Xankəndi mövzusu cəmiyyəti iki yerə bölür. Bir qrup Rusiyanın açıq-aşkar şəkildə Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarına kölgə saldığını, erməniləri himayə etdiyini iddia edir. Bir qrup isə Rusiya sülhməramlılarının Qarabağa gəlməsinin ən optimal variant olduğunu, zamanla Azərbaycan bayrağının Xankəndi və digər yerlərdə dalğalanacağını deyir. Amma tərəflər onu da unudur ki, ermənilərin də istədiyi bu idi zatən...
Politoloq Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, üçtərəfli razılaşmadan dərhal sonra bölgəyə rus sülhməramlıları adı altında hərbi kontingentin yerləşdirilməsi ilk gündən fərqli yanaşmalarla müşahidə olunub: "Şərti olaraq adlandıracağımız birinci tərəf Rusiyanın Gürcüstanda və Moldovada sülhməramlı təcrübəsini əsas gətirərək prosesin ərazi bütövlüyümüzə təhdid olacağını deyirdi. İkinci tərəf isə sülhməramlıların nəticə etibarı ilə bölgədə problemi birdəfəlik həll edəcəyini və Azərbaycanın bu şansdan maksimum istifadə etməli olduğunu bildirirdi. İlk günlər bu fikirlərin hər ikisini müdafiə edənlər kifayət qədər idi. Üçtərəfli imzalanmadan iki aya yaxın vaxt keçib. Bu müddət ərzində baş verən hadisələr birinci tərəfin dediklərinin daha real olduğunu göstərir. Bu gün Xankəndi daxil olmaqla, Dağlıq Qarabağın bir hissəsi hələ də separatçı rejimin nəzarəti altındadır. Rus hərbiçiləri isə orada onların müdafiəçisi və qoruyucusu timsalında özünü aparır. Konfliktin müəllifinin Rusiya olduğu hamıya məlumdur və bunun konkret siyasi və strateji maraqlara xidmət etdiyi də ortada olub. İllərlə istər hakimiyyət, istərsə də müxalifət çevrələrində bunu həmişə acıq deyiblər. Yəni Rusiya könüllü olaraq bu problemin həllində maraqlı olmayacaq. Bir anlıq təsəvvür edin ki, sabah Ermənistan Dağlıq Qarabağa olan bütün iddialarından əl çəkir, hətta separatçı rejim də bununla razılaşır və Azərbaycan qanunları ilə yaşamaq fikrinə gəlirlər. Belə bir halda hər iki tərəf sülməramlıların regiondan çıxmasını tələb etsə belə, müxtəlif üsullarla, bəhanələrlə bu planın həyata keçməsinə imkan verilməyəcək. Bu gün sülhməramlıların hərəkətinə nə qədər don geyindirilsə də onların fəaliyyətləri göz qabağındadır. Missiyanın rəhbəri Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçı rejimin rəhbəri ilə mütəmadi görüşür, tərəflər bir-birilərinə medallar verirlər, humanitar yardım adı altında müxtəlif layihələr hətta keçirirlər, Ermənistanın siyasi və hərbi rəhbərliyinin Laçın ərazisi ilə Xankəndinə səfərlərini təşkil edirlər və s. Yaxud sülməramlılar səlahiyyətlərinə aid olmayan digər işlərlə, o cümlədən Xankəndini və digər yerləri tərk etmiş ermənilərin yenidən geri qaytarılması ilə məşguldurlar, bölgəyə müxtəlif adlar altında razılaşdırılmış saydan daha artıq canlı qüvvə və hərbi texnika gətirilir”.
Ekspertin fikrincə, bütün bunları görə-görə necə demək olar ki, sülməramlılar bölgəyə sülh gətirəcək və problemin həllinə kömək göstərəcəklər. Ona görə də hər şeyi adı ilə acıq demək lazımdır: "Şəxsən mən hesab edirəm ki, işğal olunmuş 20 faiz torpağımızın təxminən 16-17 faizini geri almağımız böyük uğurumuz və qələbəmizdir. 3-4 faiz ətrafinda ərazimizin hələ də nəzarətimizdə olmaması isə işimizin yarımçıq qalmasıdır, amma bugünkü reallıqdır, obyektiv səbəbləri var və bunları aradan qaldırmaq üçün çalışmaq lazımdır. Real situasiyanı xalqa izah etsək, əmin edirəm ki, xalqımız bunu anlayışla qəbul edəcək, ən azı müharibə zamanında olan həmrəyliyi, dəstəyi, hətta ondan da artığını ortaya qoyacaq”.
Politoloqun sözlərinə görə, şübhəsiz ki, müharibədən ağır məğlubiyyətlə çıxan və uzun müddətdir çətin günlərini yaşayan Paşinyan hökuməti Ermənistan rəhbərliyinin Xankəndinə səfərlərini təşkil etməklə Azərbaycanın qələbəsini kölgələməyə, Qarabağın hələ də coğrafi ərazi olduğuna, erməniləri isə hələ də "müstəqillik” nağıllarına inandırmağa çalışır. Bununla çalxalanan cəmiyyəti sakitləşdirmək istəyirlər. Azərbaycan isə bu cür səfərlərin qarşısını almaq üçün ən kəskin addım atmaqdan belə çəkinməməlidir. O addım atılanda Ermənistan hökumətinin hesabladığı plan da puç olacaq. "Yeni Müsavat”