gedir. Ermənistanın Baş naziri Nikol Paşinyan qərarını verib, hətta bu məqsədlə Xarici İşlər nazirini İsrailə də göndərmişdi. Errmənistanla İsrail arasında səfirliyin açılması məqsədilə danışıqların aparıldığı dövrdə İrandan elə bir reaksiya yox idi. İndi isə vəziyyət fərqlidir. Bu arada Tehranın sərt reaksiyaları artır ki, bu da Ermənistan hakimiyyəti üçün gözlənilməz oldu.

Belə ki, İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiya Ermənistanın İsraildə səfirlik açmaq planını qınayıb və rəsmi İrəvanı bu addımı atmamağa çağırıb: "Ermənistanın bu addımı Fələstin xalqının mənafeyi ilə təzaddadır, eləcə də bölgənin təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərəcək”.

İrandan növbəti sərt açıqlama Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amulidən gəlib. Nikol Paşinyanın İsraildə səfirlik açmaq istəyini təhlükəli adlandıran Amuli İrəvanın bu addımının İranın maraqlarına zidd olduğunu bildirib.

İranın JAVAN agentliyinin yazısında isə daha sərt ifadələr yer alıb: "Ermənistanın İsraildə səfirlik açması o deməkdir ki, İrana düşmən olan dövlət sərhədimizə gəlib çıxıb. Bu, İranın milli təhlükəsizliyinə təhdiddir”.

Belə görünür ki, İran, nəhayət, Ermənistanın riyakarlığının fərqinə varmağa başlayıb. Bəlli olur ki, Ermənistanın İranla münasibətləri səmimi deyil. Vəziyyət İranın əleyhinə dəyişən kimi, bu dövlətə ilk arxa çevirən məhz Ermənistan olacaq.

"Erməni xisləti burda da özünü büruzə verdi”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu, erməni xislətinin necə təhlükəli olmasının göstəricisidir: "Ermənistanın İsraildə səfirlik açmaq haqqında qərarının İranda sərt qarşılanması başadüşüləndir. Çünki rəsmi Tehran Ermənistanın həyati əhəmiyyət daşıyan nəfəsliyi olub və bu ölkəyə hər cür dəstəyini əsirgəməyib. İran olmasaydı, Ermənistan çoxdan ağır böhrana sürüklənərdi və bundan çıxa bilməzdi. Buna baxmayaraq, erməni xisləti burda da özünü büruzə verdi. İrəvan Rusiyaya xəyanət etdiyi kimi, İrana da xəyanət yolunu tutur. Ən ağır və çətin durumlarda müsəlman ölkə olan İran Ermənistana arxa-dayaq durub, təmənnasız dəstək verib. İranın rəsmi dairələrini bu cür qıcıqlandıran da məhz sözügedən amildir. Tehran İrəvanın bu xəyanətini həzm edə bilmir. Lakin İranın bütün cəhdlərinə baxmayaraq, Ermənistan İsraildə səfirliyini açacaq. Çünki dünyanın düzəninin dəyişdiyini hiss edən Ermənistan İran və Rusiya kimi müttəfiqləri ilə müəyyən məsafələr saxlamağa çalışır. Doğrudur, bu, risqli addım olsa da, Ermənistan buna gedəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, İranın Ermənistana dəstəyini tam kəsəcəyini düşünmürəm. Çünki İranın fars-molla rejimi ilə İrəvanın Azərbaycana baxışlarında ortaq mövqelər çoxdur”