Ermənistan Fransanın bacısıdırsa...

Fransa rəsmisinin Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalaması narazılığa səbəb olub

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəsmisi Azərbaycan ərazisinin işğal altında saxlayan Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalamasına kəskin etiraz gəlməkdədir.

Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib ki, Qarabağ münaqişəsinin həlli yolunun ən optimal variantı danışıqlar deyil. Onun fikrincə, Azərbaycan Ermənistana gücünü göstərməlidir: "Biz dəfələrlə demişik ki, Azərbaycan öz problemlərini, xüsusən də Dağlıq Qarabağ problemini özü həll etməlidir. Xalqın iradəsinə əsaslanıb ərazi bütövlüyümüzü bərpa etməliyik. Doğrudur, bu yolda itkilərin və sıxıntıların olması qaçılmaz olacaqdır. Hökümət bizi müharibə partiyası adlandırdı. lakin üstündən uzun illərin keçməsinə baxmayaraq problemin çözülməsi istıqamətində nəikni heç bir addım atılmadı, əksinə konflik donduruldu ki, bu da hər an müharibənin yenidən başlaması təhlükəsini özündə saxlamaqdadır".

Əli Orucov onu da bildirib ki, Fransanın bir tərəf kimi vasitəçilik missiyasının həyata keçirilməsinə cəlb etmək yanlışdır: "Beynəlxalq Konvensiyalar və hüququ normaları da, eləcə də büynəlxalq təşkilatların işğal faktları ilə bağlı qəbul etdiyi sənədlər imkan verir ki, işğalçılara öz yerlərini göstərək. Amma konfliktin ATƏT Minsq Qrupuna həvalə olunması və bu qurumdan nəsə müsbət nəticələr gözlənilməsi sadəlövlük olardı. Bildiyiniz kimi Fransa Ermənistanın ən yaxın və ən sadiq strateji müttəfiqidir. Sarkozi demişkən cicibacıdırlar. Belə olan halda rəsmi Parisdən gözləntilərmiz nə olmalı idi ki? Fransa ermənilərə açıq dəstək verən ölkədir. Bunu təkcə ordakı erməni faktoru, yaxud da lobiçiliyi ilə bağlamıram. Tarixən Fransada dini və türklərə qarşı ayrı-seçkilik olub. Fransanın nizamlanma prosesinə cəlb edilməsi və orada qalması ən böyük səhvdir".