Ermənilər gecikib

AŞPA-da "iki erməni məsələsi" Azərbaycanın "ümummilli fürsəti" kimi...

Əli Orucov: "Həmin vaxta kimi bizim mətbuat və diaspor məsələni diqqətdə saxlamalıdır. Ermənilər gecikib"

"Biz həmin qətnamələrin qəbulu üçün beynəlxalq ictimai rəyi və AŞPA-dakı deputatları bu məsələyə kökləməliyik"

Avropa Şurasının Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycanın təklifi ilə Ermənistanın işğalçılıq siyasətini pisləyən iki qətnamə müzakirəyə çıxarılacaq.

Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilir ki, 4 noyabr 2015-ci il tarixində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər və Demokratiya Komitəsi "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi göstərilir.

Eyni zamanda, layihədə Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarı və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək, Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb. Siyasi məsələlər və Demokratiya Komitəsi ilə yanaşı, AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz fəaliyyət nəticəsində yaranmış humanitar və ekoloji böhranla bağlı 23 noyabr 2015-ci il tarixində "Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq, həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi "ekoloji təcavüz" kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırılması tələb edilir. Qeyd olunan hər iki qətnamə layihəsi AŞPA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək sessiyasında qəbul edilməsi üçün müzakirəyə çıxarılacaq. Artıq Ermənistan bu qətnamələrin qəbul olunacağından ciddi ehtiyat edir və bütün gücü ilə prosesin qarşısını almağa çalışır. Azərbaycan tərəfi nə etməlidir ki, ermənilərin hiyləsi baş tutmasın?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan diplomatiyasının iki məsələ üzrə əldə etdiyi üstünlük, təbii ki, erməniləri narahat etməyə bilməzdi: "Çünki qurumun qəbul etdiyi ilk sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması öz əksini tapıb. Avropada açıq etirafla belə bir sənəd qəbul olunmayıb. BMT-nin belə məzmunlu qətnamələri olub. Azərbaycan diplomatiyası hazırda da həmin sənəddən mötəbər dəlil kimi istifadə edir. Ermənilər AŞPA-da qəbul edilən sənədin onlara baş ağrısı gətirəcəyinin fərqindədir. İkinci sənəd də vacibdir. Sərsənglə bağlı ermənilər həm də təbiətdən intiqam almaqla bizi hərtərəfli məhv etmək istəyir. Azərbaycan tərəfinə onlar bu canfəşanlıqla heç nə edə bilməz. Hesab edirəm ki, həmin vaxta kimi bizim mətbuat və diaspor məsələni diqqətdə saxlamalıdır. Ermənilər gecikib. Eyni zamanda, biz həmin qətnamələrin qəbulu üçün beynəlxalq ictimai rəyi və AŞPA- dakı deputatları bu məsələyə kökləməliyik. Hər iki qətnaməyə obyektiv yanaşılsa, haqq bizim tərəfdədir"./Bakı Xəbər/
Məhəmmədəli QƏRİBLİ